Ilham-Aliyev2412201801.jpg

    2003-cü ilin oktyabr ayının 15-dən dövlətimizin başçısı olan İlham Əliyev cənablarının bu gün 57 yaşı tamam olur.

Bu münasibətlə, cənab prezidenti “Araz” Media Qrupunun və araz.az xəbər portalının kollektivləri səmimi qəlbdən təbrik edir, işlərində daha böyük uğurlar, ailə səadəti, uzun ömür və can sağlığı diləyirlər.

      1961-ci il dekabrın 24-də Bakıda anadan olan İlham Heydər oğlu Əliyev, 1967-1977-ci illərdə bu şəhərdəki orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub və bu institutu müvəffəqiyyətlə bitirib. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olan İlham Əliyev, 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə, o, həmin ali təhsil müəssisəsində müəllim işləyib. Hazırda siyasi elmlər doktorudur.

        İlham Əliyev 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə, birinci vitse-prezidenti vəzifələrində çalışıb. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. O, bu vəzifələrdə çalışarkən, həm də iki dəfə — 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ildən isə, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.         1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini seçilən İlham Əliyev, 2005-ci ildən indiyədək YAP-ın sədridir. 2001-2003-cü illərdə, o, həm də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

        2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması ilə əlaqədar olaraq, İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

        2003-cü il oktyabrın 15-dən İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, beş il müddətinə müstəqil respublikamızın prezidenti seçilib. Bu müddət ərzində dövlətimizin bütün sahələrdə qazandığı möhtəşəm uğurlar sübut edib ki, xalqımız, İlham Əliyevin lehinə səs verməklə, müstəqil Azərbaycanımızın sabitliyinə, dayanıqlı sosial-iqtisadi inkişafına, tərəqqisinə və müstəqil siyasətinə səs vermiş olub; Elə, bu doğru seçimlə də, azad və demokratik respublikamızın xoşbəxt və firavan gələcəyini təmin etdiyinə tam əmin olub.

      İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızı bundan sonra da daha parlaq gələcək gözlədiyinə tam əmin olan xalqımız, seçicilərin böyük əksəriyyətinin səsi ilə, 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə ikinci, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə üçüncü, 2018-ci ilin 11 aprelində keçirilən seçkilərdə isə, dördüncü dəfə onu özünə rəhbər seçib. Bu müddətlər ərzində də, İlham Əliyevin rəhbərliyi altında müstəqil respublikamızın daxili və xarici siyasətdə, iqtisadiyyatda əldə etdiyi dinamik inkişafla bərabər, müasir dövlətimizi xarakterizə edən əsas amillərdən biri olan müasir standartlara cavab verən güclü ordu yaratması bir daha bütün dünyaya nümayiş etdirdi ki, “güclü iqtisadiyyata arxalanan qüdrətli ordu” formulu ölkə başçımızın uzunmüddətli  fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib. Bütün sahələrdəki möhtəşəm uğurlarla yanaşı, müstəqil Azərbaycanımız İlham Əliyevin rəhbərliyi altında həm də özünü bütün azadlıqların təmin olunduğu müasir, demokratik, tolerant və multikultural bir ölkə kimi dünyaya tanıdib.

       Heç şübhəsiz, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin  uzaqgörən siyasətindən qaynaqlanan  yorulmaz fəaliyyəti sayəsində dövlətimiz dünya miqyaslı geosiyasi mərkəz statusunu qazanıb, siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin və qlobal əhəmiyyətli görüşlərin keçirildiyi məkana çevrilib. Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, bu gün müstəqil dövlətimizin mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmlənib. Respublikamızın beynəlxalq nüfuzu getdikcə daha da güclənir və bunun sayəsində tərəfdaşlar ölkəmizi güclü, müstəqil və etibarlı bir tərəfdaş kimi qəbul edirlər.

      Ölkə başçısı və digər rəhbər postlarında qazandığı uğurların nəticəsidir ki, İlham Əliyevin təltif olunduğu orden, medal, mükafat və fəxri adlar böyük genişliyi əhatə edir. O, həm də azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

      Onu da qeyd edək ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə 1983-cü ildə ailə həyatı quran İlham Əliyev gözəl ailə başçısıdır. Leyla, Arzu və Heydər adlı üç övlad atası olan dövlət başçımızın həm də beş nəvəsi var.

araz.az

araz.az xəbər portalı.