Qabil Abbasoğlu diqqəti ilk növbədə həm öz yerini tanıtmasıyla, həm də müsahibə, əməkdaşa, müəllifə öz yerini elə ilk təmasdanca tanıtmasıyla çəkir. Bu tanıdığım uzun-uzun, amma belə tez keçən 25 ildə mətbuatda gördüyüm çox az imzalardandır. Ki… şəxsiyyətinə hörmətim yazısından əvvəl gəlir. Həm də Qabil bəy jurnalistlikdən daha çox azadlıq mübarizəsinin ismidir: qəzet, mətbuat, yazı azadlıq uğrunda apardığı mübarizənin yardımçı vasitələrindən biri olub. Müstəqillik dönəminin mətbu spektrinin elə bir çaları yoxdu ki, orada dəyərli imza-insanların Qabil bəyə rəğbəti olmasın. Əslində də Qabil Abbasoğlu Azərbaycan mətbuatının parlaq imzası deyil… oxucu təfəkküründə, ancaq heç də bu qənaəti silaha çevirmək olmaz! Çünki Qabil Abbasoğlu ilk növbədə Azərbaycanın işıqlı imzalarının yaşıl İşığıdı. Bu gün Qabil Abbasoğlunun imzasını axtarsan hansısa hay-küylü yazıda, tapmazsan. Qabil Abbasoğlu mübarizə yazılarının müəllifi olaraq klassiklərin yaddaşındadı və məhz jurnalist həyatının böyük kəsimini həsr etdiyi “Yeni Müsavat”ın oturuşmasında xidmətləri danılmazdı! O mənada ki, nüfuza sahiblənən, iş yeri kimi arzulanan “Yeni Müsavat”da yazmağa gələn “as”lar hazıra nazir gəlmişdilər -artıq redaktor statusunda hamı Qabil Abbasoğluyla hesablaşırdı. Diqqətli oxucular indi işıqlı imzaları oxuduqca fərqinə varmırdılar ki, bu imzaların hər birinin yazısında Qabil bəyin əməyi – ruhu, işığı var!
Qabil Abbasoğlunun nəzərimdə “Yeni Müsavat”ın vicdanlı imzalarından, insanlarından biri kimi dəyəri ölçüyəgəlməzdir. Heç bir halda imzasını qıcıq yaradan, tərəfkeşlik sərgiləyən, qərəz ifadə edən, maraqlara xidmət edən yazılarda görmədim – olsaydı, intriqa publisistikasının banisi kimi həmən selbə atardım!
Ədalətsizliyə, haqsızlığa don olan materiallarda da görmədim – mübarizəsində punktual belə imzanı siyasi iddiaları aşırı olan bir qəzetdə görmək, əlbəttə ki, xoş idi!
Münasibətlərimiz də hər zaman məsafəli olub – ən azından heç bir doğmalıq və ögeylik sərgisini hiss etməmişik: olduğumuz məclislərdə etiket qaydalarını gözləmişik.
Ancaq mənim yadımda o həm də fədakar bir dost kimi qalıb. Səmimi salamlaşma da məhz buna görə olub. Yaddaşım aldatmırsa, hətta yazılarımın birində belə bir fikir də yazmışam: Qabil bəy seçəndə də dostun ən uğurlusunu seçir. Bir orası da var ki, mümkün ola bilməzdi bir orbitdə olaq, amma yollarımız kəsişməsin. Elə bir dönəm qısa müddətə olsa da, bəxtimə düşdü.
Deyim ki, əməkdaşlıq etdiyim kollektivlərdə yazılarımı redaktə iddiasına heç zaman heç bir nəhəng düşməyib, eyni zamanda, həmişə “qan-qadalı” fikirlərimin ola biləcəyi ehtimalıyla ciddi yanaşıblar, tutan tutub, tutmayan da səhərisi bilib. Ancaq Qabil bəyin lent.az-dakı əməkdaşlıq dövründə yazılarıma nəzarətçi olması, səmimi deyirəm, ürəyimə yağ kimi yayılıb. Bəzən elə olub ki, mətnə, yaxud da başlığa artırdığı cəmi bir söz o qədər möhtəşəm olub ki, oxucu sayı 3 mini, 5 mini, 7 mini, 9 mini, 10 mini keçəndə elə bilmişəm ki, bu, Qabil bəyin əlinin duzundandır, onun əlinin bərəkətidir – yəni, el deyimi ilə desək!
Qabil bəy yaradıcı insan olaraq ruhunu, xeyirxahlığını oxuduğu, redaktə etdiyi, çapa-yayıma imzaladığı yazıya qızırqalanmadan, simiclik etmədən, sidq-ürəklə yaxır ki, barını yığıb-yığışdırmaq olmur!
Flora Kərimovadan, Müslüm Maqomayevdən, Bəşər Əsəddən yazdığım yazılara kollektivin içində, rəhbərliyin nəzərinə çatdıranda verdiyi dəyəri biləndə özümü saxlaya bilməmiş, zəng edib minnətdarlıq etmişəm. Və təsəvvür edin ki, bizim yazıyla xoşbəxt olmaq hissimizi ölməyə qoymayanlardandır Qabil Abbasoğlu – halbuki nə yaş o yaşdır, nə də imza olaraq bunu ummağımız məqbuldur.
Mənə Qabil bəyin 50 yaşa İNDİ çatdığını oxumaq bir az çöçün gəldi: Çünki mən elə onu 25 il qabaq tanıyanda o 50 yaşın müdrikliyində idi. Nyəsini elə yazının girişində yazmışam. Həm də Qabil Abbasoğlunun mənsub olduğu çevrəni tam-tamına tanıdığımdan bu qənaətdəyəm: hamı böyüdü, yaşlaşdı, öz yerini tutdu, hətta yerini itirən də oldu, ancaq Qabil bəy elə Qabil bəy olaraq öz yerində, müdrikliyində, ucalığında, insanlığında qaldı!
Qabil Abbasoğlu milli azadlıq uğrunda xalqa, mətbuata qoşulanların içində hər kim varsa, onun yanındadı – sosial şəbəkələrdə, print və onlayn mediada ən müxtəlif adamlarla, ən müxtəlif məclislərdə, ən müxtəlif görüntülərdə. İqtidarlı-müxalifətli heç bir qütbdə bu imzaya-insana münasibət ikili deyil! Birmənalı şəkildə professional, mətbu dünyanın sanballı nümayəndəsi və əxlaq adamı kimi qəbul olunur! Mətbuatın “çətin tərbiyə olunan uşaqları” da, sözün asları da, sıravisindən generalınacan, oliqarxından məmurunacan bir kimsənin bu imza-insana, insan-imzaya etirazı, iradı yoxdu! Harda mümkündüsə iştirakı, həmişə dəvətlidir!
Qabil Abbasoğlu hardadırsa, əgər orada hansısa naşının xamlığından kiməsə haqsızlıq olubsa, çəkinmədən onu aramaq olar və özü də əmin olmaq olar ki, problem aradan qalxacaq – təmənnasız!
Qabil Abbasoğlu hardadırsa, əgər orada kiminsə haqqının işığa ehtiyacı varsa, qapısını döyə bilərsən, şəxsən özü yanına düşüb mənsəbinə çatdıracaq!
Qabil Abbasoğlu hardadırsa, əmin ola bilərsən ki, orada hər kəs öz yerində olacaq, hər kəs öz yerini biləcək və hər şey öz yerində olacaq!
Azərbaycan mediasında belə imza-insanlar çox azdır və təəssüflər olsun ki, belə imza-insanların işləyə biləcəyi yerlər də artıq getdikcə azalır, demək olar ki, artıq qalmamaq üzrədir!
Təsəlli də saymıram ki, Azərbaycanın işıqlı imzalarının ürəyində yeri var Qabil bəyin! Xalqın azadlıq uğrunda can qoyduğu illəri unutmayan kontingenti var!
Təsəlli və şöhrət yaşamağa, ailə saxlamağa, oğul oxutmağa, elin xeyir-şərində iştirak etməyə yetərli deyil! Üstəlik də 50 yaşında! Və üstəlik də ölkədə iş yeri o qədər də çox deyil ki, ömrün 30 ilini yaradıcılığa həsr edəsən və bu yaşda gedib ayrı ixtisas öyrənəsən – “perekvalifikatsiya” istənilən halda sarsıdıcıdır!
Həyat inkişafı, Zaman gələcəyi, İnsanlar İşığı sevir!
O həyatda zamanın gələcəyi işıqlı olur ki, inkişaf insanları yaşadır! Təbəqələşmə və təmərküzləşmə tarixin arxivinə yardımçı olmur.
İndi bu dəqiqələrdə biz Qabil Abbasoğlunun yubileyini ən yüksək səviyyədə qeyd etməliydik və yaxud buna şahid olmalıydıq, bəlkə də layiq olduğu fəxri adı da alacaqdı. Heç şübhəsiz ki, yaşıl işığına döndüyü yüzəcən imzanın təbrikləri gələcəkdi və biz də qürur duyardıq…
Amma və lakin… işsizlik hamını susdurur!
Yaşıl İşığın öz yerində yanmaması sadəcə işıqdır, ancaq heç bir halda mayak yox!
Mayaklarımızı qoruya bilməmək isə zülmətə qərq olmağımızdır!
Təbrik edirəm, işıqlı imzaların Yaşıl İşığı! Səni həmişə Mayak görmək arzusuyla…
Aydın Canıyev
araz.az xəbər portalı.