Turizm mövsümünün başlaması ilə əlaqədar təkcə şəhər ətrafında mənzillərin qiyməti artmayıb, paytaxtın ayrı-ayrı ünvanlarında da kirayə qiymətləri yüksəlib.
Maraqldır ki, paytaxtda bir və bir neçə günlük kirayişinlərin sayı daha çox artıb. Bu da qiymətə öz təsirini göstərib. Məsələn, paytaxtın dənizə yaxın hissəsində gündəlik kirayə haqqı 100-200 manat arasında dəyişir. Digər ərazilərdə isə qiymətlər 80-100 manatdır.
Məsələ ilə bağlı fikirlərini araz.az-a ilə bölüşən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istənilən böyük tədbir Bakının mənzil bazarına öz təsirini göstərir:
“Bu mənada COP29 kimi mötəbər bir tədbirin keçirildiyi günlərdə mənzil bazarında xüsusi canlanma olacağı gözlənilir. Məlumdur ki, ÇOP29-a ən azı 50-60 min insanın gəlişi gözlənilir. Bu qədər qonağı eyni vaxta qəbul edəcək hotellərimizsə yoxdur. Ona görə qonaqlar fərdi evlərə də üz tutacaq. Artan tələbatsa qiymətləri qaldıracaq. Artıq qiymət artımı elektron portallarda özünü göstərir. Vaxt yaxınlaşdıqca qiymətlər daha da yüksələcək. Bizdə olan məlumata görə şəhərin mərkəzi və dənizə yaxın hissəsində mənzili olan insanların çoxu artıq hazırlıq işlərinə başlayıblar. Onlar mənzillərinə əl gəzdirir, ən yaxşı vəziyyətə gətirməyə çalışırlar. Qiymətlərin payızda nə qədər artacağını deməksə bir qədər çətindir. Amma onu deyə bilərəm ki, indiki qiymətlərlə müqayisədə fərq böyük olacaq”.
araz.az xəbər portalı.