Azərbaycan əhalisinin mülkiyyətdən əldə etdiyi gəlirlərin ay ərzində adambaşına düşən məbləği 2024-cü ilin birinci rübündə 1 manat 28 qəpik olub.
araz.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2015-2019-cu illərlə müqayisədə son illərdə əhalinin mülkiyyətdən əldə etdiyi gəlirlər xeyli azalıb.
Mülkiyyətdən gəlirlərin adambaşına düşən məbləği ən yüksək həddə 2018-2019-cu illərdə çatıb. Həmin illərdə mülkiyyətdən adambaşına aylıq gəlir 2,5 manat olmuşdu. Amma sonrakı illərdə bu mənbə üzrə gəlir azaldı və 2021-ci ildə 1,1 manata düşdü.
Qeyd edək ki, əhalinin mülkiyyətdən gəliri dedikdə banka qoyulan əmanətlərdən və borca verilən vəsaitlərdən, hər hansı bir işə yatırılan investisiyalardan, daşınmaz əmlakın (ev, mənzil, bağ evi, qaraj, torpaq sahəsi və s.) və ya digər əmlakın (nəqliyyat vasitələri və s.) icarəyə verilməsindən, istiqrazlardan və ya başqa qiymətli kağızlardan əldə olunan gəlirlər, o cümlədən dividendlər başa düşülür.
Son illərdə daşınmaz əmlakın icarə qiymətlərində artım olsa da əmanət faizlərində azalma əhalinin mülkiyyətdən əldə edilən gəlirlərini azaldıb. Mülkiyyətdən gəlirlərin çox hissəsi şəhər yerlərində qazanılıb. Şəhər yerlərində bu növ gəlirlər adambaşına 1,6 manat olub. Kənd yerlərində isə 0,8 manat təşkil edib.
Ümumilikdə, əhalinin aylıq adambaşına düşən gəlirlərində mülkiyyətdən gəlirlərin payı 0,3 faiz olub.
Mülkiyyətdən ən yüksək gəliri Bakı şəhərində yaşayanlar əldə edir. Burada 2023-cü ildə adambaşına düşən aylıq gəlir 2,6 manat olub. Naxçıvan və Qazax-Tovuz bölgəsində isə bu məbləğ cəmi 0,1 manatdır.
araz.az xəbər portalı.