“Azercell Telekom” fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Zəngimi Ödə” xidmətini ləğv edir.
araz.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq qərar qəbul olunub.
Belə ki, mobil operator şirkəti qeyd edilən xidməti avqustun 5-dən etibarən ləğv edəcək.
Xatırladaq ki, “Azercell” cari il başlayandan abunəçilərin sərfəli hesab etdiyi bəzi tarifləri ləğv edib, bir sıra xidmətləri isə bahalaşdırıb. Hazırda mobil operator şirkətinin bahalaşma və ləğvetmə kampaniyası davam edir. İyulun 12-dən fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Bölgə” tarif paketi çərçivəsində “Limitsiz danışıq” kampaniyasının xidmət haqqı 0,45 manatdan 0,49 manata artırılır. Bir neçə gün əvvəl şirkətin qəbul etdiyi qərara əsasən, iyulun 30-dan etibarən “Tiktok internet paketi” və “Günlük Bölgə” kampaniyaları, eləcə də “Duet Kart”, “Əkiz Kart” və “Video Zəng” xidmətləri ləğv olunur.
May ayından isə “İstəSən” tarif paketi və “GəncOl” tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balansında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,06 manatdan 0,08 manata artırılıb. “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,05 AZN-dən 0,06 AZN-ə artırılıb. “Sərbəst 6”, “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri isə ləğv edilib. İyun ayından isə “Azercell” ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddətini azaldıb.
araz.az xəbər portalı.