Son yüz ildə baş verənlər də, Qafqazın dünyanın coğrafi, etnoqrafik və siyasi mənada ən zəngin, rəngarəng, eyni zamanda, ziddiyyətli bölgələrindən biri olduğunu ortaya qoyur. Dünyanın qarışıq olması səbəbindən, bu regionda möhkəm etimad mühitinin yaradılması, sülhün, əmin-amanlığın, əməkdaşlığın və təhlükəsizliyin tam olaraq təmin edilməsi, bölgənin baş verə biləcək bir çox fəsadlardan qorunması, xalqların dinc yanaşı yaşamasına şərait yaradılması bütün dövrlərdə çətin olub. Elə, bu çətinliyin qarşısının alınması məqsədi ilə, Azərbaycan “Qafqaz evi” ideyasını irəli sürüb. Artıq, 100 ildən çox yaşı olan bu ideyanın təşəbbüskarı olmaqla yanaşı, onun praktiki həyata keçməsi uğrunda ciddi addımlar atıb, bu istiqamətdə davamlı və ardıcıl mübarizə aparıb. Bir sözlə, bu ideyanın praktiki müstəviyə gətirilməsi üçün, nəinki dövlət səviyyəsində, eləcə də, digər yönümdə görülən işlərin və keçirilən tədbirlərin sayı davamlı olaraq artırılıb.

Belə möhtəşəm tədbirlərdən biri — “Qafqaz evi” ideyası — Sülh və təhlükəsizlik” layihəsi çərçivəsində konfrans bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Sosial Tədqiqatlar Mərkəzinin və “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə, paytaxt Bakının İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən Sosial Tədqiqatlar Mərkəzinin baş ofisində keçirildi. araz.az xəbər verir ki, bu konfrans Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə reallaşdı. Adıçəkilən Agentliyin Müçahidə Şurasının üzvü Zaur İbrahimlinin, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədovun, “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri
Əhməd Abbasbəylinin mövzu ətrafında ilkin çıxışları maraqlı alındı. Onlar
öz çıxışlarında həm bu, həm də müasir dövlətçiliyin qorunması və inkişafı istiqamətində həyata keçirdikləri digər layihələr çərçivəsində gördükləri işlərin əhəmiyyəti barədə ətraflı məlumat verdilər. Tarixən regionda gedən proseslər, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsi, eləcə də 44 günlük Vətən Müharibəsində qazandığı möhtəşəm uğurun əsas səbəbləri, bu uğurun regionda sülhün və sabitliyin əldə olunmasındakı rolu barədə ətraflı danışdılar.


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli və digər fəal QHT rəhbərləri də, “Qafqaz evi” ideyasının tarixi, müasir dövrdə bu ideyanın perspektivləri, regionda sülh və təhlükəsizliyə təsiri barədə önəmli məruzələrlə çıxış etdilər.

Bütün çıxışlarda xüsusi olaraq vurğulandı ki, ölkəmiz üçün həssas olan bu dövrdə “Qafqaz evi” ideyasının reallaşması yolunda tarixi fürsət yaranıb. Bu səbəbdən, “Qafqaz evi”nin yaradılması ideyasını ilk dəfə rəsmi səviyyədə gündəmə gətirən Azərbaycanın regional müttəfiqlik təklifi yenidən gündəmə gəlib. Dövlətimiz də, regional miqyaslı bu tarixi missiyanı yerinə yetirməyə tam hazırdır. Hazırda mütəxəssislər və ekspertlər də, “Qafqaz evi” ideyasının reallaşması imkanlarının geosiyasi təhlilini aparmağa kökləniblər. Çox çalışırlar ki, bu istiqamətdə çox fərqli arqumentlər ortaya çıxara bilsinlər. Hal-hazırda bu
ideyanın reallaşması üçün, müxtəlif model üzərində maraqlı təkliflər var. Lakin ortaq məxrəc əldə etmək çox çətindir. Konkret desək, bu ideya gözəl olsa da, onun əməli olaraq həyata keçirilərək, reallaşması hələ uzun çəkəcək.

Bu tədbirdə, məlum layihə çərçivəsində Xalid Ələkbərovun Azərbaycan, rus və ingilis dillərində dərc olunan «Qafqaz evi» — regionda sülh və təhlükəsizlik ideyası” adlı kitabının təqdimatı da həyata keçirildi. Layihə rəhbəri Əhməd Abbasbəyli tərəfindən, bu kitab hədiyyə olaraq tədbir iştirakçılarına paylandı. Konfransda həmçinin Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov tərəfindən, “Qafqaz evi” ideyası — sülh və təhlükəsizlik” layihəsi çərçivəsində keçirilən sorğunun təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Ölkənin elm xadimlərinin, tanınmış siyasətçilərinin, fəal ictimaiyyət nümayəndələrinin, hüquqşünas, şərhçi və ekspertlərinin də qatıldığı bu tədbirin sonunda, mövzu ətrafında müzakirələr aparıldı. Çıxış edənlər mövzunun aktuallığını qeyd etməklə, region dövlətlərinin və xalqlarının qonşuluq şəraitində yaşaması, sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından onun əhəmiyyətini bildirdilər. Onlar bu çərçivədə görüləcək işlər və problemlər barədə də, öz fikirlərini bölüşdülər.

Tahir HÜSEYNOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.