Tahir-Abbasli.jpg

Tahir ABBASLI: “Məktəblərdə bədən tərbiyəsi, musiqi dərsləri ilə bərabər, əxlaq və mənəviyyat dərsləri də tədris olunmalıdır. Çünki indi gəncliyin mənəvi təşnəsi, susuzluğu var, o da, istəsək də, istəməsək də, desək də, deməsək də dini əxlaq və mənəvi biliklərlə bağlıdır”

Bu fikirlərin müəllifi Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı ilə söhbətimiz Azərbaycan gəncliyinin indiki durumu, üzləşdiyi çətinliklərlə bağlıdır. 
– Tahir bəy, yəqin ki, Azərbaycan İslam Demokrat Partiyasının sədri olaraq öncə sizi Azərbaycan gəncliyinin mənəvi durumu narahat edir. Gəncliyin vəziyyətini necə xarakterizə edərdiniz?
– Gənclik bir oxa bənzəyir. O həm sürətlidir, həm də iti kəsəndir. Lakin, oxun hədəfə çatması üçün kaman lazımdır. Yəni gəncliyin gördüyü iş həm itidir, həm də möhkəmdir. Gənclik keçmişlə gələcək arasında körpüdür. Körpü isə yalnız möhkəm dayaqlar üzərində çox qala bilər. Bu mənada gəncliyin hədəfə çatması üçün kaman və dayaq olaraq yaşlı nəslə ehtiyacı vardır. Bu bir məsəldir. Gəncliyin fəlsəfəsi bundan ibarətdir. 
Gəncliyə bizim münasibətimizi bilmək istəyirsinizsə, ümumi götürəndə cəmiyyətin neçə faizini gənclik təşkil edirsə onun olsa-olsa təxminən beş-on faizi aktiv görünür. Əksəriyyəti də qəyyumların hesabına. Bu o deməkdir ki, gənclik çox passivdir. Halbuki indiki dövrdə gənclik üçün demək olar ki, bütün sahələrdə şərait var. Ümumiyyətlə biz gənclikdən çox şey umsaq da əslində məktəblərdə bədən tərbiyəsi, musiqi dərsləri ilə bərabər əxlaq və mənəviyyat dərsləri tədris olsaydı biz gənclikdən çox şey tələb edə bilərdik. Ötən onilliklərin təlim –tərbiəyəsi müqabilində nəticə belə olmalı idi. Amma təəssüf ki, gənclik özünü fikirləşməkdən, düşünməkdən məhrum edib. Yaşlı nəsildən hazır məhsul (fikir, düşüncə) tələb etməyə çalışır. Bir növ tənbəllik xüsusiyyəti onların əqli düşəncəsini zəiflədib. Düzdür, gəncliyin mənəvi təşnəsi, susuzluğu var, o da istəsək də istəməsək də, desək də deməsək də dini əxlaq və mənəvi biliklərlə bağlıdır. Bu bağlılığa ehtiyacı olduğu halda həmin boşluq şoular, əyləncələr, konsertlər, sms-li oyunlar və s. doldurulub. Yəni gənclik üçün belə bir sahə yaradıldığından bu təbəqə bütün hadisələrdə özlərini qərib hesab edirlər. Çünki sadaladıqlarımızın hamısı maddiyata, pula bağlıdır. Gənclik üçün isə pul əlçatmazdır. Onlar bu vasitədən yetərincə istifadə etmədikdə, sönük vəziyyətə düşməklə bərabər yaşlı nəsilə düşmən kəsilirlər. 
– Yerigəlmişkən, İslam dininin mahiyyətcə qavranması baxımından gənclərin vəziyyəti bir din adamı olaraq sizi qane edirmi?
– Gənclik İslam dinini mahiyyətcə çox yaxşı dərk edir və tez bir zamanda onun buyurduqlarını əmələ gətirmək şansı vardır. Bu o səbəbdəndir ki, həmin gənclik çirkaba, pisliklərə bulaşmayıb, əməllərində naqislik yoxdur. Ona görə də dinin təlim tərbiyəsi ilə bağlı mühit yarananda tez reaksiya verirlər. Lakin Azərbaycanın indiki durumunda missioner təşkilatların, eləcədə ayrı-ayrı dini təriqətlərin ölkəmizə axını və təbliğatı gəncliyi çaşqın vəziyyətə salıb. Hansı dini məktəbin onun kamala çatmasında, insan kimi yetişməsində, cəmiyyətin sağlam bir üzvünə çevrilməsində mühüm və vacib rol oynadığını bilmədiyindən sərgərdan qalıb. Və bu təbəqə anlaşılmazlıq ucbatından bəzən elə cəmiyyətin özü üçün də problemə çevrilir. Bura vəhhabiliyin, nurçuluğun, xristianlığın bütün növ qollarının, sionistlərin təbliğatının təsiri altına düşmüş gənclər daxildir. Onlar aldıqları «təlim-tərbiyə, əxlaq» standartlarına uyğun gəldiklərindən cəmiyyət üçün yad qüvvəyə çevrilirlər. Bu nöqteyi -nəzərdən gəncliyin islam dinini mahiyyətcə qavrama səviyyəsi ürəkaçan deyil. Amma şükürlər olsun ki, az da olsa düzgün yol tapan gənclərimiz də az deyil. 
– İndi daha çox cavanların mənəviyyatının korlandığını önə çəkirlər. Sizcə bu nə ilə bağlıdır?
– Səbəblərin ən başlıcasını valideynlərin övladlarına uşaqlıqdan gəncliyə qədər düzgün təlim-tərbiyə verə biləməməsindədir. İkincisi, bayaq dediyimiz kimi, məktəblərdə əxlaq dərslərinin olmaması, gəncliyin nəfsinin təlim-tərbiyəsi ilə məşğul olan dərslərin tədris edilməməsidir. Üçüncü səbəb gəncliyin götürə biləcəyi nümunələrin dövlət səviyyəsində təbliğ olunmamasıdır. Dördüncüsü, cəmiyyətin yaxşılığı tanımaması və onu sevməməsi eyni zamanda yaxşılığın müdafiəsinə qalxmamasıdır və s. Bu mənada gənclik cəmiyyətdən ibrət götürə bilmir. 
– Bu problemlərin yaranmasında təhsilin payı da varmı? 
– Baxın, ölkəmizdə cinayətkarlığın mərkəzində gənclik dayanıb. Ciddi narahatçılıq da elə budur. Yəni, orta məktəb şagirdlərinin, tələbələrin üzləşdiyi hər bir hadisədə çıxardıqları qərar və etdikləri hərəkət onları cinayətə sürükləyir. Bu qədər ziyalısı, məktəbləri, əsrlərlə dövlətçilik tarixi ilə bərabər ailə institutu olan bir ölkənin gəncliyi niyə cinayətkar olmalıdır? Məktəblərdə keçilən dərslər istər texniki, istərsə də humanitar elmlər gəncliyin həyatında az rol oynamır. Amma təhsil sistemində islahtların aparılmaması, rüşvətxorluğun baş alıb getməsi, üstəlik bəzi müəllimlərin yol verdiyi naqisliklər gənclərin taleyində mənfi rol oynayır. Bunun da nəticəsinqdə bir dəstə gəncliyin bu elmlərə rəğbətsizliyi göz qabağındadır. Sanki gəncliyi tez qazanc əldə edən bazar adamı kimi yetişdirirlər. 
Eyni zamanda təhsil müəssisələrində tədrislə məşğul olanların sırasında qadınların, qızların çoxalması yeniyetmələrin gələcək həyatında mənfi rol oynayır. Hesab edirəm ki, gənclərin gələcək həyatının formalaşmasında kişi müəllimlərindən nümunə götürmələri mühüm rol oynayır. Təəssüf ki, bizdə təlim-tərbiyə qadın peşəsinə çevrilməkdədir. 
– Yəqin ki, bütün bunlar vətənpərvərlik məsələlərində mənfi təsirlərə səbəb olur…
– Gözəl sualdır. Vətənpərvərlik tək dildə deməklə vətənpərvərlik olmur. Kor təəssübkeşliklə vətənpərvərlik hissləri aşılana bilməz. Vətənpərvərlik özü bir elmdir ki, əxlaq, mənəviyyat və imanla bağlıdır. Gənclik kamala yetişdikcə, ictimailəşdikcə ilk öncə vətənpərvərlik duyğuları ilə üzləşir. O əhatə dairəsində, qohum- əqrabasında eləcə də millət və dövlətdə özünü bir ailə üzvü kimi hiss edir. Vətənpərvrlik özü gözəl bir nemətdir. Kaş bütün gənclik bu neməti dada biləydi, onun mənəvi ləzzətini duyaydı. Gəncliyin ətrafında olan təbəqələr özü-özlüyündə gənclik üçün yaxşı vətənpərvərlik nümunəsi, ruhiyyəsi qoymadıqda biz gənclikdən nə tələb edə bilərik? Gərək bir məktəb olsun ki, tələb də edək. Bu sarıdan da bizim cəmiyyətimizin ciddi problemləri var. 
– Nədir o problemlər?
– Elə götürək hakimiyyəti təmsil edən ən yuxarı təbəqəni. Onların vəzifədə olmalarını bir növ gördükləri işin nəticəsi hesab etmək olar. Hakimiyyəti təmsil edənlər əslində elə vətənpərvərlik nümunəsi olmalıdırlar. Təssüf ki, cəmiyyət, eləcə də gənclik bunu görə bilmir. Belə ki, vətənpərvərlik meyarlarını sadalasaq bu sırada qayğı, ədalət, səxavət, mərhəmət, iradə, cəsarət, şücaət, şəxsiyyət və s. durur. İndiki təbliğatda isə gəncliyi aşağılamaqdan başqa bir element görmürük. Əgər gənclikdə az öncə sadaladığımız cinayətə meyl, naqislik varsa da bunun kökündə elə indiki hakimiyyətdə təmsil olunanların apardığı siyasət dürür. Fikir verin, son vaxtlar televiziyada və mətbuatda gəncliyin səviyyəsizliyini, oyunbazlığını, cinayətini, naqisliklərini qabardan verilişlər göstərirlər. Sanki gənclik elə bu ünsürlərdən ibarətdir. 
– Tahir bəy, siz məktəblərlə yanaşı hərbi sistemdə və həbsxanalarda da əxlaq və mənəviyyat dərslərinin tədrisini vacib sayırsınız…
– Dəfələrlə bu təkliflə çıxış etmişik. Amma nədənsə müvafiq qurumlardan heç bir reaksiya gəlməyib. İndi də həmin fikirdəyəm ki, adları çəkilən yerlərdə bu cür dərslərin keçirilməsi vacibdir. Məsələ burasındadır ki, həm hərbi sistemdə, həm də həbsxanalarda olanların böyük əksəriyyəti gənclərdir. Bu mənada əxlaq və mənəviyyat dərslərinin tədrisi daha da aktuallaşır. Etiraf edək ki, bir çox hallarda həbsxanalara düşənlərin islah olunmasında aldıqları cəza müddəti heç bir rol oynamır. Yəni müddət tərbiyə metodu kimi yararlı olmur. Hesab edirəm ki, əxlaq və mənəviyyat dərslərinin tədrisi, həbsxanaların ruhanilərlə əlaqələrinin olması bu baxımdan daha faydalı olar.
Digər bir tərəfdən hərbi sistemin başlıca prnsipi vətənpərvərlikdir. Vətənpərvərlik isə yuxarıda dediym kimi əxlaq, mənəviyyat və imanla bağlıdır.
– Bir qədər də iqtisadi məsələlərdən danışaq. Heç kəsə sirr deyil ki, Azərbaycan gənclərinin bir hissəsi xaricə üz tutub, bir hissəsi isə işsiz, sərgərdan vətən çöllərində gəzməkdədirlər. Neft pulları isə aşıb-daşır…
– Əslində bu fikrin özündə bir cavab var. Ölkədə ciddi problemə çevrilmiş proses gedirsə, bu əxlaq və mənəviyyatla bağlıdır. Nə dövlətin, nə torpağın imkanı yoxdur ki, bütün vətəndaşların hər birinin istək və arzularını təmin edə bilsin. Bütün dövrlərdə ədalətsizliklərlə üzləşmə olub. Bu gün də var, gələcəkdə də yəqin ki, olacaq. Əgər hamı eyni dərəcədə sosial problemlərini həll etmiş olsa, inanmırıq ki, ölkəmizdə eləcədə də dünyada gözəl şəhərlər, müəssisələr, təlim-tərbiyə ocaqları yaranar. Ataların gözəl bir kəlamı var: sən ağa, mən ağa inəyimizi kim sağa. 
Gənclik indiki dövrdə təəssüflər olsun ki, iqtisadi problemlərini həll etmək uçün o qapıya gedir ki orada tez nəticə əldə etsinlər. O qapıda isə yalan, qeybət, satqınlıq, riya, ikiüzlülük, yaltaqlıq, məsuliyyətsizlik ixrac olunursa faciəyə baxın. Elə bir gənclik yetişir ki, gələcəkdə heç bir iqtidarlar onların öhdəsindən gələ bilməyəcək. Məhz sosial-iqtisadi problemlərin, eləcədə digər naqisliklərin səbəblərindən biri də budur.
– İstərdik bu fikrinizi bir qədər də aydınlaşdırasınız?
– Hər kəs tez «nəticə» əldə etmək istəyirsə bu qapıya getməyə məhkumdur. Əlbəttə mənəviyyat adamları bu işi görməzlər. Heç cəhd belə etməzlər. Baxın, quşun uçması üçün mütləq iki qanadı olmalıdır. Əgər qanadın biri olmasa quş yerində fırlanar, irəliyə doğru hərəkət edə bilməz. İnsan da belədir. Bir qanadı elm olduğu halda, bir qanadı iman olmalıdır. Elm insanı üfiqi istiqamətdə sürətli hərəkət etdirirsə, iman isə onu şaquli istiqamətdə qaldırır. Yəni, elmsiz iman olmaz, imansız da elm. Hər ikisi bir-biri ilə qardaşdır. Gənclik bu prinsipləri özündə əks etdirməsə varlığı ilə yoxluğu bilinməz. Halbuki, gənclik gələcək nəsillərin qarşısında indidən məsuliyyətli olmalıdır. 
O ki qaldı ölkəmizə gələn neft pullarına, nə qədər pul gəlsə də, gəncliyə düşmən kəsilən qüvvələrin, harınlaşmış təbəqələrin gözünü doydurmaz, onların tələbatını ödəməz…
2008 ci il.

 

araz.az xəbər portalı.