Baş redaktor deyir ki, məhkəmə pərdəsi altında redaksiyasına qarşı hücuma keçən iddiaçıların Media Agentliyinə girmələri, Türkiyədəki odatv.com saytına Azərbaycandan girişə qadağa qoydurmaları onu “qorxuya salıb”
Adları milyarder Nəsib Həsənovla qoşa çəkilən, Ramin İsayevin həbsində marağı olan iddiaçıların iddia ərizələrini dalbadal dəyişərək, araz.az-la bərabər, gundemxeber.az-ı məhkəməyə vermələri anlaşılan olmadı
“Xəbər verdiyimiz kimi, sıradan bir şəxs olmayan “SOCAR – AQŞ”-nin yaradıcısı və sabiq Baş direktoru Ramin İsayev bir ilə yaxındır məhkum həyatı yaşamağa məcbur edilib. Onunla bağlı əsas ittiham vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülən 16 milyon manat kreditin it-bata düşməsi ilə əlaqədardır. Hansı ki, belə bir məbləğdə kredit də olmayıb ortada. Məhkum indiyədək həbs qərarını qəbul etmədiyini bildirir. Bununla bağlı apellyasiya şikayəti də olub, hakimdən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və məhkəmə zalından sərbəst buraxılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi isə, şikayəti əsassız sayaraq, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib. Maraqlısı odur ki, sabiq Baş direktorun həbsi bir müddət gizli saxlanıb. Barəsində olan əsassız iddialar isə, 2022-ci ilin oktyabr-noyabr aylarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Elə, o vaxtdan da, sabiq Baş direktorla bağlı faktların saxtalaşdırılması, verilmiş sifarişlər əsasında, barəsində ölkənin bir sıra media vasitələrində böhtan xarakterli çoxsaylı yazıların tirajlanması və digər xoşagəlməz hallar camaatı olduqca narahat edən bir məsələyə çevrilib.
Çünki uydurma və qurama ittihamlarla həbsxana həyatı yaşayan Ramin İsayev bu sahədə sıradan bir rəhbər olmayıb, paxıllığını çəkənlər isə ortadadır. Bunu təkcə biz yox, redaksiyamıza bu həbslə bağlı təəssüf hissləri dolu şikayətlərini göndərən yüzlərlə vətəndaşımız öz məktublarında yazırlar. Bizsə onların yazdıqlarını, mətbu anlamda desək, yalnız “jurnalist darağı vurmaqla” dərc edirik — məsələn, bu tərzdə: “”SOCAR – AQŞ”-yə elə bil cadugər gətirmişdilər. Doğrudan da, onun rəhbəri olduğu illərdə bu qurumun sərəncamında xəzinə vardı: Ləl-cavahiratla dolu bir xəzinə — bəli, o, yenicə yaratdığı bu müəssisəyə reytinq qazandırıb, onu neft-qaz sənayesi sahəsində dünya səviyyəli bir müəssisəyə çevirə bilmişdi. Məhz bunları bacaran yeganə mütəxəssis kimi, etdiklərinə görə, inanılmaz həqiqət təsiri bağışlayan ilklərinə görə ölkənin tarixinə düşüb. Məsələn, həyata keçirməsinə imkan verilməyən trilyon dollarlıq biznesə hesablanmış beynəlxalq səviyyəli layihəsinə görə!
Bəs, Ramin İsayev bunu necə bacarıb, onu kimlər və nədən hədəfə alıblar?! Bu sualın cavabının biri belədir ki, onu hədəfə alanlar redaksiyamızı məhkəməyə verənlərdir. Məhkəmənin gedişi zamanı belə, ağıllarına gələni öz istəklərinə uyğun etməkdən çəkinmirlər. Biabırçı hal odur ki, həmin şəxslər ərazi üzrə aidiyyatı olmayan Nəsimi Rayon Məhkəməsində, bizim redaksiyamızla bərabər, gundemxeber.az saytına qarşı da iddia qaldırmağı bacarıblar. Belə çıxır ki, bu saytın rəhbəri Şirin Cəfəri düz deyir, onlar özlərini Azərbaycanda hüquqdan çox-çox yüksəkdə görürlər.
Elə, Ramin İsayevin başına gətirilənlərlə bağlı yazdıqlarımıza görə də, iddiaçılar başımıza oyun açmaqda israrlıdırlar. Bu məqsədlə də, bizi Nəsimi Rayon Məhkəməsinə veriblər”, — Hüseyn Əzizoğlu deyir.
Baş redaktorun dediyinə görə, bu həbsdən sonra, bu barədə yazmaq ölkənin tanınan mətbu orqanlarına qadağan edildi: “Qəzetçilik dilində desək, onlar bu barədə yalnız və yalnız “quru yazılar”, yəni informasiyalar verə bilərdilər. Guya, bu yuxarıların göstərişi idi. Lakin bunun tamamilə yalan olduğunu ortaya çıxara bildik. Məlum oldu ki, ortada Ramin İsayevin həbsində marağı olanlar, maddiyyat hesabına qanunsuz üsullarla hər şeyi etməyə qadir səlahiyyət sahibləri var. Öncə onların maddiyyata bağlı şirin vədlərinə aldanmadıq, sonra hədə-qorxuya və təzyiq-təpkiyə dirənən qanunsuz qadağalarına məhəl qoymadıq. Bir-iki mətbu orqan kimi, araz.az xəbər portalı da, şok yaradan sensasion epizodlarla dolu silsilə yazılarının dərcini davam etdirdi. Nəticəsi isə, göz qabağındadır: “Neqsol Holdinq”də yüksək vəzifələr tutan iddiaçılar Vüqar Səmədli, Fuad Behbud, Yusif Cabbarov, İmran Əhmədzadə və Rauf Ağayev tərəfindən Nəsimi Rayon Məhkəməsinə verilmişik. İşə baxan hakim isə, məhkəmənin sədri İlqar Qaralovun özüdür.
Redaksiyamıza qarşı məhkəmə iddiası qaldıranlar iddia ərizələrində qeyd edirlər ki, guya, biz, onların qanunsuz əməllərini ortaya çıxarmaqla, şərəf və ləyaqətlərinə toxunub, onları təhqir etmiş, müəssisənin nüfuzuna xələl gətirmişik. Başımıza oyun gətirəcəklərini, müsibətlə üzləşəcəyimizi vəkilləri bizə deyir. Çünki arxalarında dayananlar ölkənin hər yerində sözləri keçən daha yüksək səlahiyyət sahibi vəzifəlilərdir.
Düzdür, araz.az xəbər portalı bu mövzuda tənqidi yazılar dərc edib. Lakin qələmə aldığımız bu yazılarda onların şərəf və ləyaqətlərinə toxunmağımızdan söhbət gedə bilməz: Bu, doğrudan da belədir və göz qabağındadır! İddiaçıların redaksiyamızı bu iddia ilə məhkəməyə vermələri, guya, onlara vurduğumuz mənəvi ziyana görə, bizdən maddi təzminat istəmə tələbləri düzgün deyil. Bir də ki, bu onların vətəndaşlıq haqlarıdır və bunu etməyə hüquqları çatır. Mənsə, media qurumunun rəhbəri olaraq, onların iddialarına öncədən cavab kimi, bunları bildirmişəm: Azərbaycan öz müstəqilliyinə qovuşan vaxtlardan üzübəri ölkənin tanınmış “Millət”, “Meridian”, “Təhsil”, “Avrasiya”, “Hər gün”, “Araz”, “İrəvanın səsi”, “Dövlətçilik”, “Ata ocağı”… qəzetlərində, nüfuzlu ATA informasiya agentliyində çalışmışam. Əksəriyyətinin təsisçisi və rəhbəriyəm. Hüseyn Əzizoğlu imzası ilə nələr yazmışam, bunu çoxları bilir. Elə, bunlara görədir ki, iddiaçıların oxşar və xüsusi ittiham qaydasında irəli sürdükləri iddialara rəğmən, artıq, 182-ci məhkəmə iclasında cavabdeh tərəfin rəhbəri kimi iştirak etməyə hazırlaşıram. Şükür başımız üstündəki Böyük Allahımıza ki, heç bir məhkəmə prosesindən məğlub tərəf kimi geri dönməmişik. İnşəallah, yenə belə olacağına tam əminəm. Çünki ədalətli məhkəmə araşdırmaları da, həmişə müəyyən edir ki, yazılarımızın mövzusundakı əsas motiv heç kəsin şərəf və ləyaqətinə qarşı köklənmir. Çünki hüququ pozulanlara və incidilənlərə təmənnasız dəstək adlarını çəkdiyim media vasitələrinin əsas ideya və məqsədləridir. Bu ideya ətrafında birləşənlər Ramin İsayevi də, öz yazıları ilə müdafiə etməyə qərar veriblər. Çünki dərin jurnalist araşdırmaları ilə, artıq, mətbuat əməkdaşları olaraq, bizə də, bu müəmmalı həbsdəki ziddiyyət dolu qaranlıq məqamların işıq saçan çox səbəbləri məlum olub. Bu səbəbdən, bu yazılarımızda da, konkret olaraq bunu demək istəmişik ki, bəyəm, indi “Molla Nəsrəddin” jurnalı çıxan dövrdür ki, bu dərginin yaradıcıları kimi, “SOCAR – AQŞ” kimi nüfuzlu bir neft qurumunun qurucu rəhbəri də, eyni aqibətlə üzləşsin, cəza və mənəvi əzab-əziyyət çəkməyə məruz qalsın?! Axı, hər qaranlıq gecənin mütləq işıqlı bir sabahı olmalıdır!
Elə, möhtərəm Prezidentə,
çox hörmətli Mehriban xanıma ünvanladığım Müraciətimin əsas məğzi də budur ki, bu işıq gələn səmti bizə onlar göstərsinlər!”.
Baş redaktor bildirir ki, əvvəllər bunları heç vecinə də almayıb. Məhkəmədə də deyibmiş ki, iddiaçılar hər şeyi “öz arşınları ilə ölçürlər”.
Onsuz da, “əlləri hər yerə girir”, qoy, cərimələtdirsinlər, nə pul ala bilməyəcəklər, nə də təkzib verməyəcək: “Sağ olsun, hakim! O da, mənim dediklərimə dəstək verdi. Dedi ki, pul tələbi qoyanda baxmaq lazımdır, jurnalistlərin, media vasitəsinin göstərilən məbləği ödəməyə gücü çatarmı. Belə iddialar zamanı, pul tələbində məbləğ rəmzi xarakter daşımalıdır — bəli, səni uddum, yazdıqların səhvdir!
Yoxsa, vurulmuş mənəvi zərərin əvəzi olaraq, iddiaçıların xeyrinə və həmçinin dövlət rüsumu kimi ödənilmiş iki min manat məbləğində pul vəsaiti, ümumilikdə, 402.000 (dörd yüz iki min) AZN məbləğində pul vəsaitinin cavabdeh “Araz Media Qrupu” MMC-dən iddiaçıların xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmək, bu, düzgün deyil. Tutalım cavabdehlər məhkəməni uduzdu, bu qədər təzminat ödəyə biləcəkmi?! Bir sözlə, media vasitəsi və əməkdaşı uduzanda böyük məbləğ ödəməməlidir. Sadəcə, məhkəmə xərclərini və cüzi məbləğ ödəməlidir. Belə təzminat tələb etmək düzgün olardı.
İddiaçıların digər bir tələbi belədir ki, araz.az xəbər portalında onlar barəsində təkzib məqaləsi dərc olunsun, məqalələrin mətnində iddiaçıların hər birindən ayrı-ayrılıqda üzr istənilməsinə dair öhdəlik cavabdeh “Araz Media Qrupu” MMC.nin üzərinə qoyulsun. Mən də, məhkəmə prosesləri zamanı demişəm ki, hər yazımızın sonunda demişik ki, adları keçən hər kəsin söz haqqını tanıyırıq və mövqeyini dinləməyə də hazırıq. Heç bir reaksiya olmayıb. Buna baxmayaraq, yenə dediklərinə hazıram, təkzibi yazsınlar, verək. Vəkilsə deyir ki, onlar yazmaq istəmir, özümüz yazmalıyıq. Deyirəm ki, belə təkzib olmur, axı! Yaxşı, buna da razıyam. Onda adları iddiaçı keçənlər görüşsünlər bizimlə. Onların başında duran Nəsib Həsənovla görüşüm, etirazlarını, fikirlərini və təkliflərini desin. Nə desə, yazmağa hazıram.
İclas zamanı mən hakimdən də xahiş etmişəm ki, Nəsib Həsənovu tapmaqda bizə kömək əli uzatsın. Məlumatlı mənbələr tərəfindən, bəd əməlləri barəsində redaksiyamıza ötürülən və dəhşət doğuran faktlara münasibətini öyrənmək üçün, düz bir ildir axtarıram onu. Di gəl ki, bu qanunsuz həbsdə maraqlı şəxslər kimi bizə təqdim olunan qurumun əsas səhmdarı Nəsib Həsənovla və onun ətrafı hesab olunan digər səlahiyyət sahibləri ilə əlaqə saxlayıb, bu barədə onların fikirlərini öyrənmək heç cür mümkün olmur. Bir də ki, onlar çoxdan özlərini jurnalistlərdən yayınan vəzifə sahibləri kimi tanıdıblar. Ümumiyyətlə, Nəsib Həsənovla əlaqə saxlamaq müşkül bir məsələyə çevrilib.
Sanki Azərbaycanın belə bir vətəndaşı olmayıb. Kimliyi, tərcümeyi-halı, xarakteri barədə bir kəlmə belə bilən yoxdur. Elə, yalnız bunu deyirlər ki, oliqarx milyarderdir. “Neqsol” Holdinq və digər bu kimi qurumların adıyla, Azərbaycanın milyardlarını daşıyıb, aradan çıxarır. Xahiş edirəm, onu tanıyan varsa, haqqında bildiklərini redaksiyamıza ötürsünlər.
Mən, dövlətimizin rəhbərinə və Mehriban xanıma da, daha çox bu barədə yazmışam. Əlimizdə olan dəhşət doğuran saysız-hesabsız faktları onların diqqətinə çatdırmışam. Allah qoysa, Müraciətim ünvanına çatan kimi, olduğu kimi də, dərc edib, ictimaiyyətin diqqətinə çatdıracağıq. Öz Müraciətimi işıqlandırmağı heç kim mənə qadağan edə bilməz. Çünki iddiaçılar bunu istəyirlər ki, onlar barəsində yazmaq, araz.az-a tam olaraq qadağan olunsun. Bu barədə, məhkəmədə Vəsatət də qaldırıblar. Yenə də deyirəm, sağ olsun hakim, onların yazdıqları ilə razılaşmadı. Məhkəmə həmçinin qeyd etdi ki, araz.az xəbər portalında ərizəçilərlə bağlı istənilən məqalənin dərc olunmasının qadağan edilməsi cavabdehin hüququnun mütənasib olmayan dərəcədə məhdudlaşdırılması ilə nəticələnə bilər. Mütənasibliyin gözlənilməsi üçün, cavabdehə ərizəçilərlə bağlı yalnız iddia ərizəsində mübahisələndirilən mövzuda və məzmunda məqalələrin dərc edilməsi qadağan edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab etdi ki, şikayət qismən təmin edilməli, araz.az informasiya portalında ərizəçilərin barəsində yalnız mübahisə predmetinə aid məqalələrin dərc olunması müvəqqəti dayandırılmalıdır. Buna baxmayaraq, bu mövzu ətrafında araşdırmalarımızı davam etdirib, yazılarımızın davamını dərc edəcəyimizə qəti qərar vermişik”.
Söhbət zamanı, Baş redaktor xüsusi olaraq onu qeyd etdi ki, Ramin İsayevi yaxşı tanıyır, onu nə tam təcrid etmək, nə qorxutmaq, nə də susdurmaq mümkün olmayacaq. O, məhbuslar arasında olmağı belə, bu korrupsiya komandasında olmaqdan daha şərəfli hal kimi dəyərləndirir: “Bunun bir sübutu: Bu yaxınlarda Türkiyədə fəaliyyət göstərən odatv.com xəbər portalında onunla bağlı yazı oxudum. Özünün cəza evindən ölkə başçısına ünvanladığı müraciəti ilə bağlı idi. Başına gətirilənləri tam çılpaqlığı ilə ortaya qoyub. Lakin bir müddət keçmiş həmin sayta Azərbaycandan girişə qadağa qoyuldu. Xarici ölkələrdəki həmkar dostlarımla əlaqə saxladım. Dedilər ki, sayta girişdə bir problem yoxdur. Mətnini vatsab vasitəsi ilə mənə ötürdülər. Həmin yazını da, Müraciətimə əlavə edib, möhtərəm Prezidentə və çox hörmətli Mehriban xanıma göndərdim. Çünki, bu, məni “qorxuya salan” bir hal idi. Mənə aydın oldu ki, doğrudan da, iddiaçılar hər şeyi etməyə qadirdirlər. Hər yerə girməyi bacarırlar. Üstəlik, az keçmiş, bunun təsdiqi olan digər bir “qorxulu halla” üzləşdik. Onlar Media Agentliyinə girməyi belə bacarmışdılar. Nəinki araz.az xəbər portalı, eləcə də, gundemxeber.az haqqında sorğularına “əllərində bayraq etdikləri”
elə bir cavab almışdılar ki!
Guya, araz.az və gundemxeber.az xəbər portallarının fəaliyyəti qanunvericilikdə media subyektləri barəsində müəyyən edilmiş tələblərə də əməl olunmamaqla həyata keçirilir. Məcburiyyətdən, Media Agentliyinə gedib, bu məsələyə aydınlıq gətirmək istədim. Lakin məni elə qarşıladılar ki, sanki buraya bir jurnalist yox, traktorçu gəlmişdi. Bu barədə, daha ətraflı Müraciətimdə yazmışam. Ölkə rəhbərliyindən xahiş etmişəm ki, sevimli peşə kimi seçdiyim jurnalistkamı özümə qaytarsınlar. Çünki mediaya aid yeganə dövlət qurumu olan Media Agentliyində belə, mətbuata xeyir verə biləcək xoş bir halın şahidi olmadım.
Nə edə bilərdim — Müraciəti son ümidimə çevirdim. Həm də, məhkəmə prosesinin gedişi zamanı qarşı tərəfin nümayəndəsi və vəkili Orxan Xudatlının özünəarxayınlıq təsiri bağışlayan hərəkətlərindən, hədə-qorxuya, təkid-təpkiyə köklənən dediklərindən “gözüm su içmədiyinə” görə!”.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.