“SOCAR – AQŞ”-nin və neftlə bağlı digər qurumların milyardlarını talayanların “nurçu” təriqətçilər şəbəkəsi ilə işbirliyi — şok yaradan həqiqətlər
Xəbər verdiyimiz kimi, qurub-yaratdığı və adını dünya səviyyəsinə qaldırdığı “SOCAR – AQŞ”-nin sabiq Baş direktoru Ramin İsayev bir ilə yaxındır məhkum həyatı yaşamağa məcbur edilib. Bu müəmmalı həbsin qaranlıq məqamlarını öz araşdırma yazılarında işıqlandırdığına görə, “Araz” Media Qrupunun tərkibindəki araz.az xəbər portalı və yazı müəllifləri də məhkəməyə verilib. Ona görə ki, müəlliflər öz araşdırma yazılarıyla, məhkəməyə müraciət edənlərin, elə, sabiq Baş direktorun həbsini təşkil etdirənlərin özlərinin, ölkənin milyardlarını “Uf!” demədən xarici ölkələrə daşıyan Nəsib Həsənovun özünün, səhmdar və digər formada barmaq qoyduğu neftlə bağlı “NEQSOL Holding”, “Nobel Energy”, “Abşeron Qazma”, “SOCAR – AQŞ”, “StatOil”, “KCA Deutag”, “Azorel”… kimi şirkətlərdə məsul vəzifələr tutanların olduğunu üzə çıxara bilib. Yazılarda xüsusi olaraq qeyd edilib ki, milyarder səhmdarın və onun “kruqundakı” həmin vəzifə sahiblərinin əlləri hər yerə girir. Adları pis-yaxşı yöndən hallandırılan bütün təşkilat və qurumlarla işləməyi bacarırlar. Hər yerə öz adamlarını yerləşdirdiklərinə görə, istədiklərini etməyə qadirdirlər. Bunun sübutu olan və məlumatlı mənbə tərəfindən araz.az-a ötürülən daha bir fakt da əlimizdədir.
Əgər yadınızdadırsa, bir vaxtlar ölkə gündəmi və mətbuatımız belə bir xəbərlə çalxalanmağa başladı: “Azərbaycanda təriqətçi FETO-çular və “nurçular” şəbəkəsi iş başındadır!
Oliqarxların orbitində dövrə vuran məşhur vəkilin türk iş adamına 40 min dollarlıq kələyi”.
Təsəvvür edirsiniz, onda bu nə demək idi?! Hətta mətbu vasitələr belə bunlardan yazmağa çəkinirdilər. Çünki təriqətçilər öz çirkin əməllərinə ölkənin bütün təbəqələrindən olan oğul-qızlarımızı bulaşdıra bilmişdilər. Rəhbər şəxslər belə başladıqları kadr islahatlarında bu vaxta qədər müxtəlif yollarla dövlət qurumlarında mövqe tutan və “nurçular” kimi tanınan qruplaşmanın ortadan qaldırılmasında çətinlik çəkirdilər. Mühüm postlarda yer alan onların həmfikirləri əksər qurumların kadr idarəçiliyində yenilənmə qarşısında ciddi əngələ çevrilmişdi. Bunların rəhbərlik “gözünə kül üfürməklə” qurduqları belə bir şəbəkə dağıdılmayınca, qarşıya qoyulan məqsədə nail olunacağı da mümkün görünmürdü. Buna əsas səbəb o idi ki, bu şəbəkədə “Türkiyə təhsili” adı ilə yer alanlara “batmaq mümkün olmurdu” — şübhəlilərin kimlərin olması bəlli olsa da!
Konkret desək, ölkə mühitinə xoşagəlməz ab-hava qatan həmin hadisələrə stimul verən günahkar təşkilatçılar özlərinə çox arxayın idilər və istədiklərini edirdilər.
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, prosesin gedişi zamanı qarşı tərəfin nümayəndəsi və vəkili Orxan Xudatlının özünəarxayınlıq təsiri bağışlayan hərəkət və davranışlarından, məhkəmədə aura dəyişikliyi yaratmaq üçün, ağılına gələnləri etməkdən çəkinməməsindən “gözümüz su içmədi”. Elə, bu və bu kimi digər əməlləri bizi “qorxuya saldığı” üçün də, onun özü ilə bağlı araşdırmalarımıza start verməyi qərara aldım. Daha doğrusu, ölkə mühitinə xoşagəlməz ab-hava qatan həmin hadisələrə stimul verən o vaxtkı günahkar ünsürlər arasında olanlardan biri kimi, onun sifət cizgilərinin uyğun gəlməsi narahatlığıma səbəb oldu. Nəhayət ki, bu barədə də, son qəti qərarımı verdim. Etibarlı mənbənin bu barədə məlumatları da, yaddaşımın korlanmadığını və təsəvvürümdə yanılmadığımı təsdiq etdi.
Bu da həmin məlumatların qısa xülasəsi: “Bir vaxtlar, barəsində yazdığınız və Xırdalan Şəhər Vəkil Bürosunda adı gedən Orxan Vəlyəddin oğlu Xudatlının “nurçu” olması barədə
xəbərlər dolaşmağa başladı.
Dəhşət onda idi ki, onun olduğu “çete” də, toyla evliliyin yasaqlanmasına belə qadağa qoydurmağa nail olmaq istəyirdi. Məqsədlərinə nail olmaq, hətta, toy şənlikləri aurasında evlənən doğma-yaxınlarının ailələrini də, “islam dininin tələbləri” adıyla, vicdansızcasına dağıdırdılar. Eynən, Orxan Xudatlı sizi məhkəmədə “qorxuya saldığı” kimi!
Onu da deyim ki, o, ölkənin məşhur hüquqşünas-vəkilinin əli ilə, “pullu idarələrin”, onların oliqarx rəhbərlərinin təmsilçisi kimi, məhkəmə və cinayət işlərinə cəlb olunur. O da, “Türkiyə təhsili pərdəsinə bürünənlərdən” biridir. 2015-ci ildə Ankara Universitetində magistr təhsili alıb.
Bəlli, dəhşət ondadır ki, onunla həmfikir olan hüquqşünaslar və vəkillər də, ölkənin milyonlarla dövlət vəsaitini mənimsəməkdən çəkinməyən oliqarx məmurları, eyni zamanda böyük miqdarda pulu vergidən yayındıranları müdafiə edirlər. Və digər maxinasiyalar, çirkli pulların yuyulması belə, onların dəstəyi ilə, asanlıqla həyata keçirilir. Düzdür, əlaqədar qurumlar onların belini qıra bilirlər. Lakin bu gec olur. Bir sözlə, ortada müsbət nəticə görmürük. Çünki onlar artıq öz işlərini görmüş olurlar. Bunu deməkdə məqsədim odur ki, deməli, onlar nəinki Azərbaycana, hətta təhsil aldıqları Türkiyəyə rotasiya adıyla “buynuz göstərməyi” bacarırlar. Əslində isə, vəziyyət başqa cür olur. Bu səbəbdən, bəd əməllərinin xoşagəlməz fəsadları uzun müddət xatirələrdən silinmir.
Bu gün ölkə iqtisadiyyatının neft və qeyri-neft sektoru sistemində ciddi islahatların aparılması, beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi olduqca vacib, təxirəsalınmaz zərurətə çevrilib. Amma bu və bu kimi hallar ciddi əngələ çevrilib. Çünki Nəsib Həsənov kimi anlaşılmaz səhmdarlar ölkənin milyardlarını talamaqdan çəkinmirlər. Yəqin, bu ətrafda ortaya çıxan sualların cavabının çox sadə olduğu sizə də, məlum oldu. Adi bir cavabı: Ramin İsayev həbs olunanda ən çox sevinənlərdən biri də, təqribən 7 il öncə yaradılan
“NEQSOL Holding”-in törəmə bir qurumunun — Xəzər dənizinin Bakı sahilində yerləşən “Azorel” MMC-nin Baş direktor müavini Fərid Həsənov idi. Sanki əl vurub, toy çalırdı və ətrafındakılara deyirdi ki, artıq, kefdədirlər. Nə istəsələr, edə bilərlər, qorxu yoxdur. Elə, o vaxtdan da, istədiklərini edirlər. Fəaliyyəti ictimaiyyət üçün qaranlıq saxlanan bu MMC əsl korrupsiya yuvasına çevrilib. Onlara ruh verənlər isə, “NEQSOL”, “SOCAR — AQŞ” kimi şirkətlərin başında duranlardır. Təsəvvür etmək belə çətindir ki, qazma məhlullarının istehsalını və qazma üçün mühəndislik xidmətlərinin göstərilməsini həyata keçirən, yüksək keyfiyyətli təftiş xidmətlərini, dağıtmadan yoxlama testlərini, texniki xidmət və təmiri təmin edən bu Qazma Məhlulu Zavodunun adıyla onlar burada oyunlardan çıxırlar.
Adi bir misal: Fərid Həsənovun həyat yoldaşı Rita xanım “NEQSOL Holding”-in hüquq şöbəsinin müdiri Toğrul Əhmədovun müavinidir. Rita Həsənova Nəsib Həsənovun arvadı Rita xanımla yaxın rəfiqədirlər. Bu dəstədə olanlar da, Ramin İsayevin həbsindən sonra toy-bayram ediblər. Həbsdən dərhal sonra, onun acığına, Fəridin ailəsi hələ 250 min dollara son model BMW maşın da alıb.
Oliqarxların orbitində dövrə vuran Orxan Xudatlının kələklərinin sayı-hesabı bilinmir. Öz yaxın qohumu ilə ailə həyatı quran bacısı Nuranə İbrahimova da, artıq, onun bu kələklərinin girdabındadır. Özü ilə bərabər,
2 yeniyetmə oğlunun “nurçuluğu” qəbul etmələri ailə başçısının da kəsin etirazına səbəb olub. Beləcə, ailəni dağıdaraq, evini tərk edib. Onu yandıran həm də odur ki, Ömər Xudatlı bacısı övladları Ayxan və Uğuru toylara getməməyə təhrik edir. Guya, bu Azərbaycan təriqətinə uyğun deyil. Bu səbəbdən, heç bir toya getmirlər. Bunu bütün Zərkənd kəndinin camaatı bilir. Bu nə deməkdir, anlamaq olmur.
Digər bir anlaşılmazlıq ondan ibarətdir ki, nədən, “NEQSOL Holding” və onun ətrafında olan digər qurumlar təhlükəsizlik məsələlərinə baxan bir şəxs və onun yaxını olan hüquqşünas-vəkil tərəfindən idarə olunmalıdır?! Həmin şəxsin isə, keçmiş mahmudovçu Cavid Hümbətov olması adamı yandırandır. O da, istədiyi bəd əməllər törətməkdən çəkinmir. Bir sözlə, burada idarəçilik belə qurulub. “Başqasının gözündə saman çöpü axtaran” dövlət qurumları isə, öz “gözlərindəki tiri görmürlər”. Bu səbəbdəndir ki, ortaya belə suallar çıxır: “Bəyəm, bu qurumlar bu adamları tanımırlar? Onların gördükləri işlərdən xəbərləri yoxdur? FETO-çunun “NEQSOL Holding” kimi varlı bir qurumda dollar cənnətinə düşməsində günahkarlar kimlərdir? Bu sadalananlarla bağlı xüsusi xidmət orqanları nədən lazımi tədbirlər həyata keçirmirlər?..”.
Onu da demək istəyirəm ki, belə təhlükəli adamların doğma-yaxınlarının belə keçmişləri yaxşı yöndən izah edilmir: Orxan Xudatlının atası Vəliyəddin İbrahimov kimi. AXC-nin vaxtında Bakı Şəhər Ticarət Departamentinin rəisi olub. Cəbhə hakimiyyəti istefaya gedəndən sonra, uzun müddət işsiz qalıb, sonra Xızıda Elimlər Akademiyasının Təsərrüfatına rəhbərlik edib. Həmin müddətdə həmin təsərrüfatın torpaqlarını yuxarı rəhbərliklə əlbir olaraq, leqallaşdırıb. Oradan çıxandan sonra, Sulutəpə ərazisində saysız-hesabsız torpaqlar alıb, evlər tikərək, satmaqla məşğul olub. Hələ bu nədir ki?! Barəsində sizə də çox şey məlum olacaq…”.
Deyilənlərlə bağlı ciddi araşdırmalarımız davam etdiyindən, yazının davamını sonraya saxlayırıq.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.