İranda prezident seçkilərinin ikinci turuna iki gün qalıb. Prezidentliyə namizədlər Məsud Pezişkian və Səid Cəlili arasında mübarizə davam edir.

Belə ki, Məsud Pezişkian ərəb və mazandaranlılar istisna olmaqla digər etnik azlıqların hakim olduğu bölgələrdə açıq şəkildə üstündür. Xüsusilə onu azərbaycanlılar və kürdlər dəstəkləyir. Səid Cəlili isə başda Tehran olmaqla İranın əksər iri şəhərlərində qalib gəlib. Ərəblər və mazandaranlılar isə onu dəstəkləyən əsas etnik azlıqlardır.

Əslində seçkinin ikinci turunda da namizədlər arasında ciddi fərq yoxdur. Hər iki namizədin prezident seçilmə şansı var və nisbət az qala bərabərdir. Məsud Pezişkianın Azərbaycan əsilli olması seçkiyə marağı artırsa da Səid Cəlili ilə ortaq cəhətləri çoxdur.

Məsələ ondadır ki, hər iki namizəd mövcud rejimə sadiqdir və dövlətin ideologiyasını qəbul edir. Hər iki şəxs də İran ali dini liderinin təsdiqindən sonra seçkiyə buraxılıb. Bu fakt belə onların əslində kimə sadiq olduğunu göstərir. Bundan başqa SEPAH faktoru da var və əslində yekun qərarı məhz o verəcək. Yəni İranda Ali dini lider institutu və SEPAH olduğu müddətdə etnik mənsubiyyətindən asılı olmayaraq prezident olacaq şəxs fərqli siyasət yeridə bilməz.

Səid Cəlili ultramühafizəkar, Pezeşkian isə reformistdir. Əslində hər iki namizədin qalib gəldiyi regionlara baxdıqda onları dəstəkləyənlərin nə istədikləri aydındır. Xüsusilə etnik azlıqlar Pezişkiandan islahatlar edib mədəni hüquqlar verməsini istəyir. Amma o prezident seçilsə belə ən yaxşı halda iqtisadi-sosial paketlərlə xalqın rəğbətini qazana bilər.

İrandakı prezident seçkilərinə diqqət ayıran ölkələr çox olsa da İsrail və ABŞ-ın məsələyə baxışı xüsusi diqqət çəkir. Hər iki ölkə seçkiləri yaxından izləyir amma hazırkı mərhələyə qədər xüsusi bir müdaxilə sezilmir. Bu da böyük ehtimalla hər iki namizədi yaxşı tanımaları və onlardan xüsusi yenilik gözləməsi ilə bağlıdır.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.