“Rüstəm İbrahimbəyovla müttəfiqik”
“Mən sizin mənim tərəfdarlarımın olması barədə söylədiklərinizi təsdiqlədim, özümdən təşəbbüs gəlmədi. Bilirsiniz, cəmiyyəti inkişaf etdirən yeganə fundamental amil rəqabətin olmasıdır. Həm də rəqabət hamı üçün eyni şərtlər çərçivəsində olmalıdır. Bu rəqabət istər siyasətdə (yəni seçkilərdə), istər təhsildə, istərsə də biznesdə sağlam fundament üzərində qurulmalıdır. Bu prinsip tək yaxşı yaşamaq, ölkənin qüdrətinin artması üçün yox, həm də mənəvi və əxlaqi inkişafın fundamentidir”.
araz.az xəbər verir ki,bunu modern.az saytına Milli Məclisin eks-sədri Rəsul Quliyev özünün və tərəfdarlarının qarşıdan gələn parlament seçkilərində hansı formada iştirakı ilə bağlı suala cavab verərkən deyib.
Sabiq parlament sədri bildirib ki, Azərbaycanda seçkilərdə rəqabət prinsipi hələ qurulmayıb.
Rəsul Quliyevin sözlərinə görə, Azərbaycanda rəqabət mühiti olsa da, bu, çox qeyri-sağlamdır.
“Yəni rüşvətin çoxluğu-azlığı qohumluq və yaxınlıq əlaqələrinə söykənir. Belə bir şəraitdə seçkilərdə iştirak etmək və tərəfdarlarıma məsləhət vermək səmimi olmaz. Mən öz iştirakımla özümü Don Kixot vəziyyətinə salaram. Baxmayaraq ki, Don Kixot obrazına xüsusi rəğbətim var”,-deyə o əlavə edib.
Keçmiş spiker Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla birgə perspektivdə hansısa siyasi təşkilat yaratmaq istəyib-istəməməsi barədə suala da aydınlıq gətirib.
O, söyləyib ki, real proqram və planla istənilən siyasi qurumda iştirak edə bilər.
“İstər Rüstəm müəllimlə, istərsə də onsuz. İndiki müxalifətçilərin bir çoxu ya məni anlamaq şanslarına malik deyillər, ya da anlamaq istəmirlər. Sözsüz ki, onların heç biri ilə düşmənçilik etmirəm. Onların istənilən uğuruna pozitiv reaksiya verəcəyəm. Ancaq məsələ ondadır ki, onlar diqqəti cəlb etmək naminə atdıqları ucuz hərəkətləri ilə özlərini məhv etmələri bir yana qalsın, hökuməti gücləndirirlər. Hökumətin öz daxilində müxalifətin yaranacağı labüddür. Və sözsüz o müxalifət qat-qat təcrübəli və imkanlı olacaq”.
Rəsul Quliyev Rüstəm İbrahimbəyovun Azərbaycan müxalifətindəki yerini və rolunu da qiymətləndirib:
“Rüstəm İbrahimbəyov istənilən işini – istər kino sənəti və dramaturgiyasında, istər yazdığı digər əsərlərində – yüksək keyfiyətlə, yuxarı standartlarla yerinə yetirir. Hər halda onun yaradıcılığını bütün mərhələlərdə izləyən adam kimi münasibətim bu şəkildədir. Gördüyü işdə çox səmimidir. O, Milli Şura ideyasından öncə ölkədə vətəndaş cəmiyyəti yaratmaq təşəbbüsü ilə çıxış edirdi. Fikirləşirəm ki, o bu ideyalarından əl çəkməyib. Bu çox vacib məsələdir. Sözsüz ki, onunla mən təbii müttəfiqik. Rüstəm İbrahimbəyov özünün çəkisi və ideyaları ilə müxalifətin fövqündədir”.
Xatırladaq ki, Rəsul Quliyev 2013-cü il prezident seçkiləri öncəsi yaradılmış Milli Şuranın üzvü olsa da, sonradan bu təşkilatdan istefa verib.
araz.az xəbər portalı.