WhatsApp Image 2019-01-20 at 21.28.14.jpeg

Tanınmış ictimai-siyasi xadim, şair-publisist Mirkazım Seyidovun, professor Elçin İsgəndərzadənin redaktorluğu ilə, Bakıdakı «Vektor» Beynəlxalq Nəşrlər evində azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatlı 312 səhifəlik “Azərbaycan” poeması çapdan çıxıb.

Kitab Bütöv Azərbaycanımızın dünəni, bu günü və sabahı haqqında monumental poetik düşüncələrdən ibarət bir əsərdir. Ustad Şəhriyarın «Heydərbabaya salam» və istiqlal şairimiz Bəxtiyar Vahabzadənin «Gülüstan» poemaları ruhuna köklənmiş bu əsər də, çağdaş günümüzdə itirilmiş yurdlarımızın qaytarılması uğrunda əvəzolunmaz bir cəsarətlə hər birimizi böyük vətəndaşlıq mübarizəsinə səsləyir. Cümhuriyyətimizin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan” poemasına ön söz yazan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Musa Quluzadə bu fundamental əsəri “VƏTƏN HAQQINDA SALNAMƏ” kimi qələmə verib. Ön sözünü oxumaq kifayətdir ki, kitabın Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyinə ən böyük töhfə olduğuna şübhə qalmasın. Odur ki, kitabın ön sözünü oxucularımızın diqqətinə çatdırırıq: “Böyük Səməd Vurğun deyirdi ki, şair olmaq özü də bir dərddir. Belə sözü yalnız məramı, istəyi Vətən olan, bütün varlığı, yaradıcılığı və istedadı ilə doğma yurda, doğma elə bağlı şəxs deyə bilər. Öz vətəninin, xalqının tarixini, keçmişini, bu gününü yaxşı bilən, yaxşı duyan şair deyə bilər. Böyük tarixə, qəhrəmanlıq keçmişinə malik Azərbaycan xalqı haqqında söz deyəndə gərək ulu tariximizi, zəngin mədəniyyətimizi, dünyanın çox az xalqına mənsub ola bilən ədəbiyyatımızı bilmək gərəkdir. Bu ali irsi duymadan, bu ümmandan bəhrələnmədən Vətən haqqında söz demək mümkün deyildir. Deyilsə də, söz söz olmaz, fikirlər, duyğular ünvandan ayrı düşər…

Mirkazim SeyidovHardan başlanır Vətən?! Beşikdən, ana laylasından, ilk dəfə köksümüzə aldığımız havadan başlanır Vətən. Beşikdən başlanan Vətən sonralar böyüyür, genişlənir, sərhədləri, üfüqləri, asimanları olan doğma xalqının, dilinin  sığdığı əraziyə çevrilir Vətən…

Adam var, onun Vətəni həyətinin doqqazına kimi olur. Belələri üçün xalq da elə ailə üzvləri olur. Təbii ki, belələrinə Vətən övladı demək olmaz, deyilirsə günahdır, böyük qəbahətdir.Elə olur ki, bir nəfərə görə onun xalqına, yurduna qiymət verirlər. Xalqını, vətənini yaxşı tanıdanlar sağ olsun. Belə adamlar əsl vətəndaşdırlar. Hər bir kəs nə olursa olsun, hansı mənsəbə sahib olursa olsun, nə kimi ucalığa ucalırsa ucalsın, dəxli yoxdur, o şəxs vətəndaş olmalıdır. Belə olmazsa heç kəs xalqının qəlbində qala bilməz. Əsl vətəndaş odur ki, o, təkcə öz vətənində deyil, onun üdudlarından kənarlarda da öz vətəninin vətəndaşı olduğunu bariz şəkildə göstərsin. Belə şəxslər xalqa və vətənə həmişə başucalığı gətirir. Bu insanlar təkcə öz ailəsinin, öz kəndinin, öz şəhərinin adamı yox, bütün xalqın, bütün Vətənin övladına çevrilir.Belə şəxslər həmişə sevilir, heç vaxt unudulmur, nəsillərə nümunə olur, xalq, Vətən tarixində özünə yer 

qazanır. Mübaliğəsiz deyə bilərik ki, «Azərbaycan» poemasını çoxminli oxucularının ixtiyarına vermiş istedadlı şair, publisist, alim Mirkazım müəllim də belələrindəndir. Naxçıvanın Sədərək kəndindən başlanan onun həyat yolu Rusiyanın Novosibirsk şəhərində bərqərar olmuşdur. Mirkazım burada təkcə yaşamır, o burada, böyük Rusiyanın Sibir əyalətində Azərbaycan guşəsi yaratmışdır. Vətənin şair oğlu Rusiyada yaşasa da, doğma xalqı və vətəniylə nəfəs alır. Şair Mirkazımın yaradıcılığında Heydər Əliyev və Azərbaycan qoşa qanaddır. «Azərbaycan» poemasında da şair bütün ilhamıyla bu qoşa qanadı vəsf edir.

Mirkazım demək olar ki, nəşr olunmuş bütün kitablarını mənə veribdir. Mən də bu özünəməxsus şairimizin əsərlərini həvəslə oxumuşam. Oxumuşam və düşünmüşəm ki, nə yaxşı, vətəndən uzaqlarda belə yaradıcı, qəlbi, ruhu doğma xalqı və vətəni ilə döyünən ziyalımız var. Mirkazım ildə bir dəfə yeni yazdığı kitabının işığına toplayır dost və tanışları, alimləri, ziyalıları. Onun əsərlərinin hər təqdimatı əsl poeziya, musiqi, mənəviyyat bayramına çevrilir. Mənə belə gəlir ki, onun «Azərbaycan» poeması daha uğurlu olacaqdır. Bəri başdan deyək ki, bu poema bitkin bir əsərdir. Müəllifin bu əsəri özünün əhatə dairəsi, səmimiliyi ilə seçilir. O, Azərbaycan deyəndə təkcə bu günkü respublikamızın ərazisini nəzərdə tutmur. Şairin Azərbaycanı Böyük Şah İsmayıl Xətainin Vətən övladına miras qoyub getdiyi Azərbaycandır. Bu əsəri sanki, şair qəlbinin alovu, ürəyinin qanı ilə yazıbdır. Bu tarixdir. Bu tarixdə Vətən eşqi ürəyininbaşında olan müəllifin dövrlə əlaqədar sevinc və kədəri duyulur. Poemada Azərbaycanın bütün bölgələri xüsusi 

məhəbbətlə vəsf olunur. Poemada poetik ifadələr, qanadlı misralarda çox az şairə məxsus bir həzinlik duyulur. Şair poemasında sanki bütöv Azərbaycanın mənzərəsini verməyə çalışır və əsasən müvəffəq də olur. Əsərdə Təbriz də, Naxçıvan da, Dərbənd də, Bakı da eyni məhəbbətlə təsvir olunur. Vətənimizin dağlarını, çaylarını, düzlərini əsl sənətkar duyumu ilə, poetik dillə vermək istəyir:

Çölü də gözüm tək əzizdi mənə,

Öpüb gözlərimin üstə saxlaram.

Elə vurulmuşam Vətən, hüsnünə,

Adına yüz adda dastan bağlaram…

Yalnız öz vətənini həqiqi övlad məhəbbəti ilə sevən şair belə yaza bilər. Poemada şair, tariximizi vərəqləyir. Yurdumuzda gözü olan cahangirlər, torpağı qoruyan igid oğullar, qəhrəmanlar sıralanır. Dədə Qorqud, Qazan Xan, Burla Xatun, Cavanşir, Babək, Koroğlu, Şah İsmayıl, Qaçaq Nəbi və s. elə canlı, elə qüdrətli göstərilir ki, oxucu öz heyranlığını gizlədə bilmir.

Mirkazımın əsərində qılıncla qələm bir-birindən ayrılmazdır. Şairə görə vətəni qorumaq üçün qılıncın və qələmin bir olması çox vacibdir. Əgər bunlardan biri yoxdursa, yəni güc və kamal yoxsa vətəni heç vəchlə qoruya bilməyəcəksən.Əsərdə xalqımızın dahi oğulları Nizami, Füzuli, Mirzə Cəlil, Sabir, Vurğun, Üzeyir bəy əlçatmaz məhəbbətlə verilir. Tarixin keşmə-keşli, enişli-yoxuşlu səhifələrini yaşamış xalqımız həmişə azadlıq üçün mübarizə aparmışdır. Azadlıqmübarizələri həmişə xalq içərisindən çıxmış, azadlıq yolunda öz həyatlarından eçməkdən belə qorxmamışlar. Azərbaycan xalqı tarixin bütün dövrlərində nə dünya sivilizasiyasından, nə dünya mədəniyyətindən geri qalmış, həm də azadlığa qovuşmaq üçün daima mübarizə aparmışdır. Bütün bunlar poemada çox məntiqi ardıcıllıqla verilir.

Poemanın kulminasiyasında Azərbaycanın müstəqilliyi dayanır. Müstəqilliyə qovuşmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir.

Yeni Müstəqil Azərbaycan Respublikasının dahi banisi Heydər Əliyev necə də mənalı misralarla, ulu məhəbbət misraları ilə göstərilmişdir:

Xalqım, sən öndəsən, öndər də öndə,

O hər vaxt gedəcək, sənin önündə…

Poemanın dili saf Azərbaycan dilidir. Bu dil həm də olduqca bədii və mənalı dildir. «Azərbaycan» poeması Şərqdə ilk respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə layiqli hədiyyədir. Əsər Mirkazım yaradıcılığının daha da püxtələşdiyini göstərir. Bu əsərin uğuruna inanır və geniş ürəkli, vətəndaş qəlbli şairə – Mirkazıma böyük yaradıcılıq nailiyyətləri arzulayırıq”.

araz.az

araz.az xəbər portalı.