Yaxın aylarda  növbədənkənar parlament seçkiləri gözlənilir və Milli Məclisin tərkibinin yaxşı mənada dəyişiləcəyinə ümidlər böyükdür.

araz.az  Sitat.ihfo-ya istinadən bildirir ki, hazırki  deputatların əksəriyyəti  haqqında səslənən əsas onların ictimaiyyətə açıq olmaması, jurnalistlərdən qaçması, ictimai diskussiyalarda, debatlarda iştirak etməməsidir. Bu mənada mediada ciddi  debatların keçirilməsi, deputatların burada iştirakı ciddi problemdir.

Bir çox hallarda partiya sədrləri ilə, müstəqil ekspertlərlə debata çıxmağa millət vəkili tapmaq çətin olur.

Məsələ ilə bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu deyib ki, millət vəkillərinin debata gəlməsi ilə bağlı həmişə ciddi problemlər olub: “Məsələn, mən bir sıra TV-lərdə çıxış edən zaman ənənəvi olaraq 3-4 deputatdan başqa heç kəs debata gəlmirdi. Deputatlar söz, fikir, ideya demək məsələsində həddindən artıq yayınırlar”.

S.Cəlaloğlu hesab edir ki, bir çox deputatın savadı və bacarığı buna imkan vermir: “Deputatların çoxu parlamentdə kimlərinsə yazdığı mətnləri üzündən oxuyaraq çıxış edirlər. Faktiki olaraq fikrə, sözə, ideyaya sahib deyillər. Belə şəxslər kimlərinsə tapşırığı ilə deputat olub. Deputatlardan əsasən öz fikrini ifadə edənlər  Elman Nəsirov, Cavid Osmanov, Hikmət Babaoğlu,  və digərləridir ki, debatlarda fəal iştirak edənlər deyəndə bu deputatları misal çəkmək olar”.

araz.az xəbər portalı.