Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük sammiti başlayır. Sammitin diqqətçəkən məqamları var:
1. Sammit, qeyri-rəsmi təşkil olunur;
2. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilir;
3. Sammit, Şuşa şəhərində baş tutacaq;
4. Sammit, Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən bir gün sonra Vaşinqtonda keçiriləcək NATO sammitindən isə (İyulun 9-11-də) dörd gün öncə keçirilir.
Sammitin qeyri-rəsmi keçirilməsi ilk diqqətçəkən detaldır. Təcrübə göstərir ki, adətən belə situasiyalarda dövlətlər, ya da təşkilatlar aktual məsələləri müzakirə edir, mövcud vəziyyəti dəyərləndirir, mühüm qərarlar qəbul edirlər.
İndiki məqamda müzakirə ediləcək birdən çox mövzu var. Misal üçün, TDT-yə yeni üzvlərin qəbulu (Macarıstan, Türkmənistan), Şimali Kiprin statusunun təyin edilməsi, təşkilatdaxili siyasi, iqtisadi, hərbi əlaqələrin pərçimləməsi üçün yeni sazişlərin imzalanması və s.
TDT sammitlərindən ümumi ən böyük gözlənti isə şübhəsiz, Türkiyə ilə Azərbaycan arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin təşkilat daxilində vahid xartiya halına gəlməsidir. Düzdür, bu, hələlik bir gözləntidir, lakin sammitlərdə müzakirə edilməsi istisna deyil.
Görüşün Şuşada keçirilməsi də təsadüfi deyil. Bakı Şuşanın Türk dünyasının siyasi paytaxtı halına gəlməsini istəyir. Başqa cür desək, Avropa İttifaqı üçün Brüssel nədirsə, Türk dünyası üçün Şuşa o ola bilər. Sammitdə buna dair təklif ola bilər.
Sammit Azərbaycan prezidenti İlham Əliyev təşəbbüsü ilə təşkil olunub. Sammitdə təşkilata üzv ölkələr ilə yanaşı müşahidəçi ölkələrin liderlərinin iştirakı da gözlənilir. Əslində, bu detal kimi sammitin Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən bir gün sonra, Vaşinqtonda keçiriləcək NATO sammitindən isə dörd gün öncə keçirilməsi də diqqət çəkir. Bu onu deməyə əsas verir ki, müzakirə ediləcək məsələlər həm də geosiyasi olacaq.
Ümumiyyətlə, son günlər ard-arda Üçüncü Dünya müharibəsinin başlanmasına dair açıq mesajlar səsləndirilir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın da bu məsələyə reaksiya verməsi prosesin ciddiliyindən xəbər verir. Mümkündür ki, Şuşada həm də bu məsələ müzakirə ediləcək.
Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməyəcəyi deyilir. Onun Hollandiya-Türkiyə maçı ilə əlaqədər sammitə qatılmayacağına dair xəbərlər var. Ərdoğan sammitə onlayn qatıla, ya da əvəzləyici bir şəxs göndərə bilər. Lakin qatılmaması xəbəri hələlik dəqiq deyil.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.