“Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. Artıq partiya İdarə Heyətinin genişləndirilmiş iclasında qərar qəbul edilib, səlahiyyətli nümayəndələrimiz Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib”.
araz.az bildirir ki, bunu “AzPolitika”-ya açıqlamasında AMİP-in mətbuat və təbliğat katibi, Siyasi Şura üzvü Əli Orucov bildirib.
Onun sözlərinə görə, partiya ilkin mərhələdə 10 seçki dairəsi üzrə namizədlərini müəyyən edib.
“Biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk, qarşıdakı dövrdə də seçki kampaniyasını uğurla aparacaq namizədlərin irəli sürülməsinə üstünlük verəcəyik”, – deyə, o, bildirib.
AMİP lideri Etibar Məmmədovun parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə suala cavabında Əli Orucov deyib ki, o, bu barədə fikirlərini ifadə etməyib.
araz.az xəbər portalı.