Ölkəmizin iqtisadi, sosial, ictimai-siyasi və digər sahələrində dirçəlişə və tərəqqiyə hesablanan son 30 ildəki dərin islahatların gündən-günə genişlənməsi dövlətimizin qüdrətindən xəbər verir.
Göz önündəki bütün reallıq və həqiqətlər də, bunu deyir.Bütün bunlardövlətimiz adından aparılan məqsədyönlü siyasətin müsbət nəticəsi ilə sıx bağlıdır. Bu yerdə, öncə onu demək yerinə düşər ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra, iqtisadi sektorda sabit və daimi inkişaf indikatorlarına sahib azad və demokratik ölkə olaraq, iqtisadi inkişaf doktrinasını prioritet hədəf səviyyəsində qarşısına əsas məqsəd kimi qoydu.
Məlum olduğu kimi, hər bir demokratik ölkənin öz müstəqilliyinin daimiliyi üçün, onun möhkəm dayaq sütunlarının olması vacib şərtlərdən biridir. Məhz buna görə də, ilk öncə, milli-ideoloji prinsipləri əsas olaraq qəbul edən, müstəqil dövlətçilik ənənəsini formalaşdıran liderə ehtiyac qaçılmaz olub. Elə, 1993-cü ildə xalqın istəyi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev də, qeyd olunan əsas prinsiplərin banisi olaraq tarixə düşdü. Bütün bunlar isə, Ulu Öndərin əvəzolunmaz şəxsiyyət olmasının və rəhbərlik təcrübəsinin bəhrəsidir. O, ölkəmizin iqtisadiyyatını, xalqın rifahnı, elmin inkişafını qısa zaman ərzində, digər sovet respublikaları arasında öndə gedən ölkələr sırasına çıxarmağa da nail oldu.
Bu da nəticəsi: Bu gün Azərbaycan nəinki post-sovet, hətta dünyanın inkişaf etmiş dövlətlərindən biridir. Çünki sükan etibarlı əldədir — Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının səmərəli və uğurlu idarəçilik fəaliyyəti danılmazdır. Dövlət başçısının çıxışlarının birində dediyi kimi, biz, Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq: “Heç kim bu işdə bizə mane ola bilməz!”.
Onu da deyək ki, bu uğurlu siyasət nəticəsində, uzun illərdir Azərbaycan diaspor təşkilatları da, durmadan inkişaf edir və ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdıra bilir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın çağırış xarakterli müraciətləri sayəsində, artıq, Azərbaycan haqqında dünya ictimaiyyətinə düzgün informasiya verilir. Bu da, Diasporla İş üzrə Dövlət Komitəsinin məhsuldar fəaliyyətinin bəhrəsidir.
Fikrimcə, Diasporla İş üzrə Dövlət Komitəsi bir rəsmi qurum olaraq, müxtəlif ölkələrdə yaşayan soydaşlarımıza və onların yaratdığı təşkilatlara “biz sizin yanınızdayıq” mesajını verdiyi üçün, onların fəaliyyəti daha məhsuldar olur.
Yeri gəlmişkən, bir xatirəmi sizinlə paylaşmaq istəyirəm. Bir-neçə il bundan öncə Rusiya Federasiyasının Ryazan vilayətində səfərdə olarkən, bizim diaspor təşkilatlarımızın erməni yalanlarını necə ifşa etdiyinin canlı şahidi oldum. Həmin diaspor qurumları nümayəndələrinin əllərində Diasporla İş üzrə Dövlət Komitəsinin göndərdiyi kitab, buklet və flayerlərin nə qədər faydalı olduğunu gördüm. Göndərilən kitab, buklet və flayerlərdə Azərbaycan həqiqətlərinin tarixi və erməni iddialarının nə qədər əsassız olduğu qeyd olunmuşdu. Bu, məni bir azərbaycanlı kimi, çox sevindirdi. Dünyada baş verən hadisələr bir daha sübut edir ki, fəaliyyətimiz mütəmadi olaraq təbliğat-təşviqatdan ibarət olmalıdır.
Düşünürəm ki, diaspor təşkilatlarımız ölkəmizə qarşı hər cür təxribatın qarşısının alınmasında aktiv olmalıdır. Dünya azərbaycanlıları və diaspor təşkilatlarımız bizim haqq işimizin əsas müdafiəçisi kimi, daim fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən hər bir iş, atılan hər bir addım xalqımızın xeyrinə olacaq. Unutmaq olmaz ki, qloballaşan dünyada informasiya mübadiləsi mühüm rol oynayır və onun əhəmiyyəti getdikcə artmaqda davam edir. Kompüter texnologiyalarının sürətli inkişafına yol açan informasiya mübadiləsi haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əsas silahlardan biri olmalıdır. Yeri gəlmişkən, məni narahat edən bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm. Bizim diaspor təşkilatlarımızın bir çoxunun Web saytlarının olmaması məni çox narahat edir. İnanıram ki, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq.
Bütün diaspor təşkilatlatlarımız bilməlidirlər ki, gündən-günə güclənən Azərbaycan Respublikası onların dayağıdır.
Cənab Prezident Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında bu barədə deyib: “Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha böyük dəstək verə biləcək.”
Orxan ORUCOV,
politoloq, Beynəlxalq Diaspor Mərkəzinin müşaviri.
araz.az xəbər portalı.