Şirvan Dövlət Yol Polis (DYP) şöbəsi rəisi Afət Mirzəyevin kabinetində insident yaşanıb. Azeuronews.com-un xəbərinə görə, şəhərin “Rövşən” şadlıq evinin sahibi İbrahim DYP rəisinin otağına hücum çəkərək, onunla mübahisə edib. Tərəflərin mübahisəsi böyüyüb və restoran sahibi DYP rəisini yumruqlayıb.
Araz.az Azeuronews.com-a istinala bildirir ki, hadisənin təfərrüatlarını öyrənib. Şirvandan saytımıza məlumat verən hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri bildirib ki, buna səbəb ötən gün A.Mirzəyevin İbrahimə avtomobilini qadağan olunmuş yerdə saxladığını irad tutması olub. Bu söz onun xoşuna gəlməyib və DYP rəisi ilə küçədə mübahisə edib. Amma əsəbləri soyumayan iş adamı axşam saatlarında DYP rəisinin kabinetinə hücum edib və onu vurub.
İddialara görə, İbrahim həmin an hirsli və içkili olub. Hadisədən sonra onun saxlandıldığı bildirilir. Deyilir ki, restoran sahibi ilə DYP rəisinin əvvəldən dostluq əlaqələri olub. Lakin bu münasibətlər Ukraynanın Truskavets şəhərində düşmənçiliyə çevrilib. Onların arasında şəxsi zəmində mübahisə olub və Şirvana qədər bu konflikt davam edib.
Xəbər saytımıza hazırlanarkən öyrəndik ki, artıq hadisə ilə bağlı Cinayət işi açılıb, araşdırma aparılır.
Hadisə ilə bağlı Şirvan Dövlət Yol Polis (DYP) şöbəsi rəisi Afət Mirzəyev və “Rövşən” şadlıq evinin sahibi ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfin də mövqeyini öyrənib, dərc etməyə hazırıq.
araz.az xəbər portalı.