Bəli, Fernando Santuş sıradan məşqçi deyil. O, Portuqaliya yığmasını Avropa çempionu edib. Bu ölkənin tarixində bunu bacaran yeganə məşqçidir.
Bəs Santuş bunu necə bacardı və biz, Azərbaycana gələn bu “ağsaqqal”ı niyə hədəf almışıq?
2016-cı ildə Portuqaliya millisində Santuşun sərəncamında xəzinə vardı: ləl-cavahiratla dolu xəzinə – Brunu Alveş, Pepe, Rikardu Karvalyo, Joao Moutinyo, Nani, Rikardu Kuarejma…
Və brilyant – Kriştiano Ronaldo. Santuşun yalnız bir vəzifəsi qalırdı – bu ləl-cavahiratı cilalamaq. Başqa nə işi ola bilərdi ki? Santuş Ronaldoya, Kuarejmaya, Pepeyə futbolu necə oynamaq lazım olduğunu öyrədəcəkdi?
Və bu adam Azərbaycan yığmasının oyununa baxdıqdan sonra AFFA-dan gələn təklifi qəbul edib. Hər halda, AFFA rəsmisi Sərxan Hacıyev belə deyib mətbuata. Nə görüb Santuş Azərbaycan yığmasının heyətində? Zaqreb “Dinamo”sunda heyətə düşə bilməyən Mahir Emrelini? O Mahir ki, “Legiya”ya gedəndən sonra belə demişdi: “Azərbaycanda uşaq futbolunda öyrənməli olduqlarımı indi mənə burada öyrədirlər”. Yəni adam etiraf etmişdi ki, ona Azərbaycanda futbolu necə oynamaq lazım olduğunu öyrətməyiblər, 24 yaşında Polşada öyrədirlər.
Daha kimi görüb Santuş Azərbaycan yığmasında? Türkiyənin ikinci dəstəsində autsayder komandaların da heyətinə düşə bilməyən futbolçuları? Və nə görüb onlarda? Bəlkə brilyantdırlar, xəbərimiz olmayıb?
Yox, şüşədirlər, adi şüşə. Ola bilməz ki, Santuş kimi zərgər şüşə ilə brilyantı ayırd edə bilməsin. Elə gözəl ayırd edir… Amma indi o, şüşəni brilyant kimi görməyə məhkumdur. Daha sifariş almır axı brilyant sahiblərindən.
Yaşının da elə vaxtıdır ki, pul qazanmalıdır.
Azərbaycan ictimaiyyəti buna görə qəzəblidir. Düz 16 il dəyişiklik gözlədi bu ictimaiyyət. Gözlədi ki, yeni AFFA rəhbərliyi dərhal Azərbaycanın bölgələrinə səfər edəcək. Orada infrastruktur quracaq. Brilyant tapmaq üçün.
Brilyantlar oradadır – bölgələrdə, kasıb-kusub evlərində.
Brilyantlar oradadır – oynamağa meydan, geyməyə buts, forma tapa bilməyən məsum baxışlı uşaqların arasındadır.
Amma AFFA rəhbərliyi üzünü o tərəfə – brilyantların olduğu yerə çevirmədi. Brilyantı tapmaq asan deyil. Zəhmət çəkməlisən, tər tökməlisən, üst-başın toz olmalıdır, palçığa batmalısan.
Santuşu gətirdilər. Santuş Azərbaycan yığmasının oyununa baxıb. Nə görüb orada? Brilyant görmədiyi dəqiqdir. Şüşə görə bilər. Şüşədən brilyant hazırlayacaq? Bu iddiadadırsa, deməli, mütəxəssis deyil artıq. Bəs kimdir? Ancaq sadugər ola bilər. Şüşədən brilyant hazırlayacaq cadugər.
Deməli, AFFA Azərbaycana cadugər gətirib. Elə bir cadugər ki…
P.S. 2008-ci ildə Rövnəq Abdullayev AFFA prezidenti seçiləndən sonra Berti Foqtsu yığmaya baş məşqçi təyin etdilər. Almaniyanı Avropa çempionu edən mütəxəssisi. Amma Almaniya ilə Azərbaycan yığması arasındakı zaman kəsiyində Şotlandiyanı, Nigeriyanı zəlil gününə salmışdı Foqts. Buna baxmayaraq Azərbaycana gətirdilər onu.
2024-cü ildə Rövşən Nəcəf AFFA prezidenti seçilir. Portuqaliyanı Avropa çempionu edən Santuş milliyə gətirilir. Portuqaliya ilə Azərbaycan yığması arasındakı zaman kəsiyində Polşa yığmasını və “Beşiktaş” klubunu dağıtmışdı Santuş. Belə də təsadüf olar? 16 il fərqlə bir adamın yazdığı eyni ssenari. Kimdir ssenarist?
araz.az xəbər portalı.