“Təzadlar” qəzeti və saytının əməkdaşları Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla görüşmək üçün rəsmi müraciət qəbul edib…

Bu barədə Araz.az Media Qrupuna qəzetin və saytın təsisçisi, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili bildirib. Sitat: “Artıq üçüncü dəfədir ki, 31 illik fəaliyyət tarixi olan bir qəzetin Qarabağın işğal edilmiş rayonlarından məcburi köçkün düşmüş 10 daimi əməkdaşları mediaya dövlət dəstəyi layihələrindən kənarda saxlanılır. Hər dəfə Agentliyin rəhbərliyinə problemə aydınlıq gətirilməsini xahiş etmişik, bizə şifahi olaraq izah verən Agentlik əməkdaşlarının arqumentlərinə hörmətlə yanaşmış, deyilən, lakin tərəfimizdən təkzib edilən problemin aradan qaldırıldığını bildirmişik. Lakin yenə də bizə məlum olmayan səbəbdən bu məsələ narahat formada qalır… Hər şey ekspert rəyi ilə əsaslandırılır, lakin saytımızı idarə edən Türkiyəli adminin təqdim etdiyi statistik rəqəmlər bu rəyləri təkzib edir… Bu dəfə qərara aldıq ki, baş verənlərə hansısa əməkdaşların şifahi izahını dinləməyək, şəxsinə böyük hörmət etdiyimiz icraçı direktor Əhməd İsmayılovla şəxsən görüşək…”.

Baş redaktor bildirdi ki, qəzetin 10 əməkdaşının imzaladığı rəsmi müraciət dünən- iyunun 21-də Agentliyə təqdim edilib: “Əməkdaşlarımızın demək olar hamısı köçkün statuslu jurnalistlərdir. Ağdamdan, Füzulidən, Laçından, Cəbrayıldan… olan jurnalistlər uzun illərdir bu qəzetdə çalışır, peşəkar imza sahibidirlər. İndi yaradılmış məlum problem üzündən onlar işdən çıxarılmalıdırlar. Çünki Media reyestrində olduğumuzdan hər gün məcburi qaydada 20 özəl xəbər və həftədə bir müəllif yazısı yayımlamaq tələb edilir. Məvacib almadan bunu kim edə bilər? Üstəlik, hər gün 20 oxucunun izləyib oxuya biləcəyi 20 özəl xəbər və ya məqaləni Azərbaycan kimi bir ölkədə necə tapıb yaymaq olar? Ən vacibi, faktiki olaraq əmək haqqı almayan bu əməkdaşlara görə (ştatda olduqları üçün) hər ay formal olaraq dövlət büdcəsinə 500-600 manat vergi ödəyir, elə bu qədər də icarə haqqı veririk… Mən bura mətbəə xərcini, saytın saxlanması üçün hər il Türkiyədəki adminə 500 evro pul ödədiyimizi, internet, telefon, bu işçilərin həyat sığortasını və s. də əlavə etmək istəyirəm… Reklam bazarı olmayan media mühitində bu qədər xərci necə və hardan tapıb ödəməliyik. Əmək haqqı isə yox dərəcəsindədir…”.

Baş redaktor inandığını ifadə edib ki, Medianın İnkişafı Agentliyinin rəhbırliyinin yaranmış problemdən çıxış yolu tapacağına inanır: “Agentlik Dövlət büdcəsindən maliyyələşir. Əsasnamə və məramnaməsində də qeyd olunur ki, məqsəd peşəkar mediaya dəstək verməkdir. Bu dəstəyin isə formaları çoxdur. Bizə layihə verilməsinə mane olan səbəb və ya səbəbkarlar varsa, başqa forma seçilsin… Hansı ki, əməkdaşlarımızın sırasında Qarabağ müharibəsinin veteranı, döyüşçüsü, dünya çapında tanınan imza sahibləri də var… Onları itirəkmi?! Əməkdaşımız, tanınmış, tanınmış jurnalist Səriyyə Müslümqızı bu günlərdə Xocalıda Prezident İlham Əliyevlə, Mehriban xanım Əliyeva ilə görüşdü, bir saata yaxın təmasda oldu. Biz problemimizi aidiyyəti üzrə çatdıra da bilərdik. Lakin Medianın İnkişafı Agentliyi rəhbərliyinin başı üzərindən bunu edə bilməzdik… Hər halda, məsələ bizə aydınlaşdırılmalıdır…”.

 

araz.az xəbər portalı.