İran seçki həftəsinə daxil oldu. Prezident seçkilərinə sayılı günlər qalıb. Regionda və dünyada maraqla gözlənilən İrandakı seçki haqda artıq fərqli versiyalar səslənir. Müzakirə edilən mövzulardan biri də prezidentliyə namizədlərin kimliyi və İran cəmiyyətinin onlara olan mövqeyidir.
Namizədlərin şansı necədir? Favorit kimdir? Azərbaycanlı namizədin şansı varmı?
araz.az globalinfo.az-a istinadən xəbər verir ki, politoloq Əlimusa İbrahimov deyib ki, İranda seçki kampaniyası artıq sona yaxınlaşmaqdadır:
“Elan edildiyi kimi, iyunun 28-də ölkədə səsvermə keçiriləcək və ondan sonra İran prezidenti postunu kimin tutacağı məlum olacaq. Digər ölkələrdən fərqli olaraq, İran İslam Respublikasında prezident dövlət başçısı deyil, hökumət başçısı funksiyasını yerinə yetirir, çünki 1980-ci illərin sonunda baş nazir vəzifəsi ləğv edilib və onun vəzifəsini prezident yerinə yetirir. Prezidentin funksiyaları isə ali dini rəhbərə aid edilir.
Başlanğıcda onlarla siyasi və dini xadim bu vəzifəyə öz namizədliyini irəli sürmüşdü, lakin çoxları seçki komissiyasının müəyyən etdiyi bir sıra şərtlərə cavab vermədiyi üçün qeydiyyatdan keçə bilmədi. Yekun siyahı Daxili İşlər Nazirliyi və Konstitusiyanın Mühafizəçiləri Şurası tərəfindən nəzərdən keçirildikdən sonra Ali dini rəhbərə təqdim olundu. Bu mərhələdə Əli Xamneyi də son sözünü deməli idi. Onun istənilən şəxsin namizədliyini heç bir izahat vermədən rədd etmək hüququ var.
Uzun sürən proseslərdən sonra altı namizəd seçkiyə buraxıldı:
- Mustafa Pourmohammadi
- Amir Hossein Qazizadə-Haşimi
- Məsud Pezeşkiyan
- Səid Cəlili
- Əlirza Zəkani
- Məhəmməd Baqir Qalibaf.
Onların hamısı təcrübəli, yüksək vəzifələr tutmuş, Ali dini rəhbərə yaxınlığı ilə seçilən və hələ də vəzifə tutmaqda davam edən siyasətçilərdir”.
Ekspert deyib ki, onlar artıq teledebatlarda görüşür və orada ölkəni idarə etməklə bağlı planlarından danışırlar:
Əlimusa İbrahimov deyib ki, namizədlərdən hansının qələbəyə daha yaxın olduğunu söyləmək olduqca çətindir. Amma bizi maraqlandıran və prezident kimi görmək istədiyimiz heç şübhəsiz Məsud Pezeşkiyan:
“Çünki, o Təbriz azərbaycanlısıdır və ömrünün demək olar ki, bütün hissəsini Təbrizdə keçirib. Əlində imkan olan kimi o Təbrizə, Təbriz əhlinə və bütün Azərbaycana xidmətini göstərəcək. Onun prezident olmasından İranda yaşayan digər xalqlarla yanaşı, azərbaycanlılar da fayda görəcək.
Digər səbəb isə həkim siyasətçinin islahat tərəfdarı olmasıdır. Çünki mühafizəkar prezidentlərdən son onilliklər həm İran xalqı, həm də beynəlxalq münasibətlər yetərincə ziyan görüb.
Məsud Pezeşkiyanın seçkilərdə qalib gəlmək şansı varmı? Əlbəttə ki, var. Çünki 35-40 milyonluq Azərbaycan əhalisi, üstəlik İran əhalisinin 70 faizini təşkil edən islahat tərəfdarları məhz bu namizədə səs verəcəklərini artıq açıqlayıblar. İş o yerə çatıb ki, keçmiş İran rezidenti Həsən Ruhaninin ifadə etdiyinə görə, namizədlər Əlirza Zəkani və Əmir Hüseyin Qazizadə debatlar zamanı Pezeşkianı nüfuzdan və gözdən salmaq üçün SEPAH tərəfindən seçkilərə buraxılıblar. Deməli, Təbrizdən olan azərbaycanlı namizədin prezident seçilməsi SEPAH tərəfindən arzuedilməz kimi qiymətləndirilir. SEPAH-ın bu canfəşanlığı bizim də arzuladığımız namizədin xeyrinə işləyə bilər.
SEPAH istəmədiyi halda o, prezident seçilə biləcəkmi və ya seçilərsə, SEPAH-la münasibətləri necə quracaq? Bu sualların açıq qalır və gələcək tədqiqatların mövzusudur”.
araz.az xəbər portalı.