Çoxdandır mediadayam və qəzetçilik fəaliyyətimi “Araz” Media Qrupunun tərkibindəki araz.az xəbər portalında davam etdirirəm. Peşəkar jurnalist olaraq, hər mövzuda yazı qələmimdən çıxıb. Bir çoxu tənqidi xarakterlidir və saysız-hesabsız vətəndaş şikayətlərinə əsaslanan dərin jurnalist araşdırmalarımın məhsuludur. Konkret desəm, son ümid yeri olaraq, media nümayəndələrinə üz tutanların çözülməz və ağrılı problemlərinin həllinə kömək etməyə çalışmışam həmişə. İncidilənlərə, köməksiz və ümidsizlərə verdiyim dəstəyin müsbət nəticələrini sevincim, camaat tərəfindən edilən hər bir təşəkkürü ən böyük və ən qiymətli mükafatım bilmişəm.

Heç kəsə sirr deyil ki, ölkənin cəza evlərində məhkum həyatı yaşayanlar arasında şər-böhtan güdazına gedənlərin sayı hər dönəmdə az olmayıb. Əsl cinayətkarlar qalib bir kənarda, əzab-əziyyəti və psixoloji gərginliyi hədsiz “dəmir barmaqlıqlar” sıxıntısında azadlıqları əllərindən alınan günahsız soydaşlarımız nə edəcəklərini bilməyiblər — eynən onların yolunu səbirsizliklə gözləyən doğma-yaxınları kimi! Onlara qarşı xoş olmayan münasibət bir yana, saxlandıqları yerlərdəki qanunlar çərçivəsinə sığmayan biabırçı durum üzüb onları, dərdləri üstünə dərd gətirib. Vəzifələ­rindən, rütbələrindən asılı olmayaraq, onlara nəzarət edənləri “qutudakı ilan donunda görüblər”. Bir sözlə, redaksiyamıza ünvanlanan şikayət məktubları arasında, cəza evləri və onların işlərini tənzimləyən dövlət qurumları ilə bağlı olanlar çoxluq təşkil edib. Məhkumlar və onların doğma-yaxınları başlarına gətirilənlərlə bağlı çox şey yazıblar. Daha çox, ölkənin cəzaçəkmə müəssisələrinin rəhbər şəxsləri tənqidə tuş gəliblər.
Son vaxtlar isə, deyilənlər barəsində redaksiyamıza ünvanlanan şikayət məktublarının sayı durmadan aşağı düşüb. Elə sanırdım ki, mən nəticəsiz yazmaqdan bezdiyim kimi, naümidlər də, dərdlərini söyləməkdən beziblər. Bir də ki, son vaxtlar belə şikayətlər olmurdu deyə, bu mövzuda yazı belə qələmə almırdım.

Bunları ona görə yazıram ki, bu günlərdə sosial şəbəkələrdə mənim düşündüklərimin təkzibi olan yazılarla rastlaşdım. Çoxu məhkum məktublarının əksi idi. Gözlərimə inanmadım və özüm araşdırmalara start verdim. Öncə media üzərindən araşdırmalar apardım, jurnalist həmkarlarıma üz tutdum. Sonra bir-neçə cəza evi qarşısında dustaqlara “peredaça” gətirənlər, onlarla görüşə tələsənlər arasında öz “kiçik monitorinqimi apardım”. Bu da, nəticəsinin, cəzaçəkmə müəssisələrinin rəislərindən razılıq ifadələrinin qısa xronikası:
Bəli, ədliyyə nazirinin müavini, ədliyyə general-mayoru Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunandan, bütün cəzaçəkmə müəssisələrində durum tamamilə dəyişib. Nəinki “monitorinqimin” ilk ünvanı 9 sayll cəzacəkmə müəssisəsinin rəisi Baba Gülməmmədov, həmçinin digər həbsxana rəisləri də, indi başqa tərzdə işləyirlər. Hətta Mirsaleh Seyidovun rəhbərliyi altında aparılan islahatlar, rəisi Elnur İsmayılov olan Kürdaxanı türməsindən, Bakı İstintaq Təcridxanasından, üstəlik, məhkum ailələrindən belə yan keçməyib. Ən əsası odur ki, onları narahat edən məsələlərin operativ həll edilməsi üçün qaynar xətt — 889 yaradılıb. Qısa və uzun müddətli görüş otaqları yenidən qurulmaqla, sahələri xeyli genişləndirilib, şərait səviyyələri müsbət dərəcədə artırılıb. Bütün bunlar isə, məhkum ailələri tərəfindən sevinc dolu minnətdarlıq hissləri ilə qarşılanıb.

Hər bir Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar, ələlxüsus, qadınlar üçün peşə hazırlığı kurslarının təşkili və onlara uğurla yekun vurulması xüsusi razılıqla qarşılanıb. Bu da xoşagələn bir haldır ki, Mirsaleh Seyidov bu önəmli tədbirlərin effektivliyinin artırılması məqsədi ilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Dövlət Məşğulluq Xidmətini və digər bu kimi əlaqədar dövlət qurumlarını da, mütəmadi olaraq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində məhkumların problemlərinin həllinə, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə dəstək verməyə dəvət edib. Ümumiyyətlə, qəbul edilən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Məşğulluq Strateqiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına” müvafiq olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən, bu qurumlarla birgə, cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra, onların qısa müddət ərzində işlə təmin olunmalarına köməklik məqsədi ilə, onların istəklərinə uyğun olaraq, peşə hazırlığı kursları təşkil edilməsi, sonda kursları uğurla bitirənlərin sertifikatla təltifi mərasimi keçirilməsi alqışalayiqdir.

Cəzaçəkmə müəssisələrinin rəhbər şəxsləri məhkumların asudə vaxtının səmərəli keçməsi məsələsinə xüsusi diqqət ayıraraq, bu sahədə şəraiti və imkanları xeyli genişləndiriblər. İdman zalları da, yeni avadanlıqlarla təmin edilib. Artıq onu da eşidirəm ki, cəza çəkənlər müəssisələrarası keçirilən şahmat və digər stolüstü oyunların keçirilməsi üçün, istifadəyə verilən yeni məkanlarda təşkil olunan turnirlərə cəlb olunurlar. Bu nümunəvi addım məhkumların islah stimuluna xeyli təkan verir, onlarda böyük maraq doğurur. Məhkumlar əmindirlər ki, bu gözəl ənənə gələcəkdə də davam etdiriləcək.

Onu da deyim ki, məhkumların problemlərinin dinlənilməsi, onların həlli istiqamətində işlərin aparılıb, qeydiyyata alınması üçün də, vaxtaşırı toplantılar keçirilir.

Törətdikləri əməllərə görə, təyin olunmuş azadlıqdan məhrumetmə cəzalarını 9 saylı Cəzaçəkmə Müəssisəsində çəkənlərin doğma-yaxınları da bildirirlər ki, ədliyyə general-mayoru Mirsaleh Seyidovun Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin olunması ilə, bu xidmət keyfiyyətcə yeni və səmərəli fəaliyyət mərhələsinə qədəm qoyub. Mətbuat isə, vəkillərin və hüquqşünasların dediklərinə istinadən yazır ki, hüquqi dövlətin təməlində duran ədliyyə sisteminin möhkəm qurulması əzm, iradə, islahatçılıq tələb edir. Bütün bu xüsusatlar Penitensiar Xidmətin yeni rəhbərliyinin gündəlik işində öz əksini tapıb. Və artıq, məhkumların gündəlik həyatında da, bu öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, bu Cəzaçəkmə Müəssisəsinin ən önəmli istifadə sahəsi olan və məhkumlar üçün nəzərdə tutulan yeməkxana tamamilə yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Bu addım bilavasitə məhkumların rahatlığının artırılmasında və sanitar-məişət şəraitlərinin yaxşılaşdırılmasında böyük rol oynayır. Sözsüz ki, bu da, məhkumların və onların yaxınlarının böyük rəğbəti ilə qarşılanıb. Bundan əlavə, digər əhəmiyyət kəsb edən vacib sahələrdən biri sayılan Cəzaçəkmə Müəssisəsinin ərazisindəki ticarət köşkünün fəaliyyəti köklü şəkildə yenilənib. Birinci növbədə, bu həssas dönəmdə məhsulların qiymətləri monitorinq edilib və xeyli ucuzlaşma reallaşdırılıb. İkincisi isə, satışa çıxarılan məhsulların çeşidi xeyli genişləndirilib, azadlıqda piştaxtalarda alıcılara təqdim olunan malların sayına çatdırılıb. Artıq məhkumlar uyğun qiymətə istədikləri məhsulları, o cümlədən, kənd təsərrüfatı mallarını da rahat əldə edə bilirlər.

Ümumiyyətlə, yeni rəhbərliyin məhkumların həyat şəraitinin yaxşılaşdırılmasına və yüksək standartlara cavab verən səviyyəyə çatdırılmasına yönəlmiş islahatları bu Cəzaçəkmə Müəssisəsinin bütün sahələrini əhatə edib. Peşə məktəbi tam şəkildə müasir standartlara uyğun yaradılmaqla, yeni kompüter avadanlıqları ilə təchiz edilib. Müəssisədə aparılan geniş abadlıq və yeniqənqurma işlərinin davam etdirilməsi də, göz qabağındadır. Artıq bütün yaşayış sahələri — yataqxanalar təmir edilib, yer örtükləri yenilənib, xeyli sayda ağaclar əkilib və ərazi yaşıllaşdırılıb. Bu da, məhkumların sağlamlığının qorunması üçün, ən vacib şərtlərdən biridir.

Bütün dediklərim azdır və bu barədə daha geniş araşdırma yazısı ilə, bu yaxınlarda araz.az xəbər portalında tanış olacaqsınız.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu yazıların mövzu ritorikasında nə uydurma, nə yalan, nə də zarafat var. Yazılarım gördüyüm, eşitdiyim və şahidi olduğum həqiqət və reallıqlar əsasında qələmə alınıb. Məhz bu səbəbdən ki, ölkəmizdə problemli sahələr çoxdur. Belə bir islahatların həmin sahələrdə getməsi də, ürəkaçan olardı.

Bu yazımıza son olaraq onu deyirəm ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğılarının nəticəsi kimi, Penitensiar Xidmətdə aparılan islahatlar əksər məhkumlar və onların ailələri tərəfindən gündəlik həyatlarında hiss olunmaqdadır. Bir də ki, bu yeniliklər məhkumların islah olunması və cəmiyyətə uğurla inteqrasiya edilməsi üçün, geniş və hərtərəfli şərait formalaşdırır. Üstəlik, bunlar onların həyat stimullarını sağlamlaşdırır və daha böyük nailiyyətlərə fokslandırır. Siz də, yəqin ki, elə, bu qənaətdəsiniz!

Əli HÜSEYN,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.