“Bacım oğlu Ramin İsayevin ağlagəlməz həbsi onu yaxından tanıyanlar arasında şok yaratdı. İbtidai istintaqın gedişi zamanı, özü kimi, biz doğma-yaxınları da, abrımıza qısılıb, susmağa üstünlük verdik. İbtidai istintaqın gedişi zamanı barəsində irəli sürülən ittihamlar təsdiqini tapmadığı üçün, müddətin iki dəfə uzadılması da, bizə ümid verirdi ki, dərin istintaq araşdırması ittihamın əksinə olacaq həqiqət, dəlil və sübutları üzə çıxaracaq. Lakin gözlədiyimiz kimi olmadı. Onun həbsində marağı olanlar vicdan çərçivəsinə sığmayan öz istəkləriylə “qələbə çaldılar”. 16 milyon kredit mənimsəməsi azmış kimi, bu günlərdə tamamlanan araşdırma zamanı Ramin İsayevə Cinayət Məcəlləsinin digər maddəsi ilə əlavə ittiham verilməsinə də nail oldular. Artıq gördük ki, “bu həna o hənadan deyil”. Bu səbəbdən, “səbr kasamız daşıb”. Bundan sonra, daha ciddi addımlar atmağa məcburuq. Raminin özünü də, işdə olan saysız-hesabsız belə qanunsuzluqlar sakit durmamağa təhrik edib. Artıq o da, susmayacağını qəti şəkildə bildirib.
Aidiyyatı qurum rəhbərlərinə müraciətlərim olub. Bəziləri ilə, görüşə də bilmişəm. Əsl həqiqəti çatdırıram onlara və vicdan çərçivəsində hərəkət etmələrini xahiş edirəm. Möhtərəm Prezident İlham Əliyev cənablarına və çox hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da, üz tutmuşam. Bu günlərdə Prezident Administrasiyasında qəbul olundum və qəbul otağında ölkə başçısına çatdıracağım istəklərimin qeydiyyatı da aparıldı. Telefon nömrəmi götürüblər və baş tutacaq görüşlə bağlı zəngi səbirsizliklə gözləyirəm. Ölkə rəhbərinə sözümü çatdıra biləcəyimə tam ümidliyəm!” — deyə, “Araz” Media Qrupunun redaksiyasına gələn Vaqif Şamilov onu da qeyd etdi ki, ötən müddətdə abır-həya anlamı onlara belə bir aqibət yaşadıb. Bundan sonra dinc dayanmayacaq, sərt şəkildə bütün yalan və böhtanların cavabını verəcəklər: “Ramin İsayevin təqsirsiz olduğunu sübut etmək üçün, müdafiə tərəfi ittihamın əksinə toplanmış dəlil və sübutları məhkəmə istintaqı dövründə ortaya qoyacaq. Mütləq və mütləq buna nail olmaqda israrlıyıq. Mən tam əminəm ki, belə bir səs-küylü qanunsuz həbsin necə mümkün olması barədə əsl həqiqətlər nə İlham Əliyevə, nə də Mehriban xanıma tam təfsilatlı ilə çatdırılmayıb. Bu səbəbdən, məhkəmə istintaqının gedişi zamanı, bütün problemlərin ədalət müstəvisində öz həllini tapması üçün, əlimizdən gələni edəcəyik. Axı, ölkə ictimaiyyətinin yaxından tanıdığı bir nüfuz sahibi əleyhinə utanmadan və abır-həya gözləmədən vicdan çərçivəsindən kənar belə iftiraları ortaya çıxaranlar nədən qorxub-çəkinmirlər?!”.
Qeyd edək ki, Qərbi Azərbaycanın Göyçə mahalının Zərkənd kəndindən olan Vaqif Şamilov, 2020-ci ildə 12 il 6 aydan sonra tutduğu “SOCAR – AQŞ” MMC-nin Baş direktoru vəzifəsindən ayrılan, 2023-cü ilin iyul ayında isə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 16 milyonluq kredit mənimsəməsi ittihamı ilə həbs olunan, barəsində açılan cinayət işi üzrə 11 ay davam edən ibtidai istintaqı bu günlərdə başa çatan Ramin İsayevin dayısıdır. Erməni daşnaklarının soydaşlarımıza qarşı törətdikləri məlum hadisələrdən sonra, ailəsi ilə birgə Gəncə şəhərinə pənah gətirib və burada məskunlaşıb. Göyçə mahalının sayılıb-seçilən kişilərindən olan Vaqif müəllim 45 illik pedaqoji fəaliyyətlə məşğul olub. Təqaüddə olmasına baxmayaraq, indinin özündə də, ictimai fəallığı ilə seçilən və sözü keçənlərdəndir. Özünün dediyinə görə, orta məktəbi doğulub, boya-başa çatdığı kənddə bitirib. O vaxtlar paytaxt Bakıda İdman və Bədən Tərbiyəsi İnstitutu kimi tanıdığımız ali məktəbi bitirib. Özünü doğma kənd məktəbində idman müəllimi olaraq yaxşı cəhətdən tanıdıb. İdmançı kimi, keçmiş sovet dövlətləri arasında keçirilən yarışlarda dəfələrlə fərqlənib. Bir sözlə, bu sahədə öz bacarığı ilə tanındığı üçün, Nərimanov rayonundakı o vaxtkı Milis İdarəsinin idman batalyonunun rəhbəri vəzifəsini tutub. Ona tapşırılan digər vəzifələri də vicdanla yerinə yetirib. İşlədiyi Gəncə şəhərindəki 5 saylı orta məktəbdə YAP sədri və 22 il 38 saylı Seçki Məntəqəsinin rəhbəri vəzifələrində etdikləri deyilənlərin sübutudur.
Vaqif müəllimin dediyi kimi, işlədiyi bütün sahələrdə Vətən və millət naminə yorulmadan etdiklərinə görə, onun bacısı oğlunun əsassız və qanunsuz olaraq azadlıqdan məhrum olunmasına etiraz etməyə haqqı çatır: “Raminə qarşı irəli sürülən saxta ittihamı daha da ağırlaşdırmaq necə mümkün olub?! Bu barədə əsl həqiqəti əks etdirən yazılar dərc edən araz.az-ın əməkdaşlarına da minnətdarlığımızı çatdırırıq.
Buna görə, onların da məhkəmə qarşısında olduqlarını bilirik. Həm onların, həm də müdafiə etdikləri Ramin İsayevin mübarizə dolu bu işdə qələbə çalmalarını Böyük Allahımızdan arzu edirəm!
Ramin İsayevi müdafiə edən vəkillərin sözlərinə görə, o, ona qarşı verilmiş ittihamlara münasibətdə özünü qətiyyən təqsirli bilmir. Hesab edirik ki, Ramin İsayevin təqsirsiz olduğunu sübut etmək üçün, müdafiə tərəfi ittihamın əksinə toplanmış dəlil və sübutları məhkəmə istintaqı dövründə ortaya qoyacaq. İşin yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi deyilir.
Ramin İsayevin həbsinin sifarişli və ittihamın saxta olması çoxlarına məlumdur. Buna baxmayaraq, həbsində maraqlı olanlar bu ittihamın vicdan çərçivəsinə sığmayan iyrənc üsullarla daha da ağırlaşdırılmasına nail olublar. Çoxları buna inanmır. Çünki əsl həqiqət budur ki, Ramin İsayevi 16 milyon kreditin aradan yoxa çıxması, it-bata düşməsi ilə ittiham etmək mümkün olmurdu. Bu səbəbdən, ibtidai istintaqın müddəti də, qanunsuz olaraq uzadılırdı. İstintaq gedərkən, daha doğrusu, müstəntiq hələ istintaq araşdırmasına başladığı ilk günlərdə bu pulun itməsinin Nəsib Həsənovla bərabər, onun ətrafına gedib çıxdığını açıq-aydın görürdü. Məhz buna görə, cinayət araşdırmasını dayandırmışdı. Konkret desək, məhkum sabiq Baş direktora qarşı nəsə yeni bir ittiham axtarışı başlanmışdı. Böhtançılar, nəhayət buna da nail oldular. Əgər ittiham tərəfi məhkəmənin ədalət çərçivəsində keçirilməsini mümkün edə bilsə, fakt və dəlillər, Ramin İsayevə qarşı bu ittihamın yalan olduğunu sübut edəcəyinə, onun əleyhinə olan hər kəsin çoxmilyonluq oğurluq və korrupsiya əməllərinin bütün detallarını üzə çıxaracağına tam əminlik yaradır. Bunun təsdiqi elə də çətin deyil. Çünki bunların birdən-birə ona qarşı ittiham olaraq elan edilməsi, qəbuledilməzdir. Əslində, bu mal-mülklərin, digər daşınmaz əmlakların hamısı Nəsib Həsənovun, onun şirkətini idarə edən digər vəzifə sahiblərinin özlərinindir.
Siz də yazmışdınız ki, ibtidai istintaqın gedişi zamanı baş verən bir hadisə də, adamı dəhşətə gətirirdi. Doğrudan da, yazdığınız kimidir. Bu hadisə, Ramin İsayevin yaxını,
Binəqədi rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirakına görə, dəfələrlə dövlət səviyyəsində mükafatlandırılan mərhum iş adamı, “İstehsalat Tikinti Mexanizasiya Şirkəti” MMC-nin rəhbəri Akif Nəbiyevin evində baş verdi. İstintaq qrupu evi ələk-vələk edib, nə tapdı, Ramin İsayevin adına yazdı. Yaxşı ki, Akif müəllimin doğmaları sakit dayanmadılar. Buna qarşı etiraz iddiası veriblər. Məhkəmə artıq bu işə baxır. Yəqin, həqiqət öz sözünü deyəcək.
Ramin İsayevi həbs etdirmək üçün, korrupsiya bandasının uydurduğu ittihamların nədən ibarət olduğu göz qabağındadır. Sifarişli həbsi həyata keçirmək üçün, uydurulan ittihamlar qəbuledilməzdir. Bu işdəki bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün, biz də, sonadək mübarizə aparacağıq!..”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.