İranda baş verən son hadisələr 2025-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərinin tarixinin dəyişməsinə səbəb olmuşdur.

Belə ki, İran Prezidenti mərhum İbrahim Rəisinin helikopter qəzası nəticəsində ölməsi ilə, növbədənkənar prezident seçkiləri təyin olunmuşdur. Seçkilərin birinci turu 28 iyun 2024-cü ildə keçirilmiş, heç bir namizəd səs çoxluğu qazana bilmədiyi üçün, keçirilən 5 iyul 2024 tarixli ikinci turda ən çox səs almış etnik azərbaycanlı, islahatçı Məsud Pezeşkian və Səid Cəlili arasında mübarizə davam etmişdir. Seçkilərdə Məsud Pezeşkian qalib gəlmişdir. Məlum olduğu kimi, Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycanda yaşayanların əksəriyyəti islam aləminə mənsub olan xalqların nümayəndələri olduğu üçün, iki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, müştərək tarixə malik olması iki yaxın qonşu dövlətlərarası əlaqələrin inkişafına müsbət təkan verir.

1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başlamışdır. 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev İranla münasibətlərdə yeni mərhələnin başlanğıcını qoymuşdur. Ötən 30 il ərzində iki ölkə arasında səmimi münasibətlər ümumi mənafelər çərçivəsində əlaqələrin daha geniş mehriban qonşuluğuna və qarşılıqlı faydalı əməkdaşlığına təkan olmuşdur. 19 may 2024-cü ildə Azərbaycan – İran dövlət sərhədində ölkə başçıları İlham Əliyev və Seyid İbrahim Rəisinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşü, prezidentlərin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi bir daha Azərbaycanla İran arasında münasibətlərin nə qədər əhəmiyyətli olduğunu sübut etmişdir.

Beynəlxalq Diaspor Mərkəzi olaraq, İranın yeni seçilən prezidenti Məsud Pezeşkianı təbrik edir, fəaliyyətində uğurlar arzu edirik. İnanırıq ki, Azərbaycan və İran münasibətlərinin gələcəyi çox yaxşı olacaq və münasibətlərin yeni mərhələsinə qədəm qoyacaqdır. Bu münasibətlərin müsbət şəkildə inkişaf etdirilməsi, artıq, digər ölkələr üçün də maraqlı olduğu aydın görünməkdədir. Bu səbəbdən, regionda sülhün, sabitliyin və əmin-amanlığın daimi olacağına, xalqların və millətlərin qardaşlığının daha da möhkəmlənəcəyinə tam əminik.

Beynəlxalq Diaspor Mərkəzinin Mətbuat Xidməti

araz.az xəbər portalı.