mehkeme_0451_51517746548-300x225.jpg

Əsgərlikdə olarkən komandiri tərəfindən döyülən şəxs qisas almağı özünə söz verib. Və nə az, nə çox düz 16 il sonra komandirini Bakıda görüb və intiqam almağı planlaşdırıb. Məqsədi onu döyən keçmiş komandirini cəzalandırmaq olub. Bu işdə ona iki tanışı kömək edib. Amma onlar adam döyməkdə yox, özgənin əmlakının quldurluq yolu ilə ələ keçirməkdə də ittiham edilirlər.

Araz.az-ın musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Araz Yusifov, Qulu Səfərzadə və Mikayıl Qafarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədlriyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəvan Ağayevə qarşı quldurluq ediblər. Belə ki, onlar Rəvan Ağayevi yolda döyərək cibində olan pulunu və telefonunu götürüblər. Təqsirləndirilən şəxslər Rəvan Ağayevə yumruq, təpik, dəmir parçası və bıçaqla da zərbələr endiriblər.

Araz Yusifov və Mikayıl Qafarov elan olunan ittihamla özlərini qətiyyən təqsirli bilməyiblər. Qulu Səfərzadə isə qismən təqsirli bildiyini deyib.

Məhkəmədə zərərçəkmiş Rəvan Ağayev ifadə verib. O, deyib ki, yolda gedərkən əvvəllər tanımadığı Araz Yusifov qarşısına çıxıb.

Ona cibindən pulunun düşdüyünü deyib: “Mən aşağı tərəflə gəlirdim. Amma o mənə yuxarı yolu göstərərək dedi ki, cibimdən pulum düşüb. Mən isə ona gülərək dedim ki, yolun əks tərəfindən gəlirəm. Elə bunu deyəndə arxadan iki nəfərin də gəldiyini gördüm. Üzümü Araza tərəf döndərəndə gözümün altından bir yumruq vurdu. Başımı qaldıranda bir yumruq da gözümün üstündən vurdu”.

Rəvan Ağayev qeyd edib ki, yerə yıxılan zaman ona arxadan zərbələr də vurulub. O, iki bıçaq zərbəsi aldığını və təqsirləndirilən şəxslərdən birinin də əlində dəmir parçası olduğunu deyib. R.Ağayev cibində olan pulunun və telefonunun götürüldüyünü söyləyib.

Məhkəmədə ifadə verən Araz Yusifov bu cinayət əməlini törətmələrinin səbəbini danışarkən deyib ki, məqsədləri quldurluq edib, əmlak ələ keçirmək olmayıb.

O deyib ki, tanışı Qulu Səfərzadə ilə birlikdə Rəvan Ağayevi döyüblər:

“Həmin vaxt mən Rəvan Ağayevin sifətinə bir dəfə yumruqla vurmuşam. Onu döyməyimizin səbəbi isə mən 2002-2003-cü illərdə hərbi xidmətdə olduğum zaman Rəvan Ağayev komandir müavini vəzifəsində işləyirdi. Rəvan Ağayev dəfələrlə məni təhqir edib döymüşdü. Onun tabeçiliyində olmağımdan sui-istifadə edərək mənə qarşı təhqiredici ifadələr işlədib, döyüb. Məni döyərkən alnıma yetirdiyi xəsarətin izi bu gün də qalmaqdadır. Hər dəfə o izləri görəndə Rəvan Ağayevi xatırlayıram”.

Araz Yusifov deyib keçmiş komandirini şəhərdə görərkən ondan qisas almaq zamanı çatdığını düşünüb:

“Mən onu hadisədən təxminən 10 gün əvvəl Bakı şəhərində “20 Yanvar” metro stansiyasının yaxınlığında gördüm. Bundan sonra bir neçə dəfə də onun eyni vaxtda həmin ərazidən keçdiyini görüb başa düşdüm ki, o, həmin vaxtlarda oradan işə gedir. Onu döydürüb ondan qisas almaq qərarına gəldim.

Mikayıl Qafarovdan kömək etməsini xahiş etdim. O da tanışı Quluya dedi. Bundan sonra mən Qulu ilə birlikdə gəlib “20 Yanvar” metro stansiyası yaxınlığında gediş-gəlişin az olduğu küçədə Rəvan Ağayevlə rastlaşıb onu döydük və mən həmin vaxt ondan qisasımı almaq üçün yumruqla bir dəfə onun sifət nahiyəsinə vurdum. Niyyətim yalnız hərbi xidmətdə olduğum dövrdə onun mənə yetirdiyi fiziki və mənəvi iztirabların, qismən də olsa, əvəzini çıxmaq olub”.

Araz Yusifov qeyd edib ki, hadisə zamanı Rəvan Ağayevin telefon və pulundan xəbəri olmayıb: “Heç zaman onun puluna və telefonuna əl uzatmazdım, çünki bu hərəkətləri hər şeydən əvvəl mən özümə təhqir hesab edirəm. Təbii ki, öz şəxsiyyətimə vurulan fiziki və mənəvi zərəri bağışlamadığım halda, öz şəxsiyyətimi alçaldıb əvəz çıxmaq əvəzinə 50 manatına və köhnə telefonuna tamah salmağım heç zaman ağlımdan belə keçməyib”.

Məhkəmədə məlum olub ki, Araz Yusifov bu əməlində ona kömək edən dostlarına 400 manata qədər pul da vəd edibmiş.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

İttihama görə onlar özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə 25 iyun 2017-ci il tarixdə saat 08 radələrində Rəvan Ağayevi təqib edərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən Azərbaycan Respublikası Uşaq Ankoloji Xəstəxanasının qarşısında dəmir parçası və bıçaqdan silah qismində istifadə etməklə ona basqın ediblər.

Bu hadisədən sonra ilk olaraq polis əməkdaşları Qulu Səfərzadəni saxlayıblar. Polis əməkdaşları Qulu Səfərzadədən zəng edərək Araz Yusifovu görüşə çağırmasını istəyiblər. Araz “Elmlər Akademiyası”nın qarşısına görüşə gedərkən saxlanılıb.

Məhkəmə prosesi davam edir.

araz.az xəbər portalı.