Latviya Respublikası dekabrın 20-də keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) arxivlərini açıb. Arxiv materialları mətbuatda dərc edilib. Arxivlərin açıqlanması ilə bir çox maraqlı faktlar gün işığına çıxıb. Belə ki, sənədlərin içində 1939-cu il təvəllüdlü Aleksandr Kudryaşov adlı bir şəxsin adına şəxsi iş var. Məlum olub ki, həmin Aleksandr Kudryaşov Riqa və Bütün Latviyanın mitropoliti Keşiş Aleksandrdır.
Azərbaycanda da zaman-zaman keçmiş DTK-nın arxivlərinin açılması ilə bağlı tələblər səslənib. Lakin rəsmi qurumlar buna razılıq verməyib. Maraqlıdır, Azərbaycanda da keçmiş DTK-nın arxivlərinin açılması mümkündürmü? Arxivlər açılarsa, nə baş verər? 1992-93-cü illərdə hakimiyyətdə olmuş Əbülfəz Elçibəy iqtidarı dövründə də DTK arxivləri açılmadı. AXC hakimiyyəti niyə buna getmədi?
“Heç kəs agent olmaq istəməyəcək”
“Cümhuriyət” qəzetinin suallarını cavablandıran Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTK arxivlərinin açılmasının əleyhinə olduğunu deyib:
“Latviyada 20 ildir ki, bu sənədlərin tam şəkildə açılıb-açılmaması ilə bağlı mübahisə gedirdi. 20 il əvvəl Latviyanın qanunu belə idi ki, kim vəzifəyə gedirdisə, deputat olmaq istəyirdisə, onun “KQB” agenti olub-olmaması ilə bağlı arayış tələb olunurdu. Bunu verirdilər ki, həmin şəxs agent olub, yoxsa yox. Agentin müxtəlif kateqoriyaları da var. Fikir versəniz görərsiniz ki, həmin informasiyada agentin rezidenti və görüş yerlərinin, mənzillərin sahiblərinin kortetekaları verilir. Lativiyada 20 ildən sonra bütün kartetekaları açdılar. Verilən adlar Stalin dövründə ictimai-siyasi şöbədə olanlardır. Şəxsən mən hər zaman agentlərin adlarının açıqlanmasının əleyhinə olmuşam, indi də bu fikirdə qalıram. Latviya insanı ilə bizim xarakterimiz eyni deyil. Təsəvvür edin ki, 80-cı illərdə olan agentlərin adı açıqlandı. Orada nüfuzlu biri, indi vəzifədə olan da, yazıçı da, şair də ola bilər. Nəzərə almaq lazımdır ki, terrorizmə qarşı mübarizə aparan agentura da var. Onların da siyahısını vermək düzgün deyil. İlk növbədə bizim insanımız bu məsələyə sakit yanaşmayacaq. Təsəvvür edin ki, kimsə qonşusunun agent olduğunu bilir. Uşaq biləcək ki, atası, ata biləcək ki, oğlu agentdir. Çox pis bir əhval-ruhiyyə yaranacaq. Elə bir vəziyyət yaranacaq ki, insanlar başqa bir yerə köçüb getmək istəyəcəklər. İnsanlar ailədə sarsıntı keçirəcəklər. Ən əsası isə indiki Dövlət Təhlükəsizlik Xidmətinin mövcud agentura sistemi param-parça olacaq. Agent deyəcək ki, adımın açıqlanmasına heç bir zəmanət yoxdur. Bu il Azərbaycanda qərar qəbul olundu ki, agentin adı lazım gələrsə, yalnız 75 ildən sonra açıqlana bilər. Hesab edirəm ki, 75 il də azdır. Amma ucdantuma agentura şəbəkəsinin adının açıqlanması mövcud təhlükəsizlik xidmətinə, indiki halda Dövlət Təhlükəsizlik Xidmətinə çox ciddi zərər verə bilər. Heç kəs agent olmaq istəməyəcək, amma agentsiz də iş görmək mümkün deyil. Bu mənada Azərbaycanda agentlərin adlarının açıqlanmasının əleyhinəyəm”.
İ.İsmayıl Elçibəy dövründə arxivlərin niyə açılmadığına da aydınlıq gətirib:
“Həmin dövrdə keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov yarımillik hesabatda dedi ki, agentura şəbəkəsinin açıqlanması ilə bağlı söhbət gedir. Orda oturan hər kəs bunun əleyhinə çıxdı ki, əgər agentura açıqlansa bir daha biz kimisə “verbovka” edə bilməyəcəyik. Bizim agentlərin adı açıqlanarsa, onlarla necə işləyəcəyik? Namiq Abbasov özü də dedi ki, biz də bunun əleyhinə olmuşuq. Amma qərara gəlmişik ki, Bəyin əleyhinə olan agentləri açıqlayacağıq. Deyildi ki, konkret olaraq Əbülfəz Elçibəyin əleyhinə işləyən agentlərin adları açıqlanacaq. Biz onun da əleyhinə çıxdıq. Dedik ki, siz bunun gedib Əbülfəz Elçibəyin özünə deyə bilərsiniz, amma bunu açıq şəkildə demək sistemə böyük zərər vuracaq. Agentura şəbəkəsini açıqlamaq üçün əvvəl bunun zərərini düşünmək lazımdır. Maraqlıdır ki, “KQB”-nin agentlərinin açıqlanması ilə maraqlanırlar, amma polisin agentura şəbəkəsi ilə yox. Polisin agenturası daha çox donosçudur. Demokratik ölkələrdə heç kimin agent olub-olmaması müzakirə olunmur. Çünki agentlər mütəşəkkil cinayətkarlığa, terrorizmə qarşı yönəldilib. Demokratik olmayan cəmiyyətlərdə isə ona görə “KQB” agentlərini axtarırlar ki, gör, qonşun nəsə danışırmı, hakimiyyətin əleyhinə kimsə nəsə yazırmı… Bütün bunlar mənfi münasibət yaradır. Amerikada heç kim fikirləşmir ki, görəsək Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimdir? Çünki bilir ki, o agent məhz cinayətkarlığa qarşı yönəldilib. Kiminsə düşüncəsinə qarşı yönəldilməyib. Bu məsələnin köklü həlli deyil, əksinə zərərlidir”.
Vilayət Muxtar
Cebhe.info
araz.az xəbər portalı.