İranın keçmiş səhiyyə naziri Məsud Pezeşkian ölkənin 9-cü prezidenti seçilib.
araz.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami ikinci tur seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bəyan edib.
O bildirib ki, dünən keçirilən prezident seçkilərinin ikinci turunda səslərin hesablanması prosesi başa çatıb: “Ölkə üzrə təxminən 59 min mərkəzdə 30 milyon 530 min 157 nəfər səs verib. Cənab Pezeşkian onlardan 16 milyon 384 min 403 nəfərin, yəni, 53.7 faizinin səsini qazanb. Onun rəqibi Səid Celili isə seçicilərin 44.4 faizinin, rəqəmlə ifadə etsək, 13 milyon 538 min 179 nəfərin səsini alıb. Beləliklə, Məsud Pezeşkian ölkənin 9-cü prezidenti seçilib…”.
Məsud Pezeşkian kimdir?
O, 29 sentyabr 1954-cü ildə İranın Mahabad şəhərində azərbaycanlı ailəsində doğulub. Pezeşkian Təbriz Universitetinin tibb fakültəsini bitirib. O, 1980-1988-ci illər arasında İran-İraq müharibəsi zamanı həm döyüşçü, həm də həkim kimi xidmət edib.
1985-ci ildə Pezeşkian müharibədən sonra Təbriz Səhiyyə Elmləri Universitetində ümumi cərrahiyyə ixtisası üzrə təhsilini davam etdirib.
1993-cü ildə Təbriz Səhiyyə Elmləri Universitetində ürək cərrahiyyəsi ixtisasını alan Pezeşkian 1994-1999-cu illərdə Təbriz Səhiyyə Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb.
Pezeşkian 1994-cü ildə həyat yoldaşı Fatma Mecidi və bir oğlunu yol qəzasında itirib, qalan iki oğlu və bir qızını tək böyüdüb və bir daha ailə qurmayıb. Pezeşkianın ailəsində yaşanan dram və onun buna mətn yanaşaraq fədakarlıq etməsi İran cəmiyyətində onu mərhəmətli və möhkəm şəxsiyyət kimtanıdıb. Məhz bu amilin seçicilər tərəfindən ona rəğbət və hörməti artırdığı iddia olunur.
Pezeşkian siyasi həyatı onun 1997-ci ildə, keçmiş prezident Məhəmməd Hatəminin dövründə səhiyyə nazirinin müavini təyin edilməsi ilə başlayıb. O, 2001-ci ildə səhiyyə naziri təyin edilib və 2005-ci ilə qədər bu vəzifədə qalıb.
2008-ci ildə ölkədə keçirilən seçkilərdə Təbrizdən deputat seçilib.
Pezeşkian hakimiyyətin müxalifətə münasibətini sərt tənqid etməkdən çəkinməyib. 2009-cu ildə prezident seçkilərindən sonra baş verən hadisələrdən sonra təhlükəsizlik qüvvələrinin müdaxiləsini tənqid edən parlamentdə çıxış edən Pezeşkiyan mühafizəkar millət vəkilləri ilə gərginlik yaşayıb.
2013-cü ildə İranda keçiriləcək prezident seçkilərində namizəd kimi müraciət edən, lakin sonradan namizədliyini geri götürən Pezeşkian 2016-cı ildə 4 il İran parlamentinin sədr müavini vəzifəsində çalışıb. Bu müddət ərzində o, nüvə sazişini və Qərblə yaxşı münasibətləri müdafiə edib.
Pezeşkianın 2021-ci il seçkiləri üçün namizədliyi rədd edilib. O, martın 1-də keçirilən parlament seçkilərində Təbriz deputatı kimi yenidən parlamentə daxil olub.
2022-ci ilin sentyabrında İranda Mahsa Emini adlı gənc qadının polis nəzarətində ölməsindən sonra dövlət televiziyasında iştirak etdiyi proqramda danışan Pezeşkian, qadınlar üçün məcburi hicab qanunu ilə bağlı müdaxilələrin vəziyyəti daha da pisləşdirdiyini və buna son qoyulmalı olduğunu söyləyib: “Uşaqlarımızın iffətli olmasını istəyirik, lakin bu davranışlar onları dindən uzaqlaşdırırsa, bu üsulu davam etdirməməliyik”.
Keçmiş prezidentlər Məhəmməd Hatəmi və Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin açıq dəstəyini alan Pezeşkian seçki kampaniyalarında ölkədə “etnik və məzhəb ayrı-seçkiliyi” və məcburi hicab problemini vurğulayıb. O, iqtisadiyyat və ədalətlə bağlı problemləri həll edəcəyinə söz verib.
İnternet qadağalarını böyük ölçüdə qaldıracağına da söz verən Pezeşkian daxili və xarici siyasətdə mühüm islahatların aparılacağını, həmçinin Qərblə daha yaxşı əlaqələr qurulacağını bəyan edib.
araz.az xəbər portalı.