Bir çox ölkənin vətəndaşları üçün Şengen vizası əldə etmək ciddi problemə çevrilib. Afrikada vəziyyət daha ağırdır. Bu qitənin sakinlərinin viza müraciətlərinin təxminən yarısına rədd cavabı verilir. Digər tərəfdən, viza müraciətlərinin çoxluğu Avropa ölkələrinin büdcəsini zənginləşdirir. Bu qarışıq vəziyyətdən istifadə edən vasitəçi şirkətlər və diplomatlar da kifayət qədər qeyri-leqal gəlir əldə edirlər.  

araz.az avtosfer.az-a istinadən xəbər verir ki, 2023-cü ildə Şengen vizasından imtina Afrika sakinlərinə 54 milyon avro ziyan vurub. Şengen vizası üçün afrikalıların etdiyi müraciətlərin 41%-nə rədd cavabı verilib və iddiaçıların ödədiyi məbləğ geri qaytarılmayıb.
Vizadan imtinaya görə ən çox zərər görənlər Əlcəzair vətəndaşlarıdır. Onların ödədiyi 13 milyon avro Avropa ölkələrinin büdcəsini zənginləşdirsə də, viza ala bilməyiblər. Növbəti yeri isə 11 milyon avro zərərlə Mərakeş tutur. Söhbət Şengen vizası üçün ən çox müraciət edən 2 Afrika ölkəsindən gedir. Hər 2 ölkə Fransanın keçmiş müstəmləkələridir. Vizadan imtinaya görə növbəti yerləri Misir, Niger və Tunis tutur. Altıncı yerdə qərar tutan Seneqalda isə əhali əldə etmədiyi vizaya görə 2,1 milyon avro vəsait ödəyib. Bu ölkənin pasportunu daşıyanların müraciətlərinin 70%-nə rədd cavabı verilib. Konqo, Mali və Qvineyada vizadan imtina göstəricisi daha yüksəkdir.
Afrika ölkələrində viza əldə edilməsi prosedurunda kriminallaşma da yüksək səviyyədədir. Viza müraciətləri müxtəlif agentliklər vasitəsi ilə həyata keçirilir. Səfirlik əməkdaşları ilə əlaqəsi olan vasitəçilər sənədlərin hazırlanması üçün qeyri-rəsmi qaydada kifayət qədər böyük məbləğ tələb edirlər. Buna görə də, bu və ya digər ölkənin səfirliyində viza qalmaqalı ilə bağlı vaxtaşırı xəbərlər yayılır.
Bu həftədən etibarən viza rüsumu 10 avro artırılaraq 90 avroya çatıb. Bu da Afrika qitəsi əhalisinin böyük hissəsi üçün çox ciddi rəqəmdir. Avropa ölkələrinin büdcəsi isə asan gəlirlə zənginləşir. Hesablamaya görə, viza müraciətindən imtina edilmiş  afrikalıların ödədiyi vəsaitlə 255 ədəd son model Ferrari almaq mümkündür.

araz.az xəbər portalı.