Macarıstan Baş naziri Viktor Orbanın Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirakı Qərbdə birmənalı qarşılanmayıb. Buna ilk reaksiya Avropa Birliyinin xarici işlər üzrə komissarı Cozep Borreldən gəlib.
O, Orbanın Avropa Birliyini (AB) Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti olmadığını bildirib.
AB Orbanın Moskvaya səfəri zamanı da bənzər reaksiyanı vermişdi. Bu mənada Cozep Borrelin reaksiyası təəccüblü deyil. Lakin bununla belə reaksiya əsassız və məntiqsizdir.
Məsələ ondadır ki, Macarıstan TDT-da müşahidəçi statusuna malikdir və Orban Şuşada keçirilən sammitdə buna görə iştirak edib. Yəni o, sammitdə AB-ni təmsil etməyib. Ümumiyyətlə, AB-nin üzv ölkələrə başqa təşkilatda təmsil olunmağı qadağan edən hüququ yoxdur.
Aydın məsələdir ki, Cozep Borrelin reaksiyası nə Orbanın TDT-ın sammitində iştirak etməsi ilə, nə də bu iştirakın AB maraqları çərçivəsində olmaması ilə bağlıdır. Müqayisə üçün deyim ki, Orban bir çox Avropa liderindən fərqli olaraq nə boş söz deyir, nə də yerində sayır. O konkret addımlar adaraq real işlər görməyə çalışır.
Orban Rusiya-Ukrayna müharibəsinin həm AB, həm də dünya miqyasında riskli bir hala gəldiyinin fərqindədir. Prosesin ən qısa zamanda həlli üçün real addımın atılmalı olduğunu da dəfələrlə deyib. Bir neçə gün öncə isə o, Moskvaya səfər etdi və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardı.
Orban daha sonra TDT-nin sammitində iştirak üçün Şuşaya gəldi. Sammitdən sonra isə Macarıstanın Baş naziri Pekinə səfər etdi. Orbanın Avropa lideriləri arasında xüsusi aktivlik göstərməsi, görünür, bəzi dairələri narahat edib. Ümumiyyətlə, hazırda Avropada İttifaqının ABŞ təsirindən çıxıb müstəqil bir blok kimi xarici siyasət yeritməsini dəstəkləyən qüvvələr var. Orban da bu qüvvələrdəndir. Lakin Vaşinqton AB üzvlərinin “qızıl qəfəsdən” azad olmasını istəmir. Cozep Borrelin etirazı əslində ABŞ-ın etirazıdır.
Tarixi aspektdən baxdıqda Macarıstan XVI əsrə, Osmanlı sultanı Qanuni Süleyman tərəfindən fəth edilənə qədər Avropada əsas aparıcı siyasi güc idi. Görünən odur ki, aradan keçən 500 il sonrası rəsmi Budapeşt Viktor Orbanın timsalında Avropa siyasətində yön verməyə və aparıcı güc olmağa qərarlıdır. Orbanın bu çətin missiyanın öhdəsindən gəlib-gəlməyəcəyini təbii ki, zaman göstərəcək. Amma bütün hallarda o, Avropada real işlər görən nadir liderlərdəndir.
Turan RZAYEV,
politoloq.
araz.az xəbər portalı.