Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilib. Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin, eləcə də qonaq qismində Rusiya, Belarus və Gürcüstan qiymətləndiricilər birlikləri rəhbərlərinin və nümayəndələrinin qatıldığı forumda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci isə vitse-prezidenti seçilib.
CAATS prezidenti Vüqar Orucla söhbətimizdə qurumun fəaliyyət aspektləri və digər mövzular ətrafında söhbətləşdik.

– Əvvəla, Türk Dövlətləri Qiymətləndiricilərinin “Bakı Forumu”ndan başlayaq. Forumun yekunları ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.

– Bir ildir yaranmasına baxmayaraq, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) fəaliyyəti barədə ölkəmizin, eləcə də qardaş dövlətlərin kütləvi informasiya vasitələrində xeyli məlumatlar dərc edilib və ictimaiyyət qurumun fəaliyyətindən xəbərdardır. Lakin məlumatsız olan oxucuların diqqətinə çatdırım ki, CAATS 2023-cü ilin iyun ayının 1-də Qazaxıstanın Türküstan şəhərində təsis olunub. Təşəbbüs isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri olaraq Türkiyəyə ilk rəsmi səfərim zamanı irəli sürülüb. Türkiyəli həmkarım Yaşar Bahçeci ilə Anlaşma Memorandumu imzalayarkən əsas məqamlardan biri də türk dövlətləri qiymətləndiriciləri arasında həmrəyliyə nail olmaq və fəaliyyətimizi əlaqələndirmək idi. Bu anlaşmadan sonra biz digər türk dövlətlərindən olan dostlarımızla da bu məsələdə razılığa gəldik və 2022-ci ilin dekabr ayında ilk onlayn iclas keçirildi. 2023-cü ilin aprelində Bakıda “Türk Dövlətləri Qiymətləndicilərinin Zirvə Görüşü” keçirildi və qurumun yaradılması barədə ilk rəsmi bəyanat imzalandı. Bir ay sonra isə CAATS təsis edildi. Birinci il üçün rəhbərlik Qazaxıstan Qiymətləndiricilər Palatasının sədrinə, vitse prezidentlik isə Azərbaycan nümayəndəsi olaraq mənə həvalə edilsə də, 2024-cü ilin əvvələrindən  rəhbər  kimi onun səlahiyyətlərini mən icra edirdim. Mayın 31-də isə Bakıda keçirilən toplantımızda rəhbərlik mənim timsalımda Azərbaycana dövr edildi.
Forum kifayət qədər ictimai diqqət qazandı və türk dövlətləri qiymətləndiricilərinin həmrəyliyinə mühüm töhfə oldu. Forumda dövlət rəsmilərinin, Maliyyə, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərin, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərinin, xarici qonaqların, kütləvi informasiya vasitələrinin, qonaq qismində Rusiya, Belarus və Gürcüstandan olan həmkarlarımın, qeyri-rəsmi hissədə isə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı xüsusi qeyd oluna bilər. Fürsətdən istifadə edərək, tədbirdə şəxsən iştirak edən Maliyyə nazirinin müavini cənab Azər Bayramova və digər dövlət rəsmilərinə minətdarlığımı bildirmək istəyirəm. Forumun panel hissəsində qiymətləndirmə fəaliyyətinin gələcəyi, ortaq türk qiymətləndirmə standartları, sektorun inkişafı, beynəlxalq və regional perspektivlər mövzusunda mühüm müzakirələr aparıldı. Hətta bu müzakirələri türk dövlətləri qiymətləndiricilərinin gələcək fəaliyyəti istiqamətində yol xəritəsi də adlandırmaq olar. Çox sevindirici məqamdır ki, CAATS-da müxtəlif türk dövlətlərindən olan qiymətləndirmə şirkətləri, fərdi qiymətləndiricilərlə yanaşı, bu sahədə çalışan peşəkar alimlər, pedaqoqlar da təmsil olunur.

– Forumda Şuranın 2024-cü il üçün Fəaliyyət Planı təsdiq olundu. CAATS prezidenti olaraq qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı planlarınız nədən ibarətdir?

– Təbii ki, 2024-cü il üçün qəbul edilən Fəaliyyət Planına uyğun olaraq fəaliyyətimizi genişləndirməyi və yeni hədəflərə nail olmağı nəzərdə tuturuq. Məlum olduğu kimi, Şuranın İdarə Heyətinin son toplantısında türkiyəli həmkarım Yaşar Bahçeci vitse-prezident, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin icraçı direktoru Emrullah Acar isə İcraiyyə Komitəsinin sədri seçilib. Qərara gəlmişik ki, hər bir türk dövlətindən bir nümayəndə İcraiyyə Komitəsində təmsil olunsun. Eyni zamanda müvafiq sahələr üzrə əlaqələndirməni təmin etmək və fəaliyyətin icrası üçün CAATS-da yeni təyinatlar həyata keçiriləcək. Konkret fəaliyyət istiqamətlərinə gəldikdə isə, uzun müddətdir müzakirə olunan və icrası istiqamətində mühüm addımlar atılan bir sıra layihələri sona çatdırmaq niyyətindəyik. Bu sırada türk dövlətləri qiymətləndiricilərinin vahid məlumat reyestrinin və qiymətləndirmə standartlarının formalaşması, qarşılıqlı təlim, tədris və sertifikasiya fəaliyyətinin təşkili, üzv ölkələrin ali təhsil müəssisələrində qiymətləndirmə fakültəsi və ixtisasının yaradılması əsas hədəflərimizdən biridir.
Biz mərkəz kimi İstanbul şəhərini müəyyən etmişik. Tez bir zamanda beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməyimizi təmin edəcəyik. Azərbaycan dövləti və şəxsən cənab Prezident İlham Əliyev həmişə türk birliyinə mühüm töhfələr verib. Düşünürəm ki, CAATS-ın fəaliyyətinə rəsmi dairələrimiz ciddi dəstək versə, həmkarlarımız daha bir mərkəzin Bakı şəhərində olmasına etiraz etməz. CAATS-a rəhbərlik dönəmində Azərbaycan qiymətləndiriciləri olaraq həm türk dünyasının qiymətləndiricilərinin birgə fəaliyyətinin təşkilində, həm də bu gün dövlətimiz tərəfindən prioritet istiqamət hesab edilən türk birliyinin möhkəmləndirilməsində ciddi işlər görəcəyimizə çox iddialıyıq.

– Forumun panel hissəsində ortaq türk qiymətləndirmə standartları mövzusunda diskussiyalar aparıldı. Türk dövlətləri olaraq peşəkar müstəvidə fəaliyyətinizi necə əlaqələndirmək niyyətindəsiniz?

– Beynəlxalq iqtisadi münasibətlər sisteminin transformasiyaya uğradığı, iqtisadi təmasların yeni şərtlərə uyğunlaşdığı bir şəraitdə qiymətləndirmə sektorunun da aktuallığı artıb. Aydın şəkildə söyləmək olar ki, qiymətləndirmə ekosistemin vacib, ayrılmaz və mühüm tərkib hissəsidir və öz fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmalıdır. Məlumdur ki, beynəlxalaq qiymətləndirmə standartları deyilən anlayış mövcuddur ki, bütün dünyada ondan yararlanırlar. Peşəkar və şəffaf qiymətləndirmə rəylərinin hazırlanmasında bu standartlara istinad olunur. Türk dövlətləri qiymətləndiricilərinin vahid standartı beynəlxalq qiymətləndirmə standartlarına istinad olunan, üzv ölkələrin qanunvericilik bazası və mövcud reallıqlarının nəzərə alındığı sənəd toplusu kimi təsəvvür edilir. Hesab edirəm ki, CAATS olaraq biz bu standartların formalaşmasına nail olsaq, gələcəkdə digər ölkələr də bizim təcrübədən bəhrələnəcəklər. Beləcə, biz beynəlxalq qiymətləndirmə sisteminə ciddi şəkildə diqtə edə biləcəyik. Bu məqamda qeyd edim ki, Rusiya, Macarıstan, Belarus, Gürcüstan və digər ölkələrin qiymətləndirmə birliklərinin də bizim fəaliyyətimizə göstərdiyi yüksək maraq bunun bariz nümunəsidir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qardaş ölkələrin liderlərinin ortaya qoyduğu fəaliyyət modeli dünyaya bir nümunədir. Təsadüfi deyil ki, məhz bu əməkdaşlıq beynəlxalq münasibətlər sisteminə əhəmiyyətli yön verir, ölkələrimizə, türk ailəsinə güc qazandırır. Liderlərimizin bizim üçün qoyduğu yol var və biz bu yolda yürümək istəyirik. CAATS olaraq qiymətləndirmə sahəsində də bu fəaliyyəti davam etdirmək niyyətindəyik.

– Bir az mövzudan kənarlaşaq. Yaxın aylarda Azərbaycan Qiymətləndiricilər Palatası təsis olunacaq. AQC olaraq bu prosesdə iştirak səviyyəniz nə yerdədir və qarşıdakı dövr üçün hansı planlar nəzərdə tutulub?

– Əvvəla ondan başlayım ki, 2022-ci ilin mayında AQC sədri seçildiyim konfransda “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin yenilənməsi ilə bağlı müvafiq qurumlara müraciət olunması barədə qərar qəbul edildi. O zaman da hesab edirdik və bu gün də hesab edirik ki, ötən əsrin sonlarında qəbul edilən qanun müasir dövrün tələblərinə cavab vermir və yenilənməlidir. Yəni, qanunla bağlı ilk təşəbbüsü irəli sürən AQC olub. Qiymətləndiricilərin özünütənzimləmə mexanizmlərinin formalaşması, bu sahədə olan neqativ halları aradan qaldırmaq üçün inzibati resursların yaradılması təşəbbüsü də bizdən gəlib. Çünki AQC bu sahədə faktiki tənzimləməni həyata keçirsə də, inzibati təsir rıçaqlarına malik deyil. İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yeni qanun layihəsinin hazırlanması mütərəqqi addımdır. Biz layihənin parlament müzakirələrində iştirak edib, öz təkliflərimizi səsləndirmişik. Hazırda qanun layihəsi qəbul edildiyindən təkliflərimizin hansı istiqamətlərdə olduğunu xatırlatmağa lüzum yoxdur. Qarşıda isə rəhbərlik etdiyim sektoru Azərbaycan Qiymətləndicirilər Palatasının formalaşdırılması və rəhbərliyinin müəyyən olunması kimi mühüm hadisələr gözləyir. Qiymətləndiricilərin fəaliyyətində həssas və yeni mərhələ olan bu prosesin ədalətli və şəffaf şəkildə həyata keçiriləcəyinə inanırıq. AQC olaraq Dövlət İmtahan Mərkəzi ilə birlikdə imtahan suallarının və test bankının hazırlanmasında yaxından iştirak edirik. O ki qaldı Palata təsis ediləndən sonra AQC-nin fəaliyyətinə, Cəmiyyət, eləcə də CAATS olaraq fəalyyətimizi davam etdirəcəyik. Palata ilə birlikdə uğurlar əldə edəcəyimizə, qiymətləndirmə sektoruna yeniliklər gətirəcəyimizə şübhə etmirik.

(“Azərbaycan” qəzeti)

araz.az xəbər portalı.