abdin-ferzeliyev.jpgPrezidentin imzaladığı sərəncamla Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tutduğu vəzifədən azad edilib. Xatırladaq ki, Razim Məmmədov şəhəri “yaşıl soyqırımına” məruz qoyanlardan və haqqında ciddi narazılıqlar olan məmurlardan biri idi. Bu ilin oktyabr ayında onun yaxın qohumu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xaliq Məmmədov rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb.

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Təbii ki, X.Məmmədovun Razim Məmmədovdan xəbərsiz belə bir addım atması, hansısa tikiliyə icazə verməsi mümkün deyil. Bu baxımdan X.Məmmədovun saxlanılmasından sonra R.Məmmədovun da tutduğu postdan uzaqlaşdırılacağı gözlənilən idi. Aparılan kadr islahatları göstərir ki, mənfi fəalliyyətinə görə adı tez-tez hallandırılan, medianın tənqid hədəfinə çevrilən, ictimai rəydə etibarını itirən məmurlar komandadan xaric edilir. Razim Məmmədov da məhz bu cür kadrlardan idi. Hadisələrin gedişi onu göstərir ki, proses davamlı olacaq. Hakimiyyət fəaliyyətilə xalqın narazılığına səbəb olmuş məmurlarla yola davam etmək niyyətində deyil. Bu tendensiya başqa məmurlar üçün də “əcəl zəngi” çalır.

AzToday.az xəbər verir ki, Bakı şəhərinin rayonları üzrə yola salınacaq növbəti icra başçısının Abdin Fərzəliyev olacağı gözlənilir. Belə ki, Nərimanov rayon icra hakimiyyətinin başçısının fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər var. Bu şikayətlər əsasən rayon ərazisində həyata keçirilən sosial və biznes layihələrində icra hakimiyyətinin merkantil maraqlarından qaynaqlanır. Xüsusi ilə Bakı şəhərində həyata keçirilən pilot layihələr çərçivəsində ən çox şikayət də Nərimanov rayonunundandır. Bu barədə media da dəfələrlə tənqidi yazılar dərc olunub. Həmin şikayətlərdə birmənalı olaraq vurğulanır ki, pilot lahihələri həyata keçirən şirkətlərlə İcra Hakimiyyətinin maraqları üst-üstə düşür. Nəticədə isə sakinlər kütləvi şəkildə hakimiyyətdən narazı salınır.

AzToday.az-a daxil olan məlumatlara görə, Bakının yeni meri Eldar Əzizov da Abdin Fərzəliyevin fəaliyyətindən razı deyil. Bu günlərdə Bakı meriyası tərəfindən Atatürk parkındakı kafe və çayxanaların sökülməsi də bunu göstərir. Vəzifəsindən çıxarılacağından çəkinən Abdin Fərzəliyevin Bakı merini razı salmaq üçün Eldar Əzizovun yaxın adamı olan Abit Əliyevdən vasitəçi kimi ortaya saldığı da yayılan məlumatlar sırasındadır.

Qeyd edək ki, geniş biznes şəbəkəsinə sahib olan Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayından Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Ona qədər də 3 ilə yaxın Nizami rayonunun icra başçısı olub.

Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunan yeganə icra başçısıdır.

Onu da bildirək ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmamışdı. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.

Əslində “Dostluq” ordeni sıradan hansısa kiçik məmurlara deyil, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan kifayət qədər iriranqlı məmurlara verilir. Hətta indiyədək Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iriranqlı və ya Rusiya ilə birbaşa əlaqəli adamlar olub. Bəs belə bir halda necə oldu ki, Rusiya prezidenti bu mükafatı Fərzəliyevə verdi? Abdin Fərzəliyevin Rusiya ilə əlaqələrinin altyapısında hər hansı bir siyasi məqamlar axtarmaq yersizdir. Çünki avtobioqrafiyasından da göründüyü kimi Abdin Fərzəliyev o qədər də böyük məmur sayılmır. Demək, burada siyasi məqamlar axtarmağa o qədər də ehtiyac yoxdur. Azərbaycanlı məmuru Rusiyaya daha çox böyük biznes maraqları bağlayır…

Samir Aslanlı

AzToday.az

 

araz.az xəbər portalı.