“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təşkilatçılığı ilə Daşkəsən rayonunda qızlardan ibarət məktəb komandaları arasında voleybol turniri keçirilib.
araz.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə təşkil edilən turnirdə 6 məktəb komandası yarışıb.
“Daşkəsən Dəmir Filiz” MMC-nin balansında olan voleybol meydançasında keçirilən turnirin final oyunu və mükafatlandırma mərasimində “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev, “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Ceyhun Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Namiq Süleymanov, eləcə də Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyası, regional qurum və idarələrin rəhbər şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Final oyununda Daşkəsən şəhəri, İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və 3-cü yerləri müvafiq ardıcıllığa uyğun olaraq Daşkəsən şəhəri, Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəb və Gündüz İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbinin voleybol komandaları tutub.
Turnirdə qalib gələn məktəb komandaları, həmçinin “Ən yaxşı oyunçu” nominasiyası üzrə qalib şagird, turniri idarə edən hakimlər mükafatlandırılıblar. Qaliblərə kubok, medal və diplom təqdim edilib.
Qeyd edək ki, “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində ənənəvi olaraq təşkil edilən bu tip tədbirlər bölgədə idmanın inkişafı, yeniyetmə və gənclərin fiziki tərbiyəsi, asudə vaxtlarının səmərəliyinin artırılması məqsədi daşıyır.
araz.az xəbər portalı.