Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramı –Müqəddəs Qurban Bayramı münasibəti ilə, “Araz” Qəzetlər Qrupunun və araz.az xəbər portalının kollektivi adından, bu media orqanının dəyərli oxucularına və bütün Azərbaycan xalqına bayram təbriki ünvanlanıb. Dərin hörmət ifadələri ilə və səmimi duyğularla zəngin həmin təbrik bu sözlərlə başlayır: 

“Dəyərli Vətən övladları, əziz oxucular və dostlar! Dünya müsəlmanlarının mənəvi birliklərinin, həmrəyliklərinin və qardaşlıqlarının rəmzi olaraq tarixdə əbədiləşən, yüksək bəşəri amalları və ilahi mərhəməti özündə ehtiva edən Müqəddəs Qurban Bayramı münasibəti ilə, doğma və yaxınlarınızla bərabər, hər birinizə ürəkdən gələn ən səmimi təbriklərimizi, ən xoş arzu və diləklərimizi çatdırırıq. Ulu Tanrı mərhəmətinin böyüklü-kiçikli heç birinizin üstündən əskik olmaması diləyiylə:

“Müqəddəs Qurban Bayramınız mübarək olsun!” — deyirik”.

Bundan sonra təbrikin mətnində Qurban Bayramının əsas mahiyyəti açıqlanıb, onun müqəddəslik səbəbləri xüsusi vurğulanıb: “Böyük Allah yolunda hər cür fədakarlığa hazırlığın, mənəvi kamilliyin, sarsılmaz vəhdətin rəmzi kimi əbədiləşən bu Müqəddəs Bayram, doğrudan da, İslam dininin mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə xüsusi təcəssüm etdirir. Təşəkkül tapdığı gündən, həm də insanları mərhəmətə və mehribançılığa dəvət edərək, cəmiyyətdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilib”.

Bu Mübarək Bayram münasibəti ilə, arzu və istəklərini xalqımızın hər bir vətəndaşına, dəyərli oxucularına ürəkdən çatdırmağa çalışan təbrik müəllifləri, daha sonra qeyd ediblər:

“Qurban Bayramı günlərində dünyanın müsəlman övladları haqq yolunda, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirib, Ulu Yaradana daha yaxınlığın sevincini yaşayıblar. Çünki tarix boyu bəşər mədəniyyətinin möhtəşəm mərhələsini təşkil edən İslam sivilizasiyası ayrı-ayrı xalqların da dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb. Elə, buna görədir ki, mütərəqqi İslamın adət-ənənələrini və mənəvi-əxlaqi dəyərlərini Azərbaycan xalqı da, hər zaman uca tutub. Bunun məntiqi nəticəsi olaraq, Azərbaycan, İslam dünyasının tarixi-mədəni mərkəzlərindən biri kimi formalaşıb, dünya mədəniyyətinə və elmi-fəlsəfi fikrinin inkişafına misilsiz töhfələr bəxş edib. Üstəlik, Azərbaycan xalqının qəhrəman övladları doğma Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda da canlarından keçməyə hazır olduqlarını bütün dünyaya nümayiş etdiriblər. Bunun ən bariz nümunəsi, 44 günlük möhtəşəm Vətən Müharibəsində əldə olunan Böyük Qələbə ilə də ortaya qoyulub. Məhz buna görədir ki, Azərbaycan xalqının şəhid qəhrəman övladlarının nurlu xatirəsini bu Mübarək Bayram günlərində daha dərin ehtiramla yad edib, şərəfli adlarını heç zaman unutmayacağımızı, onların ailələrini, eləcə də qəhrəman qazilərimizi daimi diqqətimizdə saxlayacağımızı bir daha bəyan edirik”.

Müəllifləri, Mübarək Qurban Bayramı təbriklərinin sonunda, hər bir Azərbaycan vətəndaşına, araz.az-ın dəyərli oxucularına dünya müsəlmanlarının bu əziz günlərində Böyük Allaha yaxınlığın fərəhini yaşamaq fürsəti əldə etməyi, ölkəmizin rifahı və firavanlığı üçün etdikləri dualarının, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatının və Böyük Allaha şükranlıq hissi ilə kəsdikləri qurbanlarının cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu daha da gücləndirməsini, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilməsini səmimi qəlbdən gələn bu duyğular ifadəsiylə bir daha arzulayıblar: WhatsApp Image 2022 07 09 at 00.32.04

“Bu nurlu bayram günlərində Böyük Allah adına kəsdiyiniz qurbanlarınızın, gördüyünüz xeyirxah işlərinizin, dövlətimizin tərəqqisi və xalqımızın əmin-amanlığı naminə etdiyiniz dualarınızın, ülvi arzularınızın, pak niyyətlərinizin Ulu Tanrı dərgahında qəbulu və çin olması diləyiylə, Uca Yaradandan hamınıza möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik və əmin-amanlıq, süfrənizə bol ruzi-bərəkət də arzulayırıq!”.

araz.az xəbər portalı.