Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bu ilin may ayının son günü işdən azad edildi. Adına nələr demirdilər?! İcra başçısının işdən nələrə görə çıxarılması barədə araz.az-ın redaksiyasına ötürülən İlginc faktlar, əmlak və mal-mülklərinin siyahısı barədə maraqlı məlumatlar və digər şok yaradan sensasion epizodlar adamı dəhşətə gətirirdi. Başçının Qusardakı evi ilə qarşı-qarşıya yerləşən hoteli, bu şəhər ərazisində tikdirdiyi 5 mərtəbəli binaları, 6 saylı məktəbin yanındakı digər bir hoteli, Nəriman Nərimanov parkındakı möhtəşəm görkəmli restoranı, Bayraq Meydanı yaxınlığındakı başqa 2 hoteli, meşə fonduna aid olan və bir sotu 5 min manatdan satılan 27 hektarlıq torpaq sahəsi və sairə və ilaxır obyekt və mülkləri bu siyahını daha “prestijli” edirdi. Bu xəbər camaat arasında sensasiya yaratdığı bir vaxtda, başçı Şair Alxasovun yaxın adamı və “sag əli” hesab olunan bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edildi. Məlumatlı mənbələr onda bizə bildirdilər ki, törədilən bu cinayət işlərində bələdiyyə sədrinin şəriki icra başçısı və onun müavinləri olub. Kişi müavinlər bir yana, başçının xanım müavini Zoya Eldarovanın adıyla bağlı olan bütün qanunsuzluqlar adamı dəhşətə gətirir.
Ümumiyyətlə, Qusarda qanunazidd nə törədilibsə, hazırda həbsdə olan və mafiya babası kimi qələmə verilən Əlfəddin İbrahimov törədib. Ona bu riskli işləri həyata keçirməkdə ruh və dəstək verənlər də, hal-hazırda vəzifələri başında olan başçı müavinləri olublar. Belə deyirlər ki, hətta bu bəd əməl sahibi Nazirlər Kabinetinin səlahiyyətlərini belə mənimsəyib. Onda qorxub-çəkinmədən torpaqların kateqoriyasını dəyişməsi, hüquq-mühafizə orqanlarının “xəbəri olmadan” meşə ərazilərini satması isə, onun yerli icra hakimiyyətinin lap başında oturması, İcra Hakimiyyətinin bütün rəhbərliyinin onun qarşısında tir-tir əsməsi ilə izah edilirdi.
Doğrudan da, bu – belədir! Belə olmasaydı, — adi bir misal, — Qusar Rayon Zindanmuruq Bələdiyyəsinin
14 fevral, 2005-ci il tarixli 02 saylı Qərarı ilə, saxta bir Şəhadətnamə əsasında, fərdi yaşayış evlərinin tikilməsi, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların və dövlət bağçılıq təsərrüfatı bağlarının salınması üçün nəzərdə tutulan 0,12 hektar torpaq sahəsi, həyətyanı sahə kimi, başçı müavini Zoya Eldarovanın mülkiyyətinə verilməzdi. Axı, bu ərazinin Zoya Eldarovanın adına verilməsinin heç bir qanuni əsası yoxdur. (Dəyərli oxucularımızın diqqətinə çatdırırıq ki, araz.az-ın bu barədə, eləcə də xanım başçı müavininin adına olan digər mal-mülk və obyektlər haqqında geniş yazılarını tezliklə dərc edəcəyik — red.).
Bu yazımızın sonunda isə, onu demək istəyirik ki, rayon camaatı başçı müavinlərinə narazılıq ifadəli belə bir çağırışlarını göndəriblər: “HAZIRDA QUSAR RAYON İCRA BAŞÇISININ SƏLAHİYYƏTLƏRİNİ YERİNƏ YETİRƏN ŞAHİD FƏRƏMƏZOV, BAŞÇININ DİGƏR MÜAVİNLƏRİ ELMAN MUSTAFAYEV VƏ ZOYA ELDAROVA İSTEFA VERMƏK BARƏDƏ DÜŞÜNMƏLİDİRLƏR! ÖLKƏMİZ ÜÇÜN HƏSSAS OLAN BU DÖVRDƏ, BU, ONLARIN ATDIĞI ƏN DOĞRU ADDIM OLARDI — BƏD ƏMƏLLƏRİ HƏDSİZ ƏHALİ NARAZILIĞI YARATDIĞI ÜÇÜN!”.
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
araz.az xəbər portalı.