Bir neçə il əvvəl rayon icra hakimiyyəti strukturlarında aparılan antikorrupsiya həbsləri, o cümlədən gənc icra hakimlərinin təyin olunması yerli idarəetmədə sistemli dəyişikliklərə səbəb olacağı gözləntiləri yaratmışdı. Dövlət başçısı yeni icra başçılarını qəbul edərkən onların nəzərinə çatdırmışdı ki, kim işləməsə, vəzifədən azad ediləcək. İşləmək deyəndə isə əhali ilə təmaslar, görüşlər, problemlərinə biganə qalmamaq aid idi.
Lakin zaman keçdikcə dəyişikliklər kosmetik xarakter daşıdığını göstərməyə başladı. Bunun günahkarı isə təyin olunan yeni icra başçılarının sələflərinə oxşamaları idi. Misal üçün Neftçalanın icra başçısı İsmayıl Vəliyev korrupsiya faktına əsasən öz kabinetində qandallandı, onu özündən yaşca həddən çox kiçik Mirhəsən Seyidov əvəzlədi. Prezident “İrəli” İctimai Birliyinin simalarından olmuş Mirhəsən Seyidova gözlənilməz bir şans vermişdi. Buna qədər idarəçilik təcrübəsi olmayan, dövlət idarəetməsində iştirak etməmiş, hər hansısa dövlət qulluqçusu vəzifəsini tutmamış Mirhəsən Seyidov üçün ciddi bir yük və məsuliyyət üzərinə qoyulmuşdu – bir rayonu idarə etmək…
Əlbəttə, təkcə idarəçilik keyfiyyətləri, xarakter yetərli deyildi, şəxsi keyfiyyətlər, dünyagörüşü, sanbal, nüfuz, el içində sözünün keçərli, hörmətli olması da mühüm idi. Çünki hər bir rayonun ziyalıları, ağsaqqalları, sahibkarları, ictimaiyyət arasında qəbul edilən insanları olur. İcra başçısı isə elə biri seçilməlidir ki, bütün rayon onu qəbul etsin. Bu mənada Mirhəsən Seyidovun işi ağır idi.
araz.az anaxeber.info-ya istinadən xəbər verir ki, onun icra başçısı təyinatından sonra fəaliyyəti bir qəlibə salınmışdı. Seyidov ehtiyatlı, çəkinərək addımlar atır, səhv buraxmamağa çalışır, cəmiyyətin, medianın gülüş hədəfinə çevrilməməyə, həmçinin hakimiyyətin qəzəbinə tuş gəlməməyə can atırdı. Amma bu korrekt fəaliyyət onun əl-qolunu elə bağlamışdı ki, bu kresloda özünü diskomfort hiss edirdi. Yəni bir yandan yüksək vəzifəyə təyinatı ona yuxu kimi gəlirdi, bir tərəfdən isə idarəçilik qabiliyyəti cəhətdən xeyli çətinlik çəkirdi. Bununla belə sonrakı dönəmdə məlum oldu ki, Neftçala camaatı icra başçısının işindən bixəbərdir. Onlar hiss etmirlər ki, Mirhəsən Seyidov rayon rəhbəri olaraq hansı məsələləri həll edir, hansı problemləri aşırır, İsmayıl Vəliyevin dövründən qalan hansı işləri yoluna qoyur… Çünki Mirhəsən Seyidov gənc icra başçısı kimi enerjili fəaliyyət göstərmək əvəzinə, təcrid yolunu seçmişdi. Yəni əhali ilə görüşlər kosmetik və formal məna daşıyır, Neftçalada hər hansı problem həll edilməyib, rayon necə varsa, elə qalıb. Bəs, Seyidova nə tapşırılmışdı?
Bir qədər sonra məlum olur ki, icra başçısı qaranlıq işləri görmək təcrübəsinə yiyələnibmiş, hərgah çoxu da onu fağır, sakit biri olaraq təsəvvür edirmiş. Məsələn, deyilir ki, başçı fermerlərin gününü qara edir: torpağın icarəsi ilə bağlı müqavilə uzadılanda əlavə 1000 manat tələb olunur.
Başqa detala diqqət edək – Neftçala rayon İcra Hakimiyyəti Başçısı Aparatının dövlət qulluqçusu, memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi (mühəndis) olan Elton Əsgərov sahibkarlara hədə-qorxu gələrək, onlara tikililərin qanunsuz olduğunu sökdürəcəyini iddia edir.
Bu da iş adamlarını pul verməyə vadar edir.
Eyni zamanda, Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi olan Mehdi Miriyev nazir deyil, komitə sədri deyil, hətta icra başçısı da deyil, departament rəisidir. Məlum məsələdir ki, ona aid olan bu qədər sərvət nə hesabına əldə olunub. Mehdi Miriyev Neftçala Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyin “qohumluq imperiyası” qurub. Bütün bunlar həm Seyidovun komandasını gözlər önünə sərir, həm də təsdiq edir ki, dəyişən başçının kimliyidir, idarəetmə olduğu kimi saxlanıb.
Habelə, içməli su problemi ən ciddi məsələdir. Parlamentdə, mətbuatda dəfələrlə qaldırılıb. İcra başçısı bu məsələni illərdir ki, həll etmir. Əgər içməli su problemini həll edə bilmirsə, o zaman rayonda əlini ağdan qaraya vurub nəyi həll edə bilir? Sual ritorikdir…
araz.az xəbər portalı.