Nyu-York merinin baş müşaviri Rəna Abbasova haqqında bu yaxınlarda yazmışdım. Həmin yazı əksər saytlar tərəfindən verilmişdi.
O vaxt sosial şəbəkələrdə belə bir rəy formalaşdırmağa çalışırdılar ki, Amerika kimi ultra-demokratik bir ölkədə rüşvət almaqda suçlanan Rəna xanım tezliklə həbs olunacaq. Ancaq biz elə o vaxt da yazmışdıq ki, Amerikada bu kimi ittihamlarla kimlərinsə həbs olunması nadir hallarda baş verir. Məsələn, ABŞ Konqresində erməni lobbisinin əsas müdafiəçisi kimi tanınan Bob Menendez az qala 10 ildir ki, rüşvət və korrupsiya qalmaqalında suçlanır. Ancaq hələ də o, həbs olunmayıb. Sadəcə Konqresin Xarici Əlaqələr Şöbəsinin rəhbəri vəzifəsindən istefa verməli olub.
Rəna Abbasova
Bilməyənlər üçün deyim ki, Nyu-York şəhərinin meri qaradərili Erik Adamsdır. 1960-cı il doğumli mer uşaq vaxtı çox nadinc olub. Özü yazır ki, polis dairəsində məni o qədər döymüşdülər ki, işəyəndə sidik yerinə qan gəlmişdi.
Maraqlıdır ki, o, 20 il polisdə zabit kimi çalışıb. 2006-cı ildə Adams polis məmuru kimi televiziyaya müsahibə verib və Bələdiyyə Başçısı Maykl Blumberqi tənqid edib. Elə buna görə də 2006-cı ildə o, kapitan rütbəsi ilə polisdən təqaüdə göndərilib…
2022-ci ildən Nyu-York şəhərinin 110-cu meri seçilib. Demokratik Partiyanın ideoloji cəhətdən mötədil üzvü olan cənab Adams zorlamaya görə məhkum olunmuş əfsanəvi boksçu Mayk Tayson həbsdən azad ediləndə boksçunu müşayiət edən maşın karvanına rəhbərlik edib.
Erik Adams
Amerika prezidenti Co Bayden, uzun müddət ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsində çalışmış ermənənilərin yaxın dostu kimi tanınan Nensi Pelosi də ona açıq şəkildə dəstək verib.
Adams heç vaxt evlənməsə də bir oğlu var. Nyu-Yorkun merinə Amerikada “Nightlife Mayor” (gecə həyatı yaşayan vali) deyirlər. O, gözəl xanımlarla isti münasibətdə olduğunu da heç vaxt gizlətməyib.
İllik maaşı 81.651 dollar olan Rəna Abbasova belə bir mer ilə 10 ildən çoxdur ki, bir yerdə çalışır. Onu tanıyanlar deyir ki, “Rəna sakit və təvazökar insandır”.
Rəna xanım Nyu-York meriyası ilə Yaxın Şərq və Mərkəzi Asiya ölkələri, müsəlman və rusdilli icmalar və qeyri-kommersiya təşkilatları arasında əlaqələrin saxlanmasına cavabdeh olub. 2017-ci ilin aprelində Erik Adams və Türkiyə prezidentinin oğlu Bilal tərəfindən dəstəklənən Türklərin Vəqfi arasında görüş təşkil edib.
Amerika mediası vurğulayır ki, Rəna Abbasova Türkiyə və Azərbaycan iqtidarı ilə yaxın münasibətdə olub və öz şefi ilə adıçəkilən ölkələrin xeyrinə müəyyən işlər görüb.
2 noyabr 2023-cü ildə Federal Təhqiqat Bürosu Erik Adamsla bağlı araşdırmalara başlayıb. Bu səbəbdən də Rəna Abbasovanın fəaliyyəti də istintaqın maraq dairəsinə daxil olub. Araşıdırmalar davam edir. Britaniyanın “independent.co.uk” saytı yazır ki, Rəna Abbasova istintaqla yaxından əməkdaşlıq edir.
Sayt yazır: “Nə cənab Adams, nə də ki xanım Abbasova yanlış əməllər törətməkdə ittiham olunmurlar”.
Britaniya saytı da yazır ki, Nyu-York merinin Türkiyənin dövlət rəsmiləri və qurumları, eləcə də Nyu Yorkdakı Türk-Amerika icması ilə uzunmüddətli əlaqələri var.
Federal Təhqiqat Bürosu istintaqa başlamamışdan cəmi altı gün əvvəl bayraq qaldırma mərasimi zamanı cənab Adams çıxışında demişdi: “Nyu York şəhəri Amerikanın İstanbuludur”. Daha sonra mer vurğulamışdı ki, o, altıncı, bəlkə də yeddinci dəfədir ki, Türkiyəyə səfər edir.
Mənim üçün bu olayda diqqətə layiq olan daha bir məqam var. Gənc bir azərbaycanlı xanım- Rəna Abbasova Nyu-Yorka gedir və orada yaşanan qaynar həyatın-siyasi burulğanların içində özünə ciddi karyera qura bilir. Kifayət qədər böyük işlər görür. Əminəm ki, bundan sonra da o, öz işini davam etdirəcək. Onun gördüyü işlər Amerika-Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişafına hesablanıb.
Ermənilərin ciddi söz sahibi olduğu Amerikada Azərbaycanın da səsi eşidilməlidir. Özü də mümkün qədər ucadan…
Elbəyi HƏSƏNLİ,
SÜRİX
araz.az xəbər portalı.