“Avropada bir çox Şərq və Afrika xalqlarının çoxsaylı icmaları yaşayır. Xüsusilə Mərakeş, Əlcəzair, Alban, yəhudi və bizim yaxın qonşu ölkələrin nümayəndələri fəal görünməkdədirlər”.
 
araz.az bildirir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid İmanov deyib.
V.İmanov qeyd edib ki, bu xalqlar hazırda yaşadıqları ölkələrin həm ictimai-siyasi, həm də idman cəmiyyətində xüsusi imzalar atmaqdadırlar:
“Onlar öz ölkələrinin müxtəlif tarixi keçid dövründə dalğa-dalğa burada məskunlaşıblar. Məsələn, sadaladığım xalqların nümayəndələrinin orta sinfi yerli toplumlara tam inteqrasiya etdiyinin şahidi oluruq. Avropada nazirlər, deputatlar hətta idman üzrə milli komandaların heyətində ən sevimli atletlərlə təmsil olunurlar. Onlar icma-diaspor-lobbi mərhələsini birləşərək və hər ölkənin yerli spesifik xüsusiyyətlərini dərk edərək keçiblər. Hazırda Avropada həm də çoxsaylı azərbaycanlılar yaşayır. Bizim digər xalqlardan fərqimiz keçid mərhələlərindədir”.
V.İmanov vurğuladı ki, azərbaycanlılar hələ də icma formasından diaspora keçid etməkdə gecikirlər:
“Bəli, özlərinə diaspora deyirlər, lakin gəlin baxaq onlar diaspor parametrinə uyğundurlarmı? Kimdir diaspor? Diaspor ilk növbədə yaşadığı ölkənin yerli dilini mükəmməl bilən və ən önəmlisi həmin ölkənin vətəndaşı olan insanlardır. İki-üç ildir Avropaya işçi miqrant kimi gələn, təhsil alan və ya sosial problemlərdən pənah gətirən insanlara da diaspor deyirik və özümüzü aldadırıq. Baxın, ən başlıca problemin kökü də elə məhz buradan başlayır. Bəs, həqiqətdə Azərbaycan diasporu varmı? Var! Sadəcə olaraq onların fəaliyyətinə Bakıdan müdaxilələr olduğu üçün kənara çəkiliblər. Nədir bu müdaxilələr? Hər hansı Avropa ölkəsində qeydiyyatdan keçən və üzvlərinin əsası yerli pasporta malik azərbaycanlılar olduğu halda, Bakıdan yenidən həmin ölkədə gerçək diaspora təşkilatımıza alternativ təşkilat yaradır, onlara maliyyə yardımı ayırırlar. Həmin dırnaqarası işçi immiqrant adamlar da bu pul müqabilində faydasız və bir saatlıq bayram süfrəsi açıb dağılışırlar. Gerçək və illərdir fəaliyyət göstərən təşkilatları bilərəkdən sıradan çıxarırlar. Belə olan halda diaspora işində əngəllər yaranır və üzvlərimiz bu sahədən soyuyurlar”.
Sədr qeyd edib ki, səbəblər həqiqətən çoxdur və olduqca ciddidir:
“Azərbaycan pasportlu insanlar yaxın illərdə yaradılmış təşkilatlara rəhbərlik edir. O insanlar səyyardır, bu gün bir ölkədə, sabah işləri ilə əlaqədar digər ölkəyə köçürlər. Diaspora isə sabit və yerində davamlı olmalıdır. Bununla bağlı təklif və iradlarımızı dəfələrlə Diasporla İş üzrə Dövlət Komitəsinə yazılı və şifahi şəkildə bildirmişik. Təəssüf ki, heç bir müsbət nəticə olmayıb, əksinə bizimlə əlaqəni dərhal kəsiblər. Bu problem bütün Avropa ölkələri boyu davam etməkdədir. Sadəcə olaraq bir yoxlanılsın, hazırda maliyyə ayrılan “diaspor rəhbərləri”nin vətəndaşlıqlarını və onların neçə ildir Azərbaycanı tərk etdikləri, hər şey aydın olacaq”.
V.İmanov əlavə edib ki, Azərbaycan icmaları var, bir-birlərinə iş tapmaqda, məişət məsələlərinin həllində kömək göstərirlər, ancaq birlik yoxdur:
“Bu sahə ciddi islahatlar tələb edir və hamılıqda günlərlə toplantı edib bir yol xəritəsi hazırlanmalıdır. Bir anlıq Fransada, İspaniyada yaşayan əlcəzairliləri düşünün. 1950-ci illərdən sonra bu ölkələrdə yaşayan və söz sahibi olmuş insanları anidən Əlcəzairdən 2 il öncə təhsil almağa gələn bir gənc idarə edir. Sizcə buna Əlcəzair diasporu necə reaksiya verər? Ya Kosovo müharibəsindən sonra Skandinaviyada yaşayan, idmanda olduqca uğurlu alban diasporuna dünən Balkanlardan gəlib restoranda çalışan bir nəfər yön verə bilərmi? Əsla verə bilməz. Azərbaycan diasporuna isə Diaspora Komitəsi özü rəhbər təyin edir. Bakıdan gəlib bizim toplantılarda müşahidəçi qismində iştirak etmək əvəzinə, koordinasiya şurası adı altında işçi və ya tələbə immiqrantları rəhbər təyin edirlər. Eyni zamanda onların mənasız və hədəfsiz tədbirlərinə maliyyə ayırırlar”.

araz.az xəbər portalı.