“Biz 88-ci ildə 1 milyon-milyon yarım insan erməni işğalına qarşı çıxırdıq, onda bunun hakimiyyətə aidiyyəti yox idi”.

araz.az. xəbər verir ki, bu fikirləri Milli Məclisin dünən keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

Deputat vurğulayıb ki, bu hərəkatı öz qanında boğan Qorbaçov oldu: “O vaxt Moskvada buna ilk etirazını bildirən də ulu öndər Heydər Əliyev oldu və bütün səsimizi dünyaya çatdırdı. SSRİ-nin dağılmasında ən mühüm rol oynayan hadisələrdən biri Azərbaycan Xalq Hərəkatı idi. İndi tarixdən xəbərsiz, tarixi bilməyən bəzi cavan dostlarımız başda Bəhruz bəy olmaqla (deputat Bəhruz Məhərrəmov –red.) prosesləri bilmir. Bu xalq bizimdir.

Sən bu xalqın tarixinə necə istədiyin kimi ləkə vura bilərsən?! AXC-Müsavat hakimiyyətinin bəli qüsurları olub, tənqid edə bilərsən. Amma müstəqillik aktına biz imza atmışıq, biz imzalamışıq və oturmuşuq burada. Ölüb getməmişik. Ölüb gedəndən sonra ürəyiniz istəyən qədər danışarsınız.

Zəhmət çəkin, götürün Heydər Əliyevin 13-cü cildliyini oxuyun. Onun Xalq Hərəkatına münasibətini oxuyun. Mənim də kitabım var. Bəli səhvlər oldu və Heydər Əliyev gəldi, çox böyük fəlakətdən xalqı qurtardı. Siz indi kor-koranə danışmaqla olmur. Deputat dediyi sözün məsuliyyətini daşımalıdır. Heydər Əliyevi Rəsulzadəyə və ya başqasına qarşı qoymaq lazım deyil. Hərəsinin öz xidməti var.

Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı. Bu bayraq, onlar Rəsulzadənin xidməti idi. Tarix ardıcıllıqdır. Bir tarixi inkişaf etdirmək üçün birini böyüdüb, digərini kiçiltmək olmaz. Heydər Əliyev bütün Azərbaycan şəxsiyyətləri ilə fəxr edirdi. Sən indi başdan tutma hər şeyin üzərindən xətt çəkməklə nə qazanırsan?! Ay cavan oğlan, bununla nə demək istəyirsən?! Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam birinci düşünüb sonra danışar, gözünü yumub ağzını açmaz”.

Məlumat üçün bildirək ki, deputat Bəhruz Məhərrəmov bugünkü çıxışında meydan hadisələrini şou adlandırıb: “Bu birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb. Əksinə, xalqının sovetlərə inamı Heydər Əliyevin siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması ilə qırılmış, insanlar məhz Ulu Öndərin portretləri ilə ayağa qalxmışdı.

Özünə xalq cəbhəsi deyən, əslində isə Qorbaçıovun “yenidənqurma siyasətinin” elementi kimi mərkəzdən idarə olunan qruplaşmanın tribunaları  ələ keçirməsi isə hərəkatının məramını dəyişdi, sovet rejimi prosesi arzuladığı istiqamətdə idarə etməyə başladı.

O dövrdə Qorbaçov rejimi bütün ittifaq dövlətlərində müstəqilliyə meyilli liderləri hədəfə almışdı, amma Azərbaycan Xalq cəbhəsindən başqa heç bir yerli təsisat öz soydaşına qarşı mərkəzlə birləşmədi, yalnız bu satqınlar Heydər Əliyevə potensial rəqib kimi baxaraq imkanlarını Ulu öndərin fiziki məhvinə səfərbər etmişdilər”.

Onun sözlərinə görə, AXC-Müsavat iqtidarı Şuşa və Laçını satıb iqtidara gəlib: “Kəlbəcəri verib hakimiyyətdə qalmağa çalışdılar, 1993-cü ilin yayında isə Heydər Əliyevdən qisas almaq üçün özlərinə bağlı qüvvələri geri çəkməklə Füzuli, Cəbrayıl, Zəngilanı qumara qoydular”.

araz.az xəbər portalı.