Azərbaycanda bu gündən etibarən Aİ-95 markalı benzin 40 qəpik ucuzlaşaraq 1,60 AZN olub.
Nəzərə alsaq ki, ölkədə qiymətlərin dəyişimi bəzən yanacağın qiyməti ilə tənzimlənir, bəs görəsən A-95-in ucuzlaşması başqa hansı sahələrə təsir edəcək?
araz.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a iqtisadçı Natiq Cəfərli açıqlama verdi.
Onun sözlərinə görə, Aİ-95 yəni premium markalı benzinin qiymətinin dəyişməyi başqa heç bir sahəyə təsir göstərmir.
“Bu benzin nə yükdaşımalar, nə logistikada nə də kənd təsərrüfatında istifadə olunmur. Azərbaycanda son rəqəmlərə görə, təqribən 14-15 % avtomobil bu benzindən istifadə edir. Bu sadəcə bahalı avtomobil sahiblərinə sərf edəcək. Bunlar da yeni və avropa standartlarına uyğunlaşdırılmış avtomobillərdir. Onların iş qabiliyyəti premium markalı benzin tələb edir.”
N.Cəfərli onu da əlavə etdi ki, ölkədə dizel yanacağının bahalaşması digər sahələrdə qiymət artımına daha çox təsir edəck:
“Kənd təsərrüfatında və logistikada əsasən dizel yanacağı istifadə olunur, onun da qiyməti təzəlikcə 25 % artıb. Bu isə o deməkdir ki, başqa sahələrdə dizel yanacağının qiymətinin artması ilə əlaqəli bahalaşma müşahidə edəcəyik. Bunlar aqrar, logistikada, yükdaşıma eləcə də ərzaq məhsullarıdır.”
Xatırladaq ki, daha öncə Aİ-92 markalı avtomobil benzininin qiyməti 10 qəpik artırılaraq 1,10 manat, dizelin qiyməti isə 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.
araz.az xəbər portalı.