Bu barədə araz.az-ın müxbirinin suallarını cavablandırarkən Asif Mərzili belə deyib…

Xatırladırıq ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə parlament vaxtından əvvəl özünü buraxmış, bu ilin sentyabrın 1-nə növbədənkənar seçki təyin edilmişdir.

Asif Mərzili əməkdaşımıza bunları demişdir: «Məsələ ondadır ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 5 çağırış Milli Məclisə seçkilərdə Bəxtiyar Sadıqov adlı bir adamı Ağdama deputat etdirmişdir. Hansı ki, Ağdam 119 saylı kənd seçki dairəsində təmsil olunan seçicilərdən, indinin özündə belə, Bəxtiyar Sadıqovun fotoşəklini göstərsəniz ki, bu adamı tanıyırsınızmı, deyəcəklər ki, yox, bu adam kimdir? Amma bu adam 24 ildir Ağdam kimi bir rayonun deputatı edilib, «Azərbaycan» kimi bir rəsmi qəzetin baş redaktoru saxlanılıb… Mən 3 dəfə bu dairədən deputatlığa namizəd olmuşam. 2005-ci ildə Bəxtiyar Sadıqovun seçki saxtakarlığından şikayət etdik, Konstitutsiya Məhkəməsi seçkinin nəticələrini tanımadı və Ramiz Mehdiyevin bu namizədi təkrar seçkiyə getməli oldu. Bu Azərbaycanın seçki tarixində ilk hadisə idi. Amma nə fayda, təkrar seçkidə də Ramiz Mehdiyevin təsir dairəsi Ağdamda layiqli namizədlərin, Ağdam insanının problemlərini dinləməli olan bir şəxsin deputat seçilməsinə imkan vermədi… Təsəvvür edin, qohum-əqrabalarımın olduğu Ağdamın Mərzili kəndinin təxminən 6-7 min sakini Ergi qəsəbəsində məskunlaşıb. Buradakı məntəqədə mən 5-10 faiz səs toplayıram, Bəxtiyar Sadıqov isə 80 faiz. Hansı ki, bu adam nəinki Erginin yolunu belə tanımır, insanlarını hardan tanıya bilərdi?! Tanısaydı, 30 ildən çoxdur Erginin bərbad yolunun təmirinə çalışardı… Odur, inanıram ki, bu dəfə 119 saylı Ağdam Seçki Dairəsində cənab Prezident İlham Əliyevin iradəsinin ziddinə gedən kimsə olmayacaq və saxlalaşdırmalara da yol verilməyəcək… Artıq səlahiyyətli nümayəndələrim 119 saylı Ağdam Seçki Dairəsindən imza vərəqələrini götürməkdədir».

BİZİM ARAYIŞ: Asif Mərzili (Məmmədov)-Ağdam rayonunun Mərzili kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını və Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. “Böyük kimya uğrunda” qəzetinin baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ştatdankənar müxbiri, Azərbaycan Nazirlər Sovetinin “Respublika” və Milli Məclisin “Həyat” (indiki “Azərbaycan”) qəzetlərinin parlament müxbiri təyin edilib. 1992-1998-ci illərdə “Ədalət” qəzeti baş redaktorunun 1 müavini vəzifəsində çalışıb, 1993-cü ildən həm də “Təzadlar” qəzetinin təsisçisi və baş redaktoru, TTV.az (tezadlar tv) TV-nin yaradıcısıdır.

“Biz əyilmədik”, “Yerin görünəcək”, “Mərzili və Mərzililər” (Ənvər Çingizoğlu və Asif Mərzili),”Qalxın, jurnalist gəlir!”, «Mübarizədə keçən ömür», “Təzadlar”, «Əfsanəvi kəşfiyyatçı: Orxan Əkbərov» və bu il Dövlət mükafatına təqdim edilmiş «Sonuncu əmr» romanın müəllifidir.

Asif Mərzili Dünya Türk Qəzetçilər Federasiyasının və Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin 4 saytının köşə yazarıdır. Çoxsaylı beynəlxalq Sertifikatlar müəllifidir. 2023-cü ildə Dövlət Sərhəd Xidmətinin rəisi, general- polkovnik Elçin Quliyevin Sərəncamı ilə «Hərbi sahədəki səmərəli fəaliyyətinə görə» Medalı ilə təltif olunub.

Ailəlidir, 2 övladı və 2 nəvəsi var.

araz.az xəbər portalı.