Tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov (Barış adı ilə tanınır-red.) dünyanın ən məşhur universitetlərindən olan ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun (MIT) bakalavr pilləsində təhsilini başa vurub.
araz.az xəbər verir ki, bu barədə gənc bakalavr özü bildirib.
“Vaxt elə sürətlə keçir ki, bəzən böyük hadisələri unutmaq asan olur. Geriyə baxıb düşündükcə, saysız təsirlər, emosiyalar özünü göstərir. Amma bu 4 il boyunca, kağız üzərində çoxlu ulduzlar cızdım. Çox maraqlı təcrübə oldu. Ən çox ona sevindim ki, öz strategiyamı bacardığım qədər yaxşı tətbiq etdim. Bir daha əmin oldum ki, dəyərlər elmdən, təhsildən də öndədir. Təhsilə də məğlubiyyətdən qorxmadığın bir oyun, yarış, maraqlı iştirak kimi baxmaq olar və bu, oyunu uğurla tamamlamağa kömək edə bilər”, – o deyib.
Massaçusets Texnologiyalar İnstitutunun bakalavr pilləsini əla qiymətlərlə başa vurmuş Abutalıb Namazov (Barış) artıq orada magistr təhsilinə də qəbul olunub.
Massaçusets Texnologiya İnstitutu “Kompüter texnologiyalarının mərkəzi” adlandırılır, elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideri sayılır.
Massaçusets Texnologiyalar İnstitutu nüfuzuna görə dünyanın ən yaxşı ilk 3 universitetindən biridir.
Abutalıb Namazov tam təqaüd proqramı ilə həmin institutda təhsil almağa dəvət olunmuş ilk Azərbaycan vətəndaşıdır.
Abutalıb orta təhsilini başa vurana qədər Azərbaycanda keçirilən Fənn Olimpiadalarının yekun turlarında iştirak edərək, informatikadan 4 qızıl, 1 bürünc, riyaziyyatdan isə 1 gümüş medala layiq görülmüşdü.
2017-ci ildə o, Avropa Gənclərinin İnformatika Olimpiadasında bürünc, Balkan Gənclərinin Riyaziyyat Olimpiadasında gümüş medalla mükafatlandırılmışdı.
2020-ci ildə isə XVI Beynəlxalq Jaltikov Olimpiadasında Abutalıb qızıl medala layiq görülmüşdü.
Ümumiyyətlə, o, orta təhsilini olimpiadalardan 15 medal qazanmaqla başa vurmuşdu.
araz.az xəbər portalı.