Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra az siyasətçi Üçüncü Dünya müharibəsi riski haqqında danışırdı. Son günlər isə elə bir lider yoxdur ki, bu haqda fikir bildirməsin.
Nəzəri bilikləri ilə fərqlənən Türkiyənin xarici işlər naziri Hakan Fidandan tutmuş, ABŞ Prezidenti Cozef Bayden və Ağ Evə yenidən yiyələnmək uğrunda mübarizə aparan Donald Trampa qədər Üçüncü Dünya müharibəsinin başlaması ehtimalının yüksək olduğunu bildirir.
Rusiya-Ukrayna müharibəsinin davam etməsi böyük müharibə riskini artırır. Misal üçün, artıq Qara dəniz səmasında Rusiya təyyarələri ilə ABŞ-ın pilotsuz uçuş aparatları arasında toqquşma riski yüksəkdir.
araz.az bildirir ki, bunun Globalinfo.az – a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Rusiya-Ukrayna müharibəsinin start götürməsi ilə Üçüncü Dünya müharibəsinin başlayacağı fikirləri uzun müddətdir ki, müzakirə edilir:
“Aparıcı ölkələr Rusiyaya qarşı birləşib. Kollektiv Qərb neytral qalan ölkələri Kremlə qarşı mövqe tutmağa təhrik edir. Hesablamalara görə, Üçüncü Dünya müharibəsi başlasa heç bir ölkə ondan xilas olmayacaq. Bununla ABŞ və Avropa İttifaqı ölkələri Üçüncü Dünya müharibəsini nüvə silahının istifadə olunacağı qlobal müharibə ilə eyniləşdirirdilər. Deməli, Nüvə silahının ilk atəşlənməsi ilə Üçüncü Dünya müharibəsi də başlayacaq.
Mövcud olan iki yüz dövlətin hamısı müxtəlif cəbhələrdə bir-biri ilə müharibə aparsa da bu, nüvə silahı daşıyan qitələrarası və ballistik raketlər havaya qalxmayınca, Üçüncü Dünya müharibəsi kimi səciyyələndirmək olmaz”.
Əlimusa İbrahimov
Ekspert deyib ki, birinci və ikinci dünya müharibələrinin başlanmasını, gedişini diqqətlə nəzərdən keçirdikdə Rusiya-Ukrayna müharibəsinin onunla eyni səciyyəyə malik olduğunu müşahidə etməmək mümkün deyil:
“Dünya müharibələri qarşı duran dövlətlərin nüfuz və ərazi uğrunda savaşı hesab olunursa, Rusiya-Ukrayna müharibəsi nədir? Burada da məhz nüfuz və dünyanın yenidən bölüşdürülməsi uğrunda ciddi qırğın gedir. Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatları müharibə adlandırmaqdan çəkinməsi heç də onun müharibə kimi təsvir edilməsinin qarşısını almır.
Hesab edirəm, Rusiya ilə Ukrayna arasında gedən müharibə və Yaxın Şərqdə baş verən hadisələr elə Üçüncü Dünya müharibəsinin artıq başlandığının sübutudur. Sadəcə ABŞ və Aİ Rusiyaya qarşı əsgər çıxarmadıqlarını əsas gətirərək gedən müharibələri dünya müharibəsinin tərkib hissəsi adlandırmaqdan çəkinir. Bununla Rusiyaya xəbərdarlıq edirlər ki, dünya müharibəsi başlayarsa, onun vəziyyəti daha ağır olacaq”.
araz.az xəbər portalı.