Qloballaşan dünyada sivil dövlətlər arasında qurulan əlaqələr getdikcə daha da inkişaf edir.
Bu, ona bir işarədir ki, fərqli mədəniyyətə sahib ölkələrin bir-birləri ilə münasibət yaratmaları, ən azından buna cəhd etmələri vacib, önəmli və təqdirəlayiq bir hadisədir. Fikrimcə, eyni dinə və mədəniyyətə sahib ölkələrin də əlaqə qurub, bir-birlərinə yaxınlaşmaları müasir dövrdə çox önəmlidir. Onların belə öz müqəddəratlarını özləri həll etmələri üçün, birliyə və bərabərliyə daha çox ehtiyacları var. Buna bariz nümunə kimi Türkdilli ölkələrin əməkdaşlığını göstərmək olar. Bu istiqamətli əməkdaşlıq əlaqələrinin əhəmiyyəti və rolunu misal çəkməyə ehtiyac belə duyulmur: Hər şey ortadadır, “kor kor, gör gördür”. Əhəmiyyəti və rolu beynəlxalq səviyyədə alqışlanır.
Eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi, ticari və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün, yeni regional Ümumtürk Birliyinin yaradılması sevindirici tarixi bir hadisə oldu. Artıq, belə bir təşkilatın fəaliyyət istiqamətlərinin siyasət, turizm, iqtisadiyyat, ticarət, gömrük, nəqliyyat, təhsil, gənclər siyasəti, idman, kənd təsərrüfatı, ədliyyə, miqrasiya, informasiya, media… kimi önəmli sahələri əhatə etdiyinin şahidi oluruq.
Çox sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının yaranması və onun durmadan inkişaf etdirilməsi tarixi bir hadisədir. Bu da bir həqiqətdir ki, belə bir təşkilata böyük ehtiyac vardı və şükürlər olsun ki, bu təşkilat yaradıldı. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və KKTC-nin TDT-də eyni amal və məqsəd uğrunda birləşmələri bir daha sübut etdi ki, belə bir təşkilatın böyüməsi və güclənməsi vacib məsələdir.
SSRİ dağıldıqdan sonra, müstəqil olan ölkələrin Azərbaycan timsalında iqtisadi, siyasi və.s sahələrdə eyni səviyyədə inkişaf etdiyini demək mümkün deyildir. Bu ölkələrin demoqrafik strukturu SSRİ-nin faydasız, heç bir işə yaramayan qalıq ideologiyasına yenidən qurban olmaması üçün, qardaş ölkələrin bir-biri ilə əlaqələrin kəsilməməsinə böyük ehtiyac var.
Türk Dövlətləri Təşkilatı və ya keçmiş adı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan Müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Daha sonralar, yəni 2019-cu ildə Özbəkistan da Türk Şurasına üzv olub. Mətbuatdan məlum olduğu kimi, 24 may 2019-cu il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və Şura üzvlərinin razılığı ilə, Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri ünvanını aldı. Türkdilli dövlətlərin başçıları arasında təmasların mütəmadi olaraq dəyişən və yenilənən müstəvidə davam etdiyinin şahidi oluruq. Bu münasibətlərin güclənməsinin və yenilənməsinin mütəmadi xarakter alaraq, davam etməsində ölkə rəhbərliyinin siyasi duruşu və dəyişməz mövqeyi danılmazdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev çıxışları xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. İlham Əliyev bu ölkələrlə iqtisadi, siyasi və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.
30 may 2024-ci il tarixində İstanbulda “Biz birlikdə daha güclüyük!” şüarı ilə yayımlanan video-çarxda Türk Dövlətləri Təşkilatının (TDT) dünya üzrə 4,5 milyon kilometr ərazidə 300 milyon insanı əhatə etdiyi və bu dövlətlərin ümumi valyuta büdcəsinin 4 trilyon dollara çatdığı vurğulandı. “Türk Dünyası – 2040” baxışı ilə, əməkdaşlıqların dərinləşməsinin və bu istiqamətdə işlərin durmadan getdiyinin şahidi oluruq. Başqa bir qürurverici hal ondan ibarətdir ki, TDT-nin Ticarət və Sənaye Palatası, İnvestisiya Fondu, Transxəzər nəqliyyat dəhlizi, Sağlamlıq Elmi Şurası, modern İpək Yolu, Qardaş limanlar və Tabarruk Ziyarət layihələri, Türk Universitetlər Birliyi və Orhun Dövrü, gənclik və idman layihələri kimi bir çox fərqli istiqamətdə üzv və müşahidəçilərinin rifahı üçün fəaliyyətini davam etdirir.
Bütün bunlar göstərir ki, Türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişafının əhəmiyyəti vacib məsələdir. Elə buna görə, Azərbaycanın apardığı səmimi sülhsevər siyasəti, beynəlxalq müstəvidə vasitəçiliyi və beynəlxalq təşkilatılarla əlaqəsi bir daha sübut edir ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına böyük töhfə verir və bu istiqamətdə məqsədyönlü siyasətini davam etdirir.
Orxan ORUCOV,
politoloq, Beynəlxalq Diaspor Mərkəzinin müşaviri.
araz.az xəbər portalı.