Elşən Manafov: “Bu, Macarıstanın Avropa İttifaqının Rusiya ilə bağlı siyasətini dəstəkləməməsindən irəli gəlir”

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Macarıstanın baş naziri Viktor Orbanı türk dövlətlərinin zirvə toplantısına getməsinə görə tənqid edib. Borrel bildirib ki, Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının sammitində İttifaqı təmsil etmək mandatı almayıb: 

“Viktor Orban Aİ-dən onu Türk Dövlətləri Təşkilatının sammitində təmsil etmək üçün mandat almayıb. Avropa İttıfaqı Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”.

Qeyd edək ki, Şuşada keçirilən iclasda çıxış edən Orban TDT-ni Qərb və Şərq arasında əməkdaşlıq üçün çox mühüm təşkilat kimi gördüyünü bildirib. O, həmçinin, regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Görünən odur ki, vəzifəsindən gethagetdə də Borrel şərəfsizliyindən qalmır. Maraqlıdır, Avropa İttifaqı komissarlarının TDT-nin inteqrasiyasına belə ağrılı reaksiyası nə ilə bağlıdır? Əslində bu, Orbanın gəlişinə yox, türk dövlətlərinin inteqrasiyasına göstərilən reaksiyadır. Çünki hamı bilir ki, Orban Aİ-ni təmsil etmir. O, Macarıstan baş naziri kimi ora dəvət edilib. Ancaq buna baxmayaraq, Borrel olduqca aqressiv şəkildə buna reaksiya verir. Onu da qeyd edək ki, Türkiyə futbolçusu Merih Demiral Avstriya ilə matçda qol sevincini “bozqurd” işarəsi ilə göstərdiyinə görə sərt tənqid edildi. Bütün Aİ rəsmiləri onun üzərinə getdilər. Halbuki, Avropa şəhərlərində faşist svastikası nümayiş ediləndə buna belə reaksiya vermirlər. Bu, türk dövlətlərinin inteqrasiyasına olan münasibətin təzahürüdür. O baxımdan türk dövlətlərinin inteqrasiyasından niyə belə qorxurlar?

“Macarlar Avropa hunlarının, məşhur sərkərdə Atillanın tarixi və mənəvi varisləri olduqlarından, onların bu…”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov türk dövlətlərinin inteqrasiyasına olan düşmən münasibəti bir sıra amillərlə əlaqələndirdi: “Avropa İttifaqının baş diplomati kimi tanınan Borrelin Macarıstan baş nazirinin Türk Dövlətlərinin Əməkdaşlıq Təşkilatında iştirak etmək üçün Şuşaya olan səfərinə münasibətdə sərgilədiyi mövqe, Macarıstanın Avropa İttifaqının Rusiya ilə bağlı siyasətini dəstəkləməməsindən irəli gəlir. Orbanın Ukrayna və Rusiya liderləri ilə görüşlər keçirməsi, tərəflər arasında sülh müqaviləsinin imzalaması üçün vasitəçilik təklifləri eskalasiyanın güclənməsində maraqlı olan Avroittifaq tərəfindən qəbul olunmur. Orban Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən görüşünə Azərbaycan prezidentinin təklifi ilə Macaristanin baş naziri olaraq qoşulub. Təbii ki, o, bu görüşdə Avropa İttifaqını təmsil etməyib. Digər tərəfdən, Macarıstanın baş naziri Orban Şuşa sammitinə Macarıstan TDT-də müşahidəçi kimi təmsil olunduğuna görə qatılıb. Macarlar Avropa hunlarının, məşhur sərkərdə Atillanın tarixi və mənəvi varisləri olduqlarından, onların bu tədbirdə iştirak etməsi həm tarixilik, həm də Macarıstanın Türk dövlətləri ilə inteqrasiya proseslərinin sürətləndirilməsi kontekstindən də izahediləndir. Görünur, Avropa bunu həzm edə bilmir. Macarıstan Avropa Birliyinin Ermənistan və Azərbaycana münasibətdə ayrıseçkilik siyasətinə qarşı çıxış edərək, Ermənistana ayrılan yardımlara qarşı çıxış edərək dəfələrlə onları bloklayıb. Yalnız Azərbaycana münasibətdə yardımlar göstəriləcəyi təqdirdə Ermənistanın da yardıma ümüd edəcəyinə işarə edib. Macarıstana belə aqressiv siyasi münasibət həm də bununla əlaqədardır”.

Vidadi ORDAHALLI.

araz.az xəbər portalı.