Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının “Natiq Qasımov kimi Milli Qəhrəmanın anasının bu şəraitdə yaşaması rəzalətdir” yazısını diqqətlə oxuduq.
Bildirmək istəyirik ki, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri tərəfindən bir neçə sayta göndərilmiş bu yazı tamamilə qərəzlidir. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri reytinq və şəxsi maraqlar naminə Azərbaycanın müstəqlilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin, həmçinin onların ailə üzvlərinin adından istifadə edərək, qeyri-dəqiq, əsassız və qərəzli məlumatlar paylaşır.
Ölməz qəhrəmanımız Natiq Qasımovun adından manipulyasiya etmək, onun ailəsini hansısa şəxsi istəklərinin həyata keçirilməsinə cəlb etmək qətiyyən yolverilməz haldır.
Əlbəttə ki, biz bir ziyalı kimi bu mövzulara həssas yanaşırıq, bəzi dövlət məmurlarının qəhrəman oğul və qızlarımızla bağlı işlərdə səhlənkar yanaşmasına hərdən bir şahidlik edirik. Lakin bu münasibətin Gəncə şəhər İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Gəncə şəhərində şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, bu kateqoriyadan olan bütün insanlara şəhər rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Natiq Qasımovun qardaşını, anasını, bir sözlə bütün ailəsini şəxsən tanıyırıq. Bu ailəni yaxından tanıyan bir ziyalı kimi bu qərəzli yazıya öz etirazımızı bildiririk.
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi adını daşıyan təşkilatın adından da göründüyü kimi milli qəhrəmanlarımızı xalqımıza tanıtmaq bir başa onların işidir. Lakin birinci Qarabağ müharibəsindən uzun illər keçsə də, Natiq Qasımov haqqında əksəriyyət məlumatsız idi və bu qəhrəmanımızı tanımırdı. Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən çəkilən “Oğul” filmindən və müxtəlif xarici jurnallarda gedən yazılardan sonra bu qəhrəmanımız tanındı. Məlumat üçün bildirmək istəyirəm ki, həmin fotoların müəllifi müharibə zamanı Qarabağda olan italyan fotoqraf və jurnalist Enriko Sarsinidir. Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib. Filmdə fotoqrafın müsahibəsi də yer almışdır.
Bundan sonra Gəncə şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə tanınmış jurnalist Ruhulla Zahidov tərəfindən “Aramızda bir igid vardı” adlı kitab yazılmış və Prezident Kitabxanasına yerləşdirilmişdir.
https://www.ebooks.az/ru/book/rH4LDPo
Natiq Qasımovun anası Dursun Qasımova ona Milli Qəhrəman adı veriləndən çox qabaq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 04.11.2019-cu il tarixli 141 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmışdır. Mənzil uçotuna alınmış şəhid ailələri və müharibə əlilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik əsasında mənzillə təmin olunurlar.
Qeyd edək ki, Dursun Qasımovanın səhhəti ilə bağlı məsələ də Cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həmişə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun diqqətində olmuşdur. Biz bu ailəni tanıyan şəxs kimi dəfələrlə buna şahid olmuşuq. Belə ki, şəhər rəhbəri Milli Qəhrəmanımızın anasını dəfələrlə ziyarət etmiş, onun problemləri ilə maraqlanmışdır.
https://moderator.az/…/niyazi-bayramov-milli-qehreman…/
https://mia.az/…/icra-bascisi-milli-qehreman-natiq…
https://www.dosye.org/icra-bascici-milli-qəhrəmanin-ailəsini-ziyarət-etdi/
https://gundemxeber.az/…/87281-gence-seher-rehberliyi…
http://www.cumhuriyyet.net/sonxeber/201993-icra-bascisi-milli-qəhrəmanin-ailəsini-ziyarət-etdi.html
http://etmtv.news/niyazi-bayramov-milli-qəhrəman-natiq-qasimovun-ailəsini-ziyarət-edib-video/
Niyazi Bayramovun tapşırığına uyğun olaraq Dursun xanım bir neçə gün əvvəl həkim-pediatr və həkim-cərrah tərəfindən evində müayinə olunmuş, ilkin olaraq təyin edilən dərman preparatları ilə təmin edilmiş, hal-hazırda isə Dursun xanımın müayinəsi Gəncə şəhərindəki özəl xəstəxanaların birində davam etdirilməkdədir. Bundan əlavə, Milli Qəhrəman Natiq Qasımovun ailəsinə maddi yardım da göstərilmişdir.
Natiq Qasımova tək Gəncə şəhərində deyil, bütün ölkəmizdə böyük məhəbbət mövcuddur və bu məhəbbət onun ailəsinə olan bu günkü münasibətdə öz əksini tapmaqdadır.
Amma, bu ailəni tanıdığımızdan dolayı qeyd edirik ki, şəhər rəhbərliyi tərəfindən görülmüş yaxşı işləri gözdən salmaq, qərəzli yazı yazmaq görəsən, bir İctimai Birliyin sədri tərəfindən nə qədər ədalətli bir hərəkətdir?
Milli Qəhrəmanın ailəsini yaxından tanıyan şəxslər kimi bir daha bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının bu yazısı böhtan xarakterli, sifarişli, qərəzli və araşdırılmadan qələmə alınan bir yazıdır.
Ruhulla ZAHİDOV,
Jurnalist “etmtv.news” portalının baş redaktoru.
Elçin CAVADOV,
Gəncə Dövlət Universitetinin müəllimi, texnika elmləri doktoru.
araz.az xəbər portalı.