Növbəti parlament formalaşandan sonra Adil Əliyevin vitse-spiker postundan gedəcəyi gözlənilirdi. Amma deputat mandatı alacağı şübhə da doğurmurdu. Onun Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatı isə gözlənilməz oldu.

Maraqlıdır, Parlamentdə vitse-spiker postuna Fazil Mustafanın gətiriləcəyi bildirilir. Fəzail İbrahimlinin də vitse-spiker kreslosu ilə vidalaşacağı əldə olunan məlumatlar sırasındadır.

Təxminən 20 il deputat mandatı daşıyan A.Əliyevin son illərdəki fəaliyyəti daha çox onun siyasi persona kimi formalaşmasını önə çəkirdi. O, iddialı adamdır, dəqiq!

İcra strukturuna göndərilməsini onun karyerasında ciddi eniş nöqtəsi hesab etmək olar. Belə ki, Parlamentin sədr müavini postundan paytaxtın ən şikəst rayonlarından birinə rəhbər gedən A.Əliyevin iddiaları tamam başqa idi: iki dəfə nazir olmaq istəmişdi, sonuncu dəfə Naxçıvana təyinat almaq üçün çalışırdı.

A.Əliyevin seçiciləri deputat kimi onun səmimiliyini qəbul edirdi, elə dini inancında da həmişə sabitqədəm və ötkəm olub. Azərbaycan xalqının əvəzolunmaz sərvəti – Hacı Şahin Həsənlinin vəfatından sonra A.Əliyev öz əqidəsinə qətiyyəli sədaqət nümayiş etdirdi. Bu həmin vaxt idi ki, xalqın ənənəvi dini inanc sisteminə qarşı məqsədli şəkildə hücumlar həyata keçirilirdi. Bir çox deputat xalqın inanc sistemini hədəfə almaq üçün sıraya durmuşdu. Amma A.Əliyev belə bir məqamda öz mövqeyini ortaya qoydu, Hacı Şahinin ölümü ilə bağlı ehsan verdi. İndi danışmaq çox asandır, həmin vaxt bu cəsarət tələb edirdi.

Və bir şeyə də dəqiq əminəm, Nərimanovdan seçilən heç bir deputat seçicilərlə onun qədər təmas qurmaq imkanına sahib olmayacaq. Amma bir məsələ də var idi ki, o, sıradan görüşlərini də böyük ölçüdə təqdim etdirirdi, pul hesabına ciddi PR qururdu. Ölkədə yeganə şəxslərdəndir ki, minlərlə könüllü trol ordusuna sahibdir.

A.Əliyev nəhəng biznes imkanlarına sahibdir, az qala Nərimanov rayonunun yarısı ona məxsus otellər, restoranlar, şadlıq sarayları və villalarla doludur. O, tək-tük deputatlardan idi ki, həmişə əlində media qurumu bəsləyib, onlarla jurnalistə aylıq pul verib, ətrafında çoxsaylı trollar ordusu saxlayıb. Qarşısında təzim edən yüzlərlə idmançı var. Amma məsələ bununla bitmir, ölkənin əksər jurnalistləri həmişə ona təriflər yağdırıb. Bəlkə də layiqdir, bilmirəm, amma A.Əliyevdən ən azı bircə dəfə də olsun yararlanmayan çox az sayda jurnalist tapmaq olar.

Samir FEYRUZOV.

araz.az xəbər portalı.