Həm Azərbaycan, həm də Cənubi Qafqazın digər ölkələrindəki iqtisadçılar 3 ölkənin son illər iqtisadi inkişafı haqda müxtəlif təhlillər, müqayisələr aparırlar.
Məsələn, Ermənistan iqtisadiyyatı 2022 və 2023-cü illərdə sürətlə böyüyüb, 12%-dən çox iqtisadi artım qeydə alınıb; Gürcüstanla bağlı da təxminən eyni vəziyyətdir – 2022-ci ildə ÜDM 10,4, 2023-cü ildə 7% artım olub, 2024-cü ilin ilk rübündə artım artıq 8,4%-dir.
Azərbaycanla bağlı rəqəmlər isə ürəkaçan deyil: 2023-cü il üçün 0,1% artımdan bəhs edilirdi, sonra bəlli oldu ki, bu artım 1%-in üstündədir və doğrusu, yekun rəqəm də bəlli olmadı. Hər bir halda Cənubi Qafqazın ən böyük iqtisadiyyatı olan Azərbaycanın iqtisadi inkişafı Gürcüstan və Ermənistandan geri qalır.
Bəs, səbəblər nədir?
Ermənistan iqtisadiyyatının böyüməsi olduqca ilgincdir: ÜDM artımı az qala dünyada ən sürətli böyüyən ölkələri qabaqlayır, ancaq elektrik enerjisi istehlakı 2023-cü ildə 6% azalıb. Bu, görünməmiş hadisədir – iqtisadiyyat böyüyürsə, mütləq enerji istehlakı da artmalıdır.
Erməni iqtisadçılar özləri açıq şəkildə etiraf edirlər ki, bunun yeganə səbəbi Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində İrəvanın oynadığı roldur. 2022-ci il 24 fevralından sonra Ermənistan üçün böyük imkanlar yaranıb, o qədər ki, tarixində ilk dəfə Ermənistanın Rusiyaya ixracı idxalını üstələyib – baxmayaraq ki, bütün enerji sektoru, dəmir yolu, AES – hər şey Rusiyanın əlindədir. Səbəb odur ki, Ermənistan Avropa da daxil olmaqla, bir çox ölkədən mal ixrac edib, Rusiyaya ötürür və külli miqdarda valyuta əldə edir. Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi ötən il 7,3 milyardı keçib, bu ilin ilk rübündə isə daha 40% artıb.
Erməni ekspert Suren Parsyan mediaya müsahibəsində açıq şəkildə bildirmişdi ki, Ermənistanın bu qanunsuzluğuna Qərb İrəvanın Rusiyaya qarşı demarşlarına görə göz yumur. Əgər Ermənistan KTMT-də üzvlüyü “dondurmasa”, Qərbi Ermənistana buraxmasa, Ermənistanda ABŞ ordusu ilə təlim keçirməsə, rus sərhədçiləri bəzi ərazilərdən çıxarmasa və s. – Qərb heç bir halda Ermənistanın sanksiyaları bu cür açıq-aşkar dəlməsinə göz yummaz və erməni iqtisadiyyatı çökərdi.
Eyni proses Gürcüstana da aiddir: Gürcüstan AB yolunu tutub, Qafqazın qapısı sayılan bu ölkə uzun müddətdir Qərbin yardım və qrantları, AB-nin vizasız rejim tətbiqi və s. şanslarla ciddi artımlara nail olub – hazırda Gürcüstanda işsizlik belə yoxdur, AB-yə sadələşmiş vizadan gürcülər çox məharətlə istifadə edir.
Amma iş o yerə çatır ki, Gürcüstan parlamentinin dekokratik yolla seçilən parlament çoxluğu adi bir qərar qəbul edir, “Xarici təsirin şəffaflığı haqqında” qanunu Qərbin təzyiqlərinə baxmayaraq, təsdiqləyir – ardınca dərhal əsl “repressiya” başlayır: ABŞ orduya yardımı dondurur, təlimi təxirə salır. AB elan edir ki, Gürcüstanın Avropaya inteqrasiyası dayandırılır; hökumətə qrant və yardımlar azaldılır və s. Buna səbəb həm də Gürcüstan parlamentinin LGBT-yə qarşı qəbul etdiyi qanundur.
Faktiki olaraq Gürcüstanın adidən adi sayılan bir qərara görə sıxışdırılması, güzəştlərdən məhrum edilməsi prosesi gedir.
Səbəbsiz deyil!
Qərb – yəni ABŞ və AB nə tələb etdiyini çox yaxşı bilir: illərlə dotasiya alacaqsan, hətta bəzən məmurlarının maaşını qarşılayacağıq, Cənubi Qafqazda ən böyük – 3,9 milyard – layihəni sizə verəcəyik, AB-yə namizəd statusu əldə edəcəksiniz, viza sadələşəcək, bütün güzəştlər tətbiq ediləcək, əvəzində bizim arzulamadığımız, istəmədiyimiz bir qanunu qəbul edəcəksiniz?
Olmur belə şey! ABŞ, AB haqlı olaraq şərt qoyur – bizim açdığımız pəncərə nəticəsində iqtisadi inkişafa nail olacaqsınızsa, bizim yardımımız, güzəştlərimiz sayəsində ÜDM-niz sürətlə artacaqsa, məhz bizim şərtlərimizlə də yaşayacaqsınız.
Gürcüstanın “ağıllandırılması” prosesinin bu qədər sərt şəkildə aparılmasının səbəbi budur!
Eyni vəziyyət Ermənistana da aiddir. Heç bir resursu olmayan ölkədə dollar ucuzlaşır, maaşlar artır, iqtisadi rifah yüksəlir: AB ən çox yardımı Gürcüstandan sonra Ermənistana ayırır; Ermənistana Sülh Fondundan yardımlar dayanmır, müxtəlif qrantlar verilir və s. Digər tərəfdən isə Rusiyaya tətbiq edilən sanksiyaları dəlməsinə göz yumulur ki, Ermənistan milyardlar qazansın.
Paşinyan ona görə Qərbin çaldığı havaya oynayır, onların sifarişlərini yerinə yetirir. O qədər ki, ABŞ Gürcüstanla hərbi təlimi ləğv edib, Ermənistanla təhlükəsizlik təliminə başlayır.
Azərbaycan isə heç bir tələbi yerinə yetirmir, heç bir siyasi sifarişi dinləmir – yalnız öz milli maraqlarından çıxış edir; AB-yə üzvlüyə cəhd belə etmir, Türk Birliyinə can atır; Avropa istəmədiyi, etiraz etdiyi halda Kuzey Kıprısı Şuşaya dəvət edib, bayrağını türk dövlətlərinin bayraqlarının yanına sancır.
Ona görə Azərbaycan minaları özü təmizləyir, işğaldan azad etdiyi ərazilərdə heç bir dövlətin yardımı yoxdur; sadələşmişi bir kənara qoy, Şengen vizası almaq ona görə son vaxtlar daha da çətinləşib; Gürcüstana, Ermənistana milyardlıq yardım fonunda Azərbaycana vəd edilən dəstəyin adı da neçə vaxtdır tutulmur.
Dünya budur: ya müstəqil siyasət yürüdüb, öz gələcəyini özün quracaq və güc kimi ortaya çıxacaqsan, ya da ən sadə yolu – kiməsə sığınıb, onun dediklərinə əməl edib, iqtisadi güzəştlərdən yararlanacaqsan.
Azərbaycan 20 ildən çoxdur məhz öz yolunu seçdiyi üçün Qarabağı azad edə, sərhədlərini bütövləşdirə, suverenliyini bərpa edə bildi.
Hazırda heç bir təzyiqə boyun əymədən milli strategiya davam etdirilir: ya bu yolu sonadək gedib, tam müstəqil dövlətə çevriləcəyik, ya da LGBT-yə qarşı bir qanuna görə Qərbin barmağını gözümüzə soxduğu marionetka olacağıq…
Şeyx TEYMUR.
araz.az xəbər portalı.