Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatı ölkə futbolumuzun vəziyyətini yenidən gündəmə gətirdi. Bu dəfə istəməsək də…
Detallara çox da varmayacam, amma bəzi, lakin olduqca önəmli məsələlərə yenidən diqqət çəkmək vaxtıdır. Demək olar ki, hər AÇ-da iştirak edən daimi millilərdən savayı, siyahıya baxdıqda nəyinki Azərbaycan futbol camiasını, bütün dünyanı təəccübləndirən ölkələrin adlarına rast gəlmək olur.
Kimisi bu vaxta kimi klub səviyyəsində beynəlxalq arenada ada çıxara bilmədiyi təqdirdə, Avropa Çempionatının final mərhələsində yer alması ilə, kimisi də audsayder deyə hesab edildiyi halda nəhəng futbol ölkələri ilə meydanda əsl əzmkarlıq nümunəsi göstərməsi ilə.
Bu nöqteyi nəzərdən hər iki kateqoriyaya aid edə biləcəyimiz, adı hər birimiz üçün olduqca tanış olan Gürcüstan millisindən söz açmaq yerinə düşər. Bu gün Avropanın klub turnirlərində bir dənə də olsun Gürcüstan futbolunun uğurlu komandasının adını çəkə bilməsək də, milli komanda səviyyəsində çox böyük işlər görülür. Necə ki, onun tam tərsi bizdədir – Milli olaraq istənilən Avropa, Dünya Çempionatlarının seçmə mərhələlərindən tutmuş, son illər bizə bu turnirlərin final həyəcanını yaşamağımız üçün bir ümid qapısı kimi görünən Millətlər Liqasının təsnifat mərhələsinin qruplarında son pillələrdə yer aldığımız halda, son 2 ildir çempionatı 8 klubdan 10 kluba yeni qaldırılan Azərbaycan Premyer Liqasında çıxış edən “Qarabağ”ın Avropa səhnəsində qazandığı və davam etdirdiyi uğurlu seriya kimi.
“Qarabağ”dan fərqli olaraq milli səviyyəsində sıralamadkı yerimizin bu dərəcədə bərbad olması Azərbaycan Futbol Federasiyaları Asossasiyasının bu günə kimi fəaliyyətsizliyinin nəticəsindən başqa bir şey deyil. Və bu gün Ağdam təmsilçinin Avropada adından söz etdirməsi AFFA-nın fəaliyyətinə şamil edilə bilməz. Çünki bu belə olsaydı dolayısı ilə AFFA-nın, birbaşa isə SOCAR-ın kurasiyasında olan “Neftçi” ən azından Avropa Lİqasında qruplara qalmaq kimi uğuru təkrarlayardı. Lakin biz bu gün Azərbaycan futbolu deyəndə yalnız “Qarabağ” düşünə bilirik. Bu uğurdurmu? Xeyir. Bu, uğurdan çox fəlakətdir. O fəlakət ki, AFFA-nın bu günə qədər yarıtmaz futbol strategiyasını özündə əks etdirir.
Ölkədə istər stadionlar, istərsə də uşaq futbol məktəbi sarıdan çox böyük problemlər hələ də hökm sürür. Hələ Premyer Lİqada iştirak edən klubların Akademiyasının olub-olmamasından danışmıram. Lakin ölkəsinin futbol federasiyasının büdcəsi və iqtisadi imkanları Azərbaycanla müqayisədə çox-çox aşağı olan Gürcüstanın bu gün Avropa Çenmpionatına vəsiqə qazanması və göstırdiyi oyunu təqdir etməmək əldə deyil. İmkanları Azərbaycanla müqayisədə xeyli məhdud olan Gürcüstanın milli komandasının bugünki uğurunun arxasında düzgün və gələcəyə hesablanmış düzgün futbol strategiyası dayanır.
Ortada olan faktlar və nəticələr deməyə əsas verir ki, bu gün Azərbaycan futbolu ən böyük maliyyənin havaya sovrulduğu sektorlardan biri, eyni zamanda pul hərislərinin qurbanıdır. Amma bir məsələdə bəxtimiz gətirib ki, bu Qurban (Qurbanov) da bizdən üz döndərməyib.
Milliyə dəvət edilən ad-sanlı, titullu baş məşqçilərin komandanın sükanı arxasında yer alması futbolumuza qənim kəsilənlərin gözdən pərdə asmaq üçün ən ideal və şablon variantıdır. Artıq elə görüntü yaranıb ki, Azərbaycan millisinin bataqlıqdan çıxması inandırıcı təəssürat bağışlamır. Məhz Azərbaycan futbol ictimaiyyətinin fikrində, ağlında bu düşüncəni inkişaf etdirmək, sözügedən təsəvvürü gücləndirmək süni meydançalarımızın, akademiyasız klublarımızın mövcudluğunu əbədiləşdirir. Bu da bizə qonşu Gürcüstana, Albaniyaya, Ruminiyaya hələ çox həsədlə baxacağımız mənasına gəlir.
Məhz adını çəkdiyim millilərin bugünki uğurları AFFA-dakı dolaşıq məsələlərin həddindən artıq çox olduğunu, əslində ölkə futbolunun və gələcəyinin yox, ciblərini necə doldurmağın yollarını düşündüklərini ifşa edir.
Heç utanırsınız?
araz.az xəbər portalı.