Yaxın Şərq növbəti genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzədir. Söhbət İsrail ilə Livan, daha doğrusu bu ölkədə fəaliyyət göstərən “Hizbullah” təşkilatı arasında yaşanan gərginlikdən gedir.
Rəsmi Təl-Əviv də Livanda hücum əməliyyatı planını təsdiqləyib. Artıq bir sıra ölkələr vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırıb. Misal üçün, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi “Hizbullah”la İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb. ABŞ isə vətəndaşlarını zərurət yaranacağı halda Livandan təxliyə etmək üçün donanmasını İsrail-Livan sərhədinə yaxınlaşdırıb.
Nə baş verir?
İsrail-Livan sərhədində gərginlik bundan öncə də baş verib. Yəni mövcud vəziyyət yeni deyil. Belə ki, “Hizbullah” təşkilatı İrandan da aldığı dəstək ilə, Livanın cənubunda məskunlaşıb və vaxtaşırı İsrailə hücumlar təşkil edir. HƏMAS-İsrail müharibəsi fonunda “Hizbullah” İsrail gərginliyi daha da artıb.
HƏMAS-dan fərqli olaraq İsrail “Hizbullah” ilə gərginlikdə o qədər də maraqlı deyildi. Bunun ən önəmli səbəbi “Hizbullah”ın İrandan birbaşa dəstək almasıdır. İraq və Suriyadan da müntəzəm dəstək alan “Hizbullah” İsrail üçün HƏMAS qədər asan rəqib deyil.
Bununla belə İsrailin Livanın cənubunda əməliyyatlara başlamaq qərarı verməsi Təl-Əvivin Qəzzada əldə etdiyi uğurlar və HƏMAS-a vurduğu zərbələr ilə bağlıdır. İsrail indiki məqamda HƏMAS-ı bu qədər zəiflətmişkən “Hizbullah”ı da sıradan çıxmaq istəyir.
İrandan çox Qərb dəstək verəcək
İsrail üçün “Hizbullah” ilə müharibə o qədər də asan olmayacaq:
Birincisi, HƏMAS-dan fərqli olaraq “Hizbullah” İrandan quru yolu ilə dəstək ala bilir. Suriya, İraq bu məsələdə onlara dəstək olacaq. HƏMAS-la müharibədə olduğu kimi Rusiyada İranla birlikdə “Hizbullah”a dəstək verə bilər. Digər tərəfdən Livan özü də İsrailin ərazilərinə hücumuna səssiz qalmayacaq və “Hizbullah” ilə birlikdə İsrailə cavab verəcək.
İkincisi, İsrailin Qəzzada apardığı əməliyyatlar Qərb ölkələrinin bir çoxunun narazılığına səbəb olub. Hətta bir sıra ölkələr sırf bu səbəbdən Fələstin müstəqilliyini tanıyıb. Yəni İsrailin “Hizbullah”a qarşı əməliyyatlar keçirməsi fonunda Qərb ölkələri də bu təşkilata gizli dəstək verəcək.
Nəticə etibarilə İsrail üçün Livan tam bir cəhənnəm ola bilər. Təl-Əviv burada Qəzzadan fərqli olaraq məğlubiyyətə düçar ola bilər. Təbii ki, ABŞ faktorunu unutmaq olmaz. Vaşinqton müttəfiqin məğlub olmaması üçün dəstəyini davam etdirəcək.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.