“Şagirdlərin dərs zamanı qəfil vəfatını sırf məktəblə əlaqələndirmək olmaz”.
araz.az bildirir ki, Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov son zamanlar ard-arda bir neçə şagirdin məktəbdə vəfat etməsi ilə bağlı mətbuatda yayılan məlumatlarla bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, bütün məktəblərdə tibb məntəqələri var:
“Hər hansısa hadisə baş verdikdə onlar vəziyyətə müdaxilə edə bilir. Ölüm xəbərləri qəliz məsələdir. Bu cür xəbərlər vaksinasiya dönəmində olsaydı, bəzi söz-söhbətlər gəzə bilərdi. Məktəblilərin ölüm xəbəri hər zaman, sovet dövründə də rastlaşdığımız hadisələrdəndir. Amma bu məsələlər müasir dövrdə sosial mediada daha çox qabardılır. Elə bədbəxt hadisələr var ki, burada müəyyən faktı məktəblə əlaqələndirmək olar. Məsələn, məktəbin bufetində zəhərlənmə hadisəsi qeydə alınar və nəticədə xoşagəlməz hadisələr baş verər. Bu məsələdə məktəbin adının hallanması gözləniləndir. Baxmayaraq ki, bunlar iaşə xidmətidir və məktəbin tabeliyində deyil. Məktəbdə fəaliyyət göstərən tibb məntəqələri şagirdin vəziyyətindən asılı olaraq ona öz yardımını göstərir və vəziyyət qəlizləşdikdə təcili yardım çağırılır. Lakin şagirdin əvvəlcədən hansısa xəstəliyi varsa, burada gərək valideynlər də diqqətli olmalıdır”.
Endokrinoloq-pediatr Sevda Novruzova isə bildirdi ki, məktəblərdə tibb işçilərinə öncədən problem aşkarlanan zaman düzgün informasiya verilərsə, sonda xoşagəlməz hadisələr yaşanmaz.
“Hər bir məktəbdə həkim və tibb bacısından ibarət tibbi məntəqələr fəaliyyət göstərir ki, bu da şagirdlərin sağlamlığında yaranan problemlərə cavabdeh şəxslər sayılır. Amma hər şeyi də onların üstünə atmaq olmaz. Bəzi hallarda bu cür hadisələr valideynlərin məsuliyyətsizliyindən də irəli gələ bilər.
Pandemiya dövründə məktəblərdə şagirdlərin temperaturu ölçülürdü. Bu metod əslində işə yarayır. Yəni, şagirdin temperaturu yüksək olduğu halda, artıq bu, kəskin respiratur virusun başlanğıcı hesab oluna bilər. Bu zaman valideynə məlumat vermək və yoluxmanın qarşısını almaq üçün şagirdi evə yola salmaq lazımdır.
Hər hansısa xroniki xəstəlik varsa, tibb işçiləri bununla bağlı öncədən məlumatlı olmalıdır”, – deyə həkim bildirdi.
araz.az xəbər portalı.