Ötən gün ADY elektrik enerjisinin kəsilməsi səbəbindən Ağstafa-Bakı qatarının Dəllər və Goran stansiyaları istiqamətində hərəkətdə olarkən 2 saat yolda yubandığını yazıb.
araz.az YeniGündəm-ə istinadən bildirir ki, ADY bununla bağlı açıqlama da yayıb. Kəskin istidə, diskomfort mühitdə bayram tətilindən dönən onlarla sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrıldığını yazıb.
Təsəvvür edirəm ki, bu istidə sərnişinlər nə çəkiblər, bayram tətilindən sonra Bakıya gətirdkləri ərzaq hansı vəziyyətə düşüb.
Maraqlı məqam odur ki, ADY-nin bununla bağlı olan Facebook paylaşımının altında hamı ADY-ni asıb-kəsir. Yumşaq desəm bu, ədalətsizlikdir. ADY-ni sadəcə evakuasiyanı effektiv təşkil etməməkdə sorğulamaq olardı. Amma heç kim qəzanın əsas səbəbkarının – “Azərişıq” ASC-nin adını çəkməyib.
ADY isə birmənalı olaraq açıqlayıb ki, baş verənlər birbaşa “Azərişıq” ASC ilə bağlıdır.
Görən strateji bir sahədə, günün günorta çağı nədən belə hal baş verib? Yenə də təkrarlana bilərmi? Təkrarlanmaması üçün hansı addımlar atılıb ?
Təəssüf ki, “Azərişıq” ASC-dən bununla bağlı açıqlamalar olmayıb. Media da deyəsən bunu sorğulamayıb.
Düşünürəm ki, strateji, kritik bir obyektin enerji sektorunda baş verən bu tip hadisələr ciddi araşdırılmalıdr.
Bu, təhlükəsizlik məsələsidir. Aidiyyatı qurumların da buna münasibət sərgiləməsi doğru və məntiqli olardı.
araz.az xəbər portalı.